Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov Rusiyaya buraxılmayıb, o, Azərbaycana geri qaytarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Badamovun Ruisyadan deportasiyasını "qeyri-dost addım" adlandırıb və Moskvadan izahat istəyib.
Rusiyanın adının açıqlanmasını istəməyən rəsmisi TASS agentliyinə bildirib ki, Azər Badamovun Rusiyaya buraxılmaması onun "anti-Rusiya və rusayafob çıxışlarına" görədir.
"Nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb", – XİN-in mayın 4-də yaydığı açıqlamada bildirib.
Politoloq Tural İsmayılov Sonxeber.az -a açıqlamasında millət vəkilimizin səfərinə bu cür reaksiyanın verilməsini "qeyri-dost addımı" adlandırıb:
"Rusiya tərəfinin millət vəkili Azər Badamovu Moskva aeroportundan Həştərxana buraxmaması və deport etməsi, əlbəttə ki, Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə uyğun deyil.
Son dövrlərdə iki ölkə arasındakı münasibətlərdə ticari, iqtisadi mənada müəyyən müzakirələrin aparıldığı, Rusiya Patriarxının Bakıya səfər etdiyi bir ərəfədə Azərbaycanın tanınmış millət vəkilinin, ziyalısının Moskva aeroportunda deport edilmə qərarının verilməsi həm Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, həm də eyni zamanda Rusiyanın özünün test-tez açıqladığı Azərbaycanla dostluq münasibətlərinə uyğun gəlmir.
Ümumiyyətlə, hansısa bir şəxsin ölkəyə girişi istənilmirsə, bununla bağlı daha əvvəldən mütləq şəkildə məlumat verilir. Amma Rusiyanın indiyə qədər belə bir məlumat verməməsi və səfər ərəfəsində Azər Badamovun Moskva aeroportunda bu vəziyyəti, situasiyanı öyrənməsi yanlış bir addımdır.
Azərbaycan-Rusiya münasibətlərinin tendensiyalarına baxmayaraq, bu gün Rusiyada Konstantin Zatulin, Nikolay Valuyev kimiləri, Margarita Simonyanlar, Tigran Keosayanlar Azərbaycan əleyhinə verdikləri açıqlamalarla çox ciddi şəkildə suallar yaradır.
Rusiya ərazisindən özlərinə deputat, jurnalist, iştimai xadim və s. adlar verib, Azərbaycan əleyhinə açıqlama verən adamların fonunda bir də bir millət vəkilimizin səfərinə bu cür reaksiyanın verilməsi qeyri-dost addımıdır və gözlənti də ondan ibarətdir ki, ən qısa zamanda Rusiya bu addımla bağlı Azərbaycana normal şəkildə izahat versin"
Çiçək Sadatova