EN

UNEC-də Elmi Şuranın iclası keçirilib

Elmi Şurada UNEC-in elmi nailiyyətləri və rəqəmsallaşmaya keçidlə bağlı hesabat açıqlanıb

Elm və innovasiya məsələləri üzrə prorektor prof.Rövnəq Rzayev 2024-cü ildə UNEC-də yerinə yetirilmiş elmi tədqiqat işləri və elmi fəaliyyət haqqında təqdimatla çıxış edib. Bildirib ki, hesabat dövründə UNEC müəllimlərinin “Web of Science”də 663 elmi əsəri dərc edilib, məqalələrə istinad sayı isə 3349 olub.

Ölkə üzrə Web of Science-da dərc olunmuş məqalələrin 18,3 %-i, Scopusda dərc olunan məqalələrin isə 18,2 %-i məhz UNEC-in payına düşür. 2024-cü ildə xarici ölkələrin alimləri ilə həmmüəlliflik göstəricilərinin 2020-ci illə müqayisədə 13 dəfə artdığı bildirilib. Qeyd olunub ki, 2024-cü ildən akademik heyətin elmi fəaliyyəti rəqəmsallaşdırılaraq, AVESİS sisteminin tətbiqinə başlanılıb.

İclasda "UNEC Journal of Engineering and Applied Sciences" elmi jurnalının Scopus bazasında indekslənməsinin də mühüm elmi nailiyyətlərdən olduğu qeyd edilib.

Hesabatda Kitabxana İnformasiya Mərkəzinin uğurlu fəaliyyət göstərdiyi, 2024-cü ildə EBSCO, Emerald, Scopus, ScienceDirect, Web of Science Core Collection kimi nüfuzlu elmi bazalara abunə olunduğu vurğulanıb. Eyni zamanda UNEC-in ölkədə RSCVD platformasından istifadə edən ilk iki universitetdən biri olduğu, bununla da UNEC-in 5 milyona yaxın elektron resursa çıxış imkanı əldə etdiyi diqqətə çatdırılıb.

Sonra tədris üzrə prorektor dos. Gəray Musayevin təqdimatında UNEC-də elektron-yazılı imtahan formasında təşkil ediləcək fənlər, UNEC Biznes Məktəbinin MBA Proqramı üzrə 2024/2025-ci tədris ili üçün hazırlanmış tədris planları, həmçinin Elmi-Metodiki Şuranın Əsasnaməsi səsləndirilərək, şura üzvləri tərəfindən təsdiqlənib.

Elmi Şurada “Karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaət edən texnologiyalar Elmi-Tədqiqat Mərkəzi”nin, “Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat Mərkəzi”nin, “Elmin Populyarlaşdırılması Mərkəzi”nin və “İqtisadi Klinika Tədqiqat Mərkəzi”nin əsasnamələri də səsverməyə çıxarılıb.

Xarici dil fənlərində "ÖsD", "TORFL" "TCF", və "Delf" və ya "Dalf" sertifikatlarınn tanınması qaydaları da Şurada təsdiqlənib.

Elmi Şuranın sonunda bir qrup müəllimə dosent və professor elmi adının verilməsi ilə bağlı səsvermə keçirilib.

Chosen
0
10
sia.az

10Sources