EN

Televiziyalardan işarət dili tələbi: kurslar yoxdur, mütəxəssis azdır - ARAŞDIRMA

BAKI, 6 may. TELEQRAF

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilən yeni - 12.1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycanın dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

İşarət dili hansı kanallarda, hansı proqramları əhatə edəcək? TV kanalları hansı mütəxəssislərlə işləyəcək? Ölkədə surdotərcümə ilə məşğul olan mütəxəssislər varmı? İşarət dilini bilən hər kəs surdotərcümə ilə məşğul ola bilərmi?

Bu mövzuda araşdırmamızı təqdim edirik:

İşarət dili nədir?

Azərbaycan işarət dili eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

İşarət dili dörd kanalda tətbiq ediləcək

Mövzu ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan bildirilib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna edilən dəyişikliyə görə informasiya xarakterli proqramların Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunması yalnız dövlət büdcəsi hesabına maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları üçün nəzərdə tutulub.

"Bu kateqoriyaya “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin üç redaksiyası: “AZTV”, “İdman TV” və “Mədəniyyət TV", həmçinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” redaksiyası aiddir.

Bu əlavə praym-taym zamanı (həftəiçi saat 19:00-23:00, həftəsonu və qeyri-iş günləri saat 17:00-23:00 aralığında) təqdim edilən informasiya proqramlarını - xəbər buraxılışlarını əhatə edir və digər janrda olan proqramlara şamil edilmir.

Qeyd olunan yayımçıların prosesə başlaması üçün təbii ki, müvafiq vaxt aralığı tələb olunur. Bu istiqamətdə Şura yaxın vaxtlarda yayımçılarla görüşlərin təşkili, onların hazırlıq vəziyyətlərinin öyrənilməsini planlaşdırır. Həmin görüşlərdən sonra konkret başlama vaxtını müəyyən etmək mümkün olacaq. Düşünürük ki, surdotərcümənin qısa zamanda tətbiq edilməsi mümkündür. Onu da vurğulayaq ki, öhdəliyi olan yayımçıların mütəmadi monitorinqləri də Şura tərəfindən aparılacaq. Sanksiya və cəza tədbirləri ilə bağlı konkret qanunvericiliyin tələbləri müəyyən edilməsə də, Şura nəzarət mexanizmini müntəzəm icra edəcək.

Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsil və ixtisasa malik şəxslər həyata keçirirlər. Surdotərcüməçilərin kriteryalarının müəyyən edilməsi, işə qəbul edilməsi məsələsində Şuranın hər hansısa bir rolu yoxdur. Bununla bağlı proses şəxs və televiziya kanalı arasında işçi - işə götürən münasibətləri çərçivəsində həll ediləcək və bütün öhdəlik yayımçılara məxsus olacaq.

Özəl yayımçıların qanundakı son dəyişikliklərlə bağlı konkret öhdəliyi yoxdur. Amma onların bu prosesə cəlb olunması arzuolunandır. Şura həmin yayımçıların təşviq edilməsi, məlumatlandırılması istiqamətində maarifləndirici tədbirlər də nəzərdə tutur”.

Bəs ölkədə surdotərcümə ilə məşğul olan mütəxəssislər varmı?

Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövzu ilə bağlı bildirib ki, Dövlət Pedaqoji Universitetində (ADPU) surdotərcümə ilə bağlı kurs var.

“Bu kursun sertifikatı ilə müvafiq sahədə işləyə bilərlər. Bu mütəxəssislər həm də Elm və Təhsil Nazirliyinin nəzdində olan eşitmə qabiliyyətini itirmiş uşaqlar üçün dərs deyirlər. Düzdür, kadrların sayı azdır, amma televiziyalar üçün yetərli olacağını düşünürəm. Çünki hazırda qanun məcburi şəkildə üç televiziya üçün nəzərdə tutulub. Özəl mənbələrdən maliyyələşən televiziyalar üçün isə bu tövsiyə xarakterlidir. Yəqin ki, ölkədə ixtisas və kadrlarla bağlı yavaş-yavaş kurslar da formalaşacaq”.

Azərbaycan Pedaqoji Universitetində surdotərcüməçi hazırlayan kurslar yoxdur

ADPU-dan mövzu ilə bağlı sualımıza cavab olaraq bildirilib ki, hazırda universitetdə mövcud olan xüsusi pedaqogika ixtisası əsasən orta ümumtəhsil məktəblərindəki inklüziv siniflərdə və xüsusi məktəblərdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə işləyən mütəxəssislər hazırlayır.

“Burada xüsusi pedaqogikanın dörd sahəsinin hər biri haqqında, eləcə də işarət dili haqqında müəyyən biliklər öyrədilir.

Lakin əsas problem ondan ibarətdir ki, hazırda ölkəmizdə rəsmən təsdiqlənmiş vahid işarət dili mövcud deyil. Əgər belə bir müraciət olarsa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xüsusi təhsil kafedrasının mütəxəssisləri tərəfindən vahid işarə dilinin formalaşdırılması ilə bağlı təkliflər hazırlanaraq nazirliyə təqdim oluna bilər. Bundan sonrakı mərhələdə isə ADPU sırf bu istiqamətdə kadr hazırlığını asanlıqla apara bilər”.

İşarət dilini bilən hər kəs surdotərcümə ilə məşğul ola bilməz

Mövzu ilə bağlı suallarımıza cavab verən surdotərcüməçi Yeganə Tağıyeva ölkəmizdə bu sahədə mütəxəssis hazırlayan məktəblərin, hazırlıq kurslarının yoxluğundan gileylənib.

“Valideynlərim eşitmə məhdudiyyətlidir və mən işarət dilini valideynlərimdən öyrənmişəm. Öz üzərimdə işləməklə surdotərcüməni də öyrənmişəm. Eşitmə məhdudiyyətli uşaqlara dərs deyən işarət dili müəllimləri surdotərcümə ilə məşğul ola bilmirlər. İşarət dilini bilən hər kəs surdotərcümə ilə məşğul ola bilməz.

Surdotərcümə üçün sürət və tez qavrama vacibdir. İşarət dilində çoxlu sinonimlər istifadə edilir. Elə sözlər var ki, onların tərcüməsi yoxdur və izah etmək üçün oxşar sözlərdən yararlanırıq. Eşitmə məhdudiyyətli insanlar və onların övladlarının sayı ölkədə çoxdur. Amma işarət dilini bilən hər kəs surdotərcüməçi ola bilməz.

Mən AzTV-nin xəbərlər proqramında surdotərcüməni izləyirdim, sonra saatlarla güzgünün qarşısında məşq edirdim. İşarət dilini mükəmməl bildiyim üçün surdotərcümə ilə məşğul olmağa həvəsliydim. Məncə, surdotərcüməçi olmaq istəyən hər kəs mütləq güzgünün qarşısında işləməlidir.

İlk dəfə 2017-ci ildə “Lider TV”-də xəbərlərdə surdotərcüməçi kimi işləmişəm. 2020-ci ildən isə “Real TV”də işləyirəm.

Dövlət layihələrində, tədbirlərdə, uşaq- əyləncə tədbirlərində, “SurdoTV.az” internet kanalında surdotərcüməçi kimi fəaliyyət göstərirəm. Arzu edirəm ki, TV-lərə qoyulan bu tələb sadəcə xəbər proqramlarını əhatə etməsin, əyləncəli verilişlərə də tətbiq edilsin. Surdotərcümə çox çətin, əziyyətli işdir. Bu işlə məşğul olmaq üçün insanın özünün həvəsi olmalıdır”.

Bu halda TV-lər hansı mütəxəssislərlə işləyəcək?

Azərbaycan Dövlət Televiziyasından bildirilib ki, işarət dilinin tətbiqi istiqamətində ciddi addımlar atılır.

"Ən qısa zamanda hər üç kanal (“AZTV”, “İdman TV” və “Mədəniyyət TV") üzrə və təbii ki, mərhələli şəkildə işarət dilinə tərcümə məsələsi öz həllini tapacaq. Bundan əlavə AzTV -nin saytından fiziki məhdudiyyətli şəxslərin də istifadə edə bilməsi üçün tətbiq hazırlanır və qısa zamanda vətəndaşların ixtiyarına veriləcək.

Bu sahədə kadrların azlığı problemi mövcuddur. Amma surdotərcümə ilə məşğul olan mütəxəssislər və işarət dilini bilən şəxslər AzTV-yə dəvət edilir və onlar üçün təlimlər təşkil edilir. Tezliklə “Mədəniyyət” və “İdman TV”-də, ardınca isə AzTV-də bu sahədə mütəxəssislər aktiv fəaliyyətə başlayacaqlar”.

Chosen
0
teleqraf.com

1Sources