İsrailin Suriyadakı son əməliyyatları dünyanın diqqət mərkəzindədir.
İsrailin Suriyaya hücumu kimə qarşı yönəlib? Hədəf Türkiyədir, yoxsa Suriya? Ümumiyyətlə, İsrailin bu məsələdə məqsədi nədir?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını politoloq Əlimusa İbrahimov cavablandırıb.
Politoloq bildirib ki, İsrail Suriyada dayaq nöqtəsi, sonrakı əməliyyatları üçün məkan qazanmaq üçün addımlar atıb.
“İsrailin Suriyadakı son manevrləri, əməliyyatları, yaxud da ki, hərbi əməliyyatları bu gün Yaxın Şərq prosesində diqqət mərkəzindədir. Yaxın Şərq dövlətlərini, o cümlədən, Suriya ilə birbaşa əlaqəsi olan dövlətləri bir sual maraqlandırır ki, İsrailin Suriyaya hücumu kimə qarşı yönəlib.
Heç şübhəsiz İsrailin əsas məqsədi öz mənafeyini qorumaqdır. Yəni əgər bu günlərdə İsrail Yaxın Şərqdə hər hansı bir addım atırsa, bu, ilk növbədə öz maraqlarından doğan addımlardır, yəni bu addımları ilk növbədə öz maraqlarını təmin etmək üçün atır və sonra isə məsələlər başqa istiqamətə gedə bilər.
Əgər bu addımlar diğər dövlətin əleyhinə yönəlmişsə belə, İsrail bunu heç də ciddi şəkildə diqqətə almır.
Söhbət məhz Suriyadan gedirsə, İsrail Suriyada hərbi əməliyyatlar keçirdi və bunu öz maraqları baxımından etdi. Maraq da nə idi? Təbii ki, Suriyada dayaq nöqtəsi, dayaq məntəqəsi, sonrakı əməliyyatları üçün məkan qazanmaq fikrindədir.
Yəni ilk növbədə o, druzların müdafiəsindən istifadə edərək, Suriyada daimi qalmaq üçün bir baza, qala, yaxud da ki, dayaq məntəqəsi yaradır. Və onun bu hərəkətləri Türkiyənin əleyhinə yönəlib, Suriyanın əleyhinə yönəlib, yaxud da ki, İranın əleyhinə yönəlib, Rusiyanın və ya Amerikanın əleyhinə yönəlib, bu məsələ onu çox da ciddi şəkildə narahat etmir.
İsraili narahat edən, heç şübhəsiz, öz maraqlarının təmin olunmasıdır və Suriyadakı əməliyyatları da, mən hesab edirəm ki, bu kontekstdən qiymətləndirmək lazımdır”, – Ə.İbrahimov vurğulayıb.
Daha sonra o qeyd edib ki, İsrailin Suriyadakı hərbi əməliyyatları birbaşa Türkiyənin əleyhinədir, Suriyanın parçalanmasına hesablanıb.
“Heç şübhəsiz, İsrailin atdığı addımlar Türkiyənin əleyhinədir, Türkiyənin maraqlarına toxunur. Amma, qeyd etdiyim kimi, onu heç də diqqətə almır. Təbii ki, İsrail öz maraqlarını təmin edərkən, digər ölkələrin, region ölkələrinin maraqlarını da nəzərdən keçirməlidir.
Yəni ən azından maraqların balanslaşdırılmasını yaratmalıdır ki, sonradan regionun digər ölkələri ilə ciddi problemlər yaranmasın. Amma İsrail digər region ölkələri ilə problem yaranmasına ciddi fikir vermir və hesab edir ki, İsrail regionda yerləşən dövlətlərlə istədiyi münasibətlərə girə bilər.
Çünki onun arxasında ABŞ dayanıb və Amerika digər region ölkələrinin hücumundan onu müdafiə edəcək.
İsrailin Suriyadakı əməliyyatları birmənalı şəkildə Türkiyəyə qarşı yönəlib.
Bildiyimiz kimi, Türkiyənin Suriyada ciddi maraqları var, ciddi əməliyyat həyata keçirir, Suriyanın bitövlüyünə ciddi dəstək verir.
İsrailin maraqları isə Suriyanın bitövlüyü deyil, onun parçalanıb hiussələrə bölünməsidir”, – politoloq fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az