EN

PUA-ların əhəmiyyəti nədir? - AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə PUA texnologiyasında ən inkişaf etmiş üç ölkədən biridir. 

 

Maraqlıdır, müasir ordularda PUA-ların əhəmiyyəti nədir, ordular niyə PUA-ların inkişafına bu qədər önəm verir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, müharibələrdə, antiterror əməliyyatlarında ən müasir silahlardan, o cümlədən ağıllı raketlərlə təchiz edilmiş dronlardan istifadə hücumu təkmilləşdirmək və müdafiəni yaxşı qurmaq üçün effektiv vasitədir. 

 

 

Politoloq qeyd edib ki, dronlar təkcə hərbi müdafiə və ya hücuma yox, eyni zamanda hücum diplomatiyası və müdafiə siyasətinin arasında yerləşmiş etibarlı çəkindirmə mexanizmidir. 

 

Onun sözlərinə görə, hərbi nöqteyi-nəzərdən Türkiyənin silahlı və silahsız pilotsuz uçuş aparatları istehkamların aradan qaldırılmasında, təmas xəttinin arxasındakı möhkəmlənmələrin hücumuna hazırlıqda mühüm rol oynayır:

 

“2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində bu manevrlərdən istifadə etdiyi daha aydın göründü. Lakin dronlar təkcə müharibələrin deyil, qlobal geosiyasətin texnologiyasını dəyişdirir. Türkiyədə dron sənayesinin inkişafı onun çəkindirmə doktrinası kimi yadda qalır. Bu, regionu qeyri-adi bir formada dəyişiklik tempinə məruz qoyur. Türkiyənin müasir geosiyasi yüksəlişi türk strateji mədəniyyətinin müasir hissəsinə çevrilmiş dron sənayesinin inkişafı ilə əlaqəlidir. Türkiyənin yüksələn müdafiə sənayesi müharibə üsulunda eksklüzivliklər təqdim edir. Türkiyənin hərbi imkanlarında yer alan dron arsenalı döyüş qabiliyyətlərinə görə qlobal güc mərkəzlərinin müvafiq texnologiyası ilə müqayisə oluna bilər. Türkiyə dövləti xarici siyasətində güclü çəkindirici alət kimi dron sənayesinə istinad edir. Türkiyənin dron arsenalına arxayınlığı onun oyundəyişdiricilik qabiliyyyətini də vurğulayır. Çünki türk pilotsuz təyyarələri, dronlar sürətlə bir çox dövlətlərin və hətta qeyri-dövlət subyektlərinin döyüş tərzlərinə əhəmiyyətli dəyişiklik edir”.
 

A.Kərimov vurğulayıb ki, dronların beynəlxalq siyasətdə oynadığı rolu anlamaq üçün Türkiyənin strateji düşüncəsinə nəzər salmaq lazımdır. Türkiyə ətrafında geosiyasi oyunlar oynayan xarici güclərin strategiyası Türkiyənin müdafiə doktrinasının güclü silahlı komponenti ilə üzləşəcək.

 

Firuzə Əliyeva
Sfera.az

Chosen
0
sfera.az

1Sources