EN

SON DƏQİQƏ! Britaniya savaş hazırlıqlarına BAŞLADI – Nüvə müharibəsi XƏBƏRDARLIĞI

Britaniya gizli şəkildə Rusiyadan birbaşa hərbi hücuma hazırlaşır. “The Telegraph” nəşrinin yazdığına görə, səlahiyyətlilərə 20 illik fövqəladə vəziyyət planlarını yeniləmək əmri verilib.

Hücum hazırlığının gizli detalları

Gizli sənəd hökumətin müharibə elanına necə reaksiya verəcəyini, o cümlədən Nazirlər Kabinetini və kral ailəsini qorumaq üçün bunkerləri, ictimai yayımı və ehtiyatların toplanmasını təsvir edəcək.

Mənbə qeyd edir ki, Kreml rəsmiləri Ukraynanı dəstəklədiyinə görə dəfələrlə Britaniyanı birbaşa hücumla hədələyib. Bu da tezliklə Britaniya hərbçilərinin Ukraynada yerləşdirilməsinə gətirib çıxara bilər.

"Nazirlər qorxurlar ki, Britaniya təkcə Rusiya və onun müttəfiqləri tərəfindən döyüş meydanında məğlub edilməyəcək, həm də hazırlıqsız olacaq və öz torpağını qoruya bilməyəcək", - jurnalistlər bildirib.

Nazirlər Kabineti artıq düşmən dövlətin eyni vaxtda raketlər buraxması və milli infrastruktura kiberhücumlar həyata keçirməsi ssenarisini modelləşdirib.

Müdafiə rəsmiləri həmçinin Britaniyanı ölkəni raket hücumlarından qorumaq üçün İsrailin “Dəmir Qübbəsi”nin öz versiyasını hazırlamağa çağırıblar.

Rusiya da boş dayanmır...

Müharibələrin Araşdırılması İnstitutu da Rusiyanın böyük hücuma hazırlaşdığını yazıb. Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqu isə NATO-nun Rusiya ilə toqquşma hazırlığında olduğunu bəyan edib. Bütün bunlar isə böyük savaşa hazırlığın əlamətləri sayıla bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu belə bir təhlükənin mövcudluğunu istisna etməyib:

“Həqiqətən də təhlükə mövcuddur. 2014-cü ildən başlayaraq Rusiya ilə Qərb arasında geosiyasi və sonradan hərbi xarakter alan mübarizə getməkdədir. Ukrayna ərazisi və əhalisi isə bu zaman Qərb tərəfindən resurs kimi istifadə olunur. Son zamanlar hətta nüvə silahının tətbiqi ehtimalları barədə də danışırlar. Ola bilsin gələcəkdə taktiki nüvə silahları da tətbiq olunsun. Hesablamalara görə Üçüncü Dünya Müharibəsi baş verərsə və nüvə silahı tətbiq edilərsə, bu bəşəriyyətin sonu olacaq”.

Ekspert hesab edir ki, baş verənlər növbəti dəfə Qərbin geosiyasi fiaskosu oldu:

“ABŞ-ın rəhbərliyi altında kollektiv Qərb Rusiyaya qarşı geosiyasi və hərbi mübarizəyə start verdi. Amma onların gözləntilərinin əksinə olaraq sanksiyalar Rusiyaya ciddi zərbə vursa da, bütövlükdə iqtisadi sistemi dağıda bilmədi. Ukraynanın böyük hərbi büdcə ilə Rusiyaya qarşı apardığı mübarizə də nəticə vermədi. Deməli, proses Qərbin gözləntisinə uyğun getmədi. Nəinki təkcə Böyük Britaniya, Almaniya, Polşa, Baltik ölkələri, Fransa da Rusiyaya qarşı cəbhələşməni təklif edib”.

Həmsöhbətimizin fikrincə, sözügedən vəziyyət sadəcə olaraq, geosiyasi mübarizə fonu yaratmağa hesablanmayıb:

“Amma düşünürəm ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Qərb Rusiyaya qarşı birbaşa hərbi hərəkətlənməyə getməyəcək. Dolayısı ilə iştirakı bir nəticə vermədi. ABŞ isə artıq mineral ehtiyatlar məsələsində Kiyevlə razılaşıb. Bu da ondan xəbər verir ki, ABŞ Ukrayna cəbhəsində nisbi sabitliyin perspektivinə inanır. Belədə, Amerika ilə Rusiya arasındakı müzakirələrin müəyyən nəticələrinin olduğunu da ehtimal etmək olar”.

Siyasi blef, yoxsa real təhdid?

E. Mirbəşiroğlu düşünür ki, ABŞ Avropa ilə koalisiyada Rusiyaya qarşı mübarizə aparmaq niyyətində deyil:

“Moskva ilə ciddi konfrantasiyaya getmək Trampın hədəfləri sırasına daxil deyil. Britaniya baş naziri Starmer dəfələrlə qeyd edib ki, ABŞ olmadan Ukraynaya real təhlükəsizlik təminatı vermək mümkün olmayacaq. Deməli, bu halda Avropanın təhlükəsizliyinin etibarlı təmin olunması imkanları da məhdud olacaq”.

Ekspert qeyd edir ki, ola bilsin belə məqamları ortaya atmaqla London və onun NATO üzrə müttəfiqləri sadəcə olaraq, siyasi blef, görüntü yaratmağa da çalışırlar:

“Rusiya ilə genişmiqyaslı müharibəyə girməyin təhlükəli olduğunu Qərb özü də yaxşı anlayır. Moskva da bilir ki, qlobal savaş olacaqsa, onun qlobal təhlükəsizliyə sarsıdıcı zərərləri olacaq. Bu baxımdan hesab edirəm ki, tərəflər Ukraynadakı hərbi-geosiyasi qarşıdurma ilə yekunlaşmaq məcburiyyətində qalacaqlar. Çünki mövcud durum ehtiyatla davranmağı tələb edir”.

Rüfət Sultan, Bizim.Media

Chosen
0
bizim.media

1Sources