Bakı, 6 may, AZƏRTAC
Çexiya ukraynalı pilotların təlimini, həmçinin Kiyevə sursat və ağır texnika tədarükünü davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, Çexiyanın Baş naziri Petr Fiala bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra deyib.
“Biz koalisiyadakı tərəfdaşlarımızla birlikdə ukraynalı pilotların Çexiyada L-39 və F-16 təyyarələrində təlim keçməsinə diqqət yetirmək barədə razılığa gəldik. Onlar artıq Çexiya istehsalı olan simulyatorlarda təlimlərə başlayıb”, - deyə Baş nazir bildirib. O, həmçinin ilin əvvəlindən bəri Ukraynaya 500 min ədəd iriçaplı mərmi tədarük olunduğunu vurğulayıb.
Petr Fiala və Volodimir Zelenski arasında baş tutan danışıqlarda iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub. Baş nazirinin sözlərinə görə, nüvə enerjisi sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunan məsələlər arasındadır.
Bir müddət öncə, Çexiya Prezidenti Petr Pavel Ukraynaya ilin sonunadək 1,8 milyon iriçaplı mərminin göndərilə biləcəyini deyib. Qeyd edək ki, ötən il Praqa Kiyevə 1,5 milyona yaxın belə mərmi göndərib.