Mayın 1-də keçirilən oyunlarla Konfrans Liqasında (KL) finaldan əvvəlki mərhələ başladı.
"Football-plus.az" xəbər verir ki, yarımfinalın ilk matçları məhsuldar alındı.
yarımfinal, ilk oyunlar
Yurqorden (İsveç) - Çelsi (İngiltərə) 1:4
Alemayehu, 68 – Sanço, 12. Madueke, 43. Cekson, 59; 65.
Yurqorden: Rinne, Ştol, Une Larsson, Danielson (Tenho, 63), Kosuqi (Berq, 80), Finndell, Svensson, Qulliksen, Haarala (Alemayehu, 63), Priske, Nquen.
Çelsi: Yorgensen, Kukurelya (Çaloba, 46), Badyaşil, Adarabioyo, Açimponq, Ceyms (Kaysedo, 46), Dyusberi-Holl, Madueke (Cekson, 46), Fernandes (Palmer, 46), Sanço, Corc (Uolş, 88).
Qitə kuboklarında ilk dəfə yarımfinalda oynayan “Yurqorden”in bəxti heç gətirməyib. İsveç klubunun KL-in əsas favoriti ilə duellərdə uğurlu nəticəyə nail olacağı gözlənilmirdi. Gözlənilən isə cümə axşamı reallaşdı: “Çelsi” cütün aşkar favoriti olduğunu ilk matçdaca sübut etdi. Stokholmdakı oyun londonluların böyük üstünlüyü şəraitində keçdi. İlk hissəni iki top fərqi ilə öndə başa vuran qonaqların çalışdırıcısı Entso Mareskanın fasilədə birdən-birə 4 oyunçunu dəyişməsi diqqətdən yayınmadı. Məsələ aydındı: özünü artıq finalda hiss edən paytaxt komandası “Liverpul”a qarşı keçirəcəyi vacib oyunu da düşünməyə məcburdu. Ona görə ki, Çempionlar Liqasına vəsiqə yalnız premyer-liqada ilk 5 pillədən birini tutan komandaya verilir.
Yeri gəlmişkən, finişə 4 tur qalmış bu yerdə məhz “Çelsi” görünür. Amma londonluların əsas hədəfinə çatmaq uğrunda mübarizədə rəqibləri kifayət qədərdi və aparıcı oyunçulara az-çox dincəlmək imkanı yaratmaq lazım gəlir. Mareskanın ikinci hissədə meydana buraxdığı oyunçular da ümidləri doğrultdular. Onlardan hücumçu Cekson dubl etməklə darmadağını rəsmiləşdirdi. Onun kimi mübarizəyə fasilədən sonra qoşulan Alemayehu isə “Yurqorden”in təsəlli qolunu vurdu.
Betis (İspaniya) - Fiorentina (İtaliya) 2:1
Ezzalzuli, 6. Antoni, 64 - Ranyeri, 73.
Betis: Vieytes, Ruibal, Natan, Bartra, Perro, Kardoso, Fornals (Altimira, 78), İsko, Ezzalzuli (Lo Çelso, 62), Antoni, Bakambyu.
Fiorentina: De Xea, Komutso, Ranyeri, Ponqraçiç, Parizi (Folorunşo, 68), Qosens, Kataldi (Adli, 29), Mandraqora, Facoli (Riçardson, 68), Qudmundsson (Zanyolo, 84), Beltran (Ken, 46).
Yarımfinalın ən çox maraq doğuran duelində “Betis” öz meydanında “Fiorentina”ya 2:1 hesabıyla qalib gəldi. İspaniya klubu erkən qolla hesabı açandan sonra da üstün oyun nümayiş etdirdi. Bartranın üç real qol imkanını qaçırmasından sonra Antoni sevilyalıların 2-ci qolunu vurdu. 9 dəqiqə sonra kapitan Ranyerinin fərqi azaltması KL-in son iki mövsümünün finalçısının işinə yaraya bilər. Florensiyada mayın 8-də keçiriləcək cavab görüşünün daha maraqlı alınacağına ümid etmək olar.
Bombardirlər: Pyulyulyu (Yagelloniya) - 8, Bakambyu (Betis) - 7, Qiyu (Çelsi), Kuçis (Selye) - 6.