Bu sənətin kamilliyi və gözəlliyi dünyanı heyran qoyur
Xalqın gözəllik duyumunu sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ötən günlər Bakının İçəri şəhərində keçirilən 2-ci Beynəlxalq Xalça Festivalının iştirakçıları bununla bir daha qürur duydular, xarici qonaqlar isə qədim tətbiqi sənət yaradıcılığının xalqımızın qanı və canında olduğuna şahidlik etdilər.
Elə geniş proqramlı festivalda məqsəd də Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində daha yaxından tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnmək idi. Qeyd edək ki, bu bayram ötən il təşkil olunmuş Milli Xalça Festivalının davamı kimi, yeni bir ənənənin yarandığını göstərdi.
Festival çərçivəsində “Xalçaçılıqda ənənələr və yeniliklər” mövzusunda keçirilən Beynəlxalq Forumda 10-dan çox ölkədən 200-ə yaxın xalçaçı, istehlakçı və sənət adamı iştirak edirdi. “Xalça sənətində Heydər Əliyevin əbədi irsi” adlı fotosərgi, əsas mövzuları “Xalçaçılıqda beynəlxalq əməkdaşlıq və qlobal təcrübələr”, “Sərhədləri aşan xalçaçılıq: ənənələr, dəyişikliklər və mədəni əlaqələr”, “Xalça və müasir incəsənət: yeni ifadə vasitələri”, “Əl işi xalçaçılıq: müasir dövrdə rolu və institusional yanaşmalar” və “Xalça toxuma sənətinə innovativ baxış” olan plenar sessiyalar, müxtəlif yarmarka və konsertlər festivalın elmi və mədəni ruhuna xüsusi rəng qatdı. Əlamətdar cəhət bu idi ki, xalça bayramı həm də İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin bu beynəlxalq qurumun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin 15 illiyi ilə üst-üstə düşürdü. “Azərxalça” ASC-nin 14 emalatxanasından dəvət olunmuş 28 toxucu qadının, emal prosesinin gözəlliyini göstərən komandanın və yaradıcı qrup üzvlərinin ustad dərsləri də peşə sirlərinin paylaşılması baxımından önəmli idi.
“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festival başdan-başa uğurla müşayiət olundu və hər kəsin gözünü-könlünü oxşadı. Festivalın əsas sütunlarından olan “Azərxalça” ASC üçün isə bu tədbirlər xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini – bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı baxımından misilsiz imkan idi.
Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar İttifaqı Fondunun və Moskva Rəssamlar Birliyinin üzvü, dünyanın 25-dən artıq ölkəsində muzeylərdə və şəxsi kolleksiyalarda əsərləri saxlanılan Əməkdar mədəniyyət işçisi Fazil Abbasquluzadə festival barədə təəssüratlarını bizimlə bölüşdü:
– Fəxr edirik ki, dövlətimiz və hökumətimiz qədim sənətə belə diqqət və qayğı göstərir. Həm bizim üçün yüksək stimul yaranır, həm də Azərbaycan xalçaçılığı dünyada tanıdılır ki, bu sənət nümunələrimizi öz adlarına çıxmağa çalışan nankor qonşularımızın əlləri boşa çıxsın.
Xatırlayıram ki, hələ 1983-cü ildə Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpozium keçirildi. Onda mən hələ gənc xalçaçı-rəssam idim. Sonra bir neçə ildən bir növbəti simpoziumlar oldu. 4-cü beynlxalq simpozium Azərbaycan xalça sənətinə həsr edildi. 2007-ci ildə növbəti belə bayram Parisdə, UNESCO-nun iqamətgahında sərgi ilə müşayiət olunan 4-cü simpozium görkəmli xalçaçı-rəssam və tədqiqatçı-alim Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuşdu. 2017-ci ildə isə yenə Bakıda 5-ci simpozium düzənləndi. İndi isə, budur, 5 May Xalçaçı Günü ərəfəsində ən yüksək səviyyədə beynəlxalq forum və festival düzənləndi. Ənənələr və yeniliklərə dair əhatəli məclisə çoxsaylı xarici qonaqlar təşrif gətirdilər. Görüşdük, təcrübə mübadilələri apardıq, bir-birimizə hədiyyələr bağışladıq. Bir sözlə, zəngin təəssürat əldə etdik, yeni yaradıcılıq uğurlarına həvəsləndik.
Ə.DOSTƏLİ
XQ