“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az xatırladır ki, “neradzurri” ilk oyun çərçivəsində Barselona səfərindən 3:3 hesablı heç-heçə ilə qayıdıb.
Simone İnzaqi doğma meydanda baş tutacaq cavab görüşündən öncəki mətbuat konfransında bunları söyləyib:
“Biz bu oyunun necə vacib olduğunu bilirik. Bizim, öz gözlərimizlə gördüyümüz çox güclü komandaya qarşı əla bir oyun keçirməyimiz lazımdır. Diqqətli və sağlam düşüncəli bir “İnter” gərəkdir. Oyunçularım özlərinə inanırlar, onlar istəklidirlər və səbirsizliklə oyunun intizarındadırlar.
Lautaro Martines və Benjamen Pavar oynayacaqlarmı? Sabah (artıq bu gün – redaktorun qeydi) oyunçularla və mənim köməkçilərimlə müştərək qərar qəbul edəcəyik. Uşaqlar mənə, özlərini necə hiss etdiklərini deməlidirlər. Pavarın böyük fəsadları yox idi. Lautaro isə “Barselona” ilə ilk oyundan sonra məşq etməyib. Görək, bu gün o məşqdə necə olacaq.
Yamala qarşı taktikamız? Biz çalışıb ona top verməməliyik, buna rəğmən, bu, mümkün deyil. Ona qarşı iki oyunçu qoymaq gərəkdir, boş məkan verməmək lazımdır. Onu diqqətlə izləməyə çalışacağıq. O, çox istedadlıdır və təhlükəlidir. Hamı ona oynamağa çalışır. Məndə, onun cəld təfəkkürü təəssürat oyatdı. O, növbəti addımının necə olacağını bilir”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.
“İnter” – “Barselona” oyunu bu gün, mayın 6-da Milanın “Cüzeppe Meatsa” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.