EN

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq münasibətləri regional sabitlik, iqtisadi inkişaf və milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin tarix boyu bəzi qonşularla münasibətlər gərginlik, qarşıdurma və diplomatik böhranlarla müşahidə olunub.


Azərbaycanın qonşu olduğu və eyni zamanda düşmən münasibətlərində olduğu ölkələr hansılardır? Bu gərginliklərin kökündə hansı səbəblər dayanır? Regionda tam sabitlik və sülh mümkündürmü?


Sfera.az xəbər verir ki, Azərbaycanın ən problemli qonşusu Ermənistandır.

 

1988-ci ildən başlayan Qarabağ münaqişəsi nəticəsində iki ölkə arasında silahlı qarşıdurma baş verib, 1992–1994-cü illərdə müharibə və son olaraq 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə zirvəyə çatıb. Azərbaycan işğal olunmuş ərazilərini azad etsə də, Ermənistanla sülh müqaviləsi hələ də imzalanmayıb. Zəngəzur dəhlizi, sərhəd demarkasiyası və qarşılıqlı ittihamlar münasibətlərin normallaşmasını ləngidir.

 

İran Azərbaycanın regionda rəqiblərindən biridir. Azərbaycanla 765 km-lik sərhədi paylaşan İranla münasibətlər zamanla dəyişib. Rəsmi Tehran Azərbaycanın İsraillə yaxın əlaqələrini öz milli təhlükəsizliyinə təhdid kimi görür. Digər tərəfdən, Azərbaycan İranın erməni siyasətinə və Ermənistana verdiyi dəstəyə görə narahatdır. Son illərdə iki ölkə arasında sərhədboyu hərbi təlimlər, casusluq qalmaqalları və sərt ritorika gərginliyi artırıb. Bununla belə, iki ölkə iqtisadiyyat, o cümlədən enerji sahəsində əməkdaşlıq kanallarını açıq saxlayır.


Azərbaycanın ən böyük qonşusu Rusiyadır. Bu ölkə ilə münasibətlər mürəkkəb və çoxşaxəlidir. Hər iki ölkə enerji, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Moskvanın bölgədəki rolu, xüsusilə Ukraynaya qarşı davranışı daha çox şübhə ilə qarşılanır. Azərbaycan Rusiyanın balans siyasətini pozmamasına diqqət yetirir.

Azərbaycanın sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra münasibətlərdə soyuqluq yaransa da əlaqələr yenidən öz təbii məcrasına qayıdır. 


Gürcüstan Azərbaycanın ən yaxşı münasibətdə olduğu  qonşularından biridir. Bu ölkə ilə münasibətlər tarixi dostluq və qarşılıqlı maraqlar üzərində qurulub. Gürcüstan Azərbaycanın əsas ticarət və enerji layihələrinin tranzit ölkəsidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi iri layihələr bu əməkdaşlığın rəmzidir. Lakin Gürcüstanda yaşayan azərbaycanlı icması və dini azadlıqlar mövzusu zaman-zaman müzakirə mövzusu olur.


Region ölkələri arasında Azərbaycanın ən yaxın müttəfiqi təbii ki, Türkiyədir. İki ölkənin münasibətləri “bir millət, iki dövlət” şüarı ilə xarakterizə olunur. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə bu münasibətlər strateji ittifaq səviyyəsinə yüksəlib. Türkiyə 44 günlük müharibə zamanı Azərbaycana güclü siyasi və hərbi dəstək verdi. Hər iki ölkə regionda nəqliyyat, hərbi sənaye və enerji layihələrində sıx əməkdaşlıq edir.

 

Azərbaycan üçün əsas strateji məqsəd düşmənçilik tarixçəsinə baxmayaraq, qonşu dövlətlərlə sülhə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda münasibətlər qurmaqdır. Ermənistan və İranla münasibətlərin normallaşması regionda uzunmüddətli sabitliyin əsas şərti olaraq qalır. Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət bu məqsədə doğru atılmış mühüm addımlardır.


Bəsti Rəfizadə
Sfera.az

Chosen
0
1
sfera.az

2Sources