EN

Zakir Quliyev: Kontrolsuz istifadə edilən ağrıkəsicilər orqanizmdə gözlənilməz təsirlərə səbəb ola bilər - MÜSAHİBƏ

Yüngül bir ağrıdan tutmuş ən ciddi problemə qədər ilk olaraq ağrıkəsicilərə üz tuturuq. Əlçatan olan bu dərmanlar ağrını azaltmağa kömək etsə də, daha dərin problemlərə yol açdığı unudulmamalıdır.

Bəs, ani rahatlıq üçün həyatı riskə atmağa dəyərmi?

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev Bakıvaxtı.az-a müsahibəsində həkim məsləhəti olmadan isrifadə olunan ağrlkəsicilərin yaratdığı fəsadlardan da danışıb.

- Ağrıkəsici dərmanların həkim göstərişi olmadan istifadəsinin əsas təhlükələri nələrdir?

- Kontrolsuz istifadə edilən ağrıkəsicilər orqanizmdə gözlənilməz təsirlərə səbəb ola bilər. Ən başlıcası, əsas xəstəliyin üzərinə “örtük” çəkərək diaqnozun gecikməsinə gətirib çıxarır.

Həmçinin, mədə-bağırsaq pozğunluqları, qaraciyər və böyrək funksiyalarının zəifləməsi, allergik reaksiyalar və dərmanlara qarşı tolerantlıq inkişafı riski daşıyır.

- Xüsusilə hansı ağrıkəsici qruplar daha çox yan təsirə malikdir?

- Ən çox əlavə təsir yaradan qeyri-steroid antiinflamatuar dərmanlardır (məsələn, İbuprofen, Naproksen). Bu qrupun dərmanları mədədə selikli qişanı zədələyərək qastrit və xoraya yol aça bilər.

Digər təhlükəli qrup isə yüksək dozada qəbul edilən parasetamoldur. Hansı ki, bu, qaraciyər hüceyrələrinə zərər verə bilər.

- Ağrıkəsici asılılığı hansı hallarda yaranır?

- Daimi istifadə, dozanın getdikcə artırılması və psixoloji olaraq dərmansız yaşaya bilməmə hissi zamanla asılılıq yarada bilər. Bu, xüsusilə opioid tərkibli ağrıkəsicilər üçün keçərlidir. Bəzən insanlar dərmanı yalnız “rahatlamaq” üçün qəbul etdikdə, psixoloji vərdiş daha da dərinləşir.

- Ağrıkəsicilərin uzunmüddətli istifadəsi hansı orqanlara zərər verir?

- Ən çox təsirə məruz qalan orqanlar qaraciyər (xüsusilə Parasetamol istifadəsində), böyrəklər (xroniki NSAİİ istifadəsində), və mədə-bağırsaq sistemi (mədə turşusunun artması, xoralar və qanaxma). Bəzi hallarda ürək-damar riski də yüksələ bilər.

- Hər kəsin asanlıqla əldə edə bildiyi bu dərmanların satışına məhdudiyyətlər qoyulmalıdırmı?

- Bəli, çünki dərmanların aptekdən sərbəst alınması məsuliyyətsiz istifadəyə yol açır. Dərmanlar adi məhsul deyil. Onların istifadəsi tibbi bilik və müşahidə tələb edir. Xüsusilə güclü təsirli ağrıkəsicilər üçün resept rejimi daha sərt tətbiq olunmalıdır.

- Uşaqlar və yaşlılarda ağrıkəsici istifadəsində nəyə diqqət yetirilməlidir?

- Bu yaş qruplarında orqanların dərmanı parçalama və atma qabiliyyəti zəif olur. Uşaqlarda dozanın dəqiq hesablanması vacibdir, çünki artıq dozada qaraciyər zədələnməsi riski yüksəkdir.

Yaşlılarda isə böyrək və mədə problemləri tez inkişaf edə bilər, ona görə doza və dərman seçimi çox diqqətlə aparılmalıdır.

- İnsanlar həkimə getmədən ağrılarını hansı alternativ yollarla yüngülləşdirə bilərlər?

- Bəzi ağrılar üçün qeyri-dərman metodları effektiv ola bilər: isti-soyuq kompreslər, yüngül fiziki məşqlər, nəfəs texnikaları, relaksasiya üsulları, düzgün duruş və masaj. Psixoloji ağrılarda isə meditasiya və stressin idarə olunması vacibdir.

- Hansı ağrılar mütləq həkim müdaxiləsi tələb edir və dərman istifadə olunmamalıdır?

- Gövdədə qəfil başlayan, şiddətli və keçməyən ağrılar (məsələn, sinədə yanğı hissi, qarında deşici ağrı, başda qəfil partlayıcı ağrı) ciddi vəziyyətlərin göstəricisi ola bilər. Belə hallarda dərman qəbul etmək əlamətləri gizlədə bilər və diaqnoz gecikər. Mütləq həkimə müraciət olunmalıdır.

- Ağrıkəsicilər ağrının səbəbini gizlədərək ciddi bir xəstəliyin aşkar olunmasını gecikdirə bilərmi?

- Bəli. Ağrının səbəbini müvəqqəti olaraq aradan qaldıraraq xəstəliyin proqressivləşməsinə şərait yarada bilər. Məsələn, apendisit zamanı ağrıkəsici qəbul edilməsi diaqnozun gecikməsinə və ağırlaşmalara səbəb ola bilər.

- Bədənimizi ağrıya qarşı necə tərbiyə edə bilərik?

- Ağrıya dözümlülük zamanla psixoloji və fiziki məşqlərlə inkişaf etdirilə bilər. Dərman istifadə etmədən əvvəl ağrını anlamaq, səbəbini aydınlaşdırmaq və ona uyğun davranmaq vacibdir. Gündəlik həyat tərzində sağlam qidalanma, yuxunun normallaşdırılması, stressin azaldılması və fiziki aktivlik ağrıya qarşı müqaviməti artırır.

Mina Mikayılova

Chosen
0
1
bakivaxti.az

2Sources