Mayın 6-da Dubayda 24-cü beynəlxalq Hava Limanları Sərgisi başlayır. Tədbirdə aviasiya sektorunun mütəxəssisləri, hava limanı operatorları və bu sektorun digər nümayəndələri ilə yanaşı, yüksəksəviyyəli hökumət rəsmiləri də iştirak edəcək. SİA xəbər verir ki, mayın 8-dək davam edəcək tədbirə otuzdan çox ölkədən 6 mindən çox nümayəndə qatılacaq.
Yaxın Şərq, Afrika və Cənubi Asiya regionlarında hava limanları sektoru üçün böyük biznes platforması sayılan sərgi hava limanlarının gələcəyini formalaşdıran yeniliklər və texnologiyalar, o cümlədən sərnişin təcrübəsinin yaxşılaşdırılması, hava limanlarında nəqliyyatın idarə olunması, karbon emissiyalarının azaldılması və davamlılıq, rəqəmsal transformasiya sahələrində innovasiyalarla tanışlıq imkanı verəcək.
Sərgidə iyirmidən çox ölkədən 140-dan çox qurum nailiyyətlərini bölüşəcəklər. Tədbir çərçivəsində ikitərəfli görüşlər keçiriləcək, müqavilələr imzalanacaq.
İştirakçılar arasında Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Xorvatiya, Cibuti, Misir, Qana, Hindistan, İraq, İtaliya, İordaniya, Keniya, Küveyt, Livan, Malavi, Malayziya, Maldiv adaları, Mərakeş, Nigeriya, Oman, Pakistan, Qətər və digər ölkələr var.
Sərgidə tikilməkdə olan iki böyük hava limanı layihəsi barədə danışılacaq. Bunlardan biri BƏƏ-də ildə 260 milyon sərnişin qəbul edə biləcək və otuz beş milyard dollar dəyərində olan Al Məktum Beynəlxalq Hava Limanının genişləndirilməsi layihəsi, digəri isə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda 2030-cu ilə qədər 300 milyon sərnişin qəbul edə biləcək və əlli milyard dollar dəyərində tikilməkdə olan nəhəng hava limanı layihəsidir.
Sərgi çərçivəsində “Hava limanları rəhbərlərinin Qlobal Forumu”, “Yaxın Şərqdə aviasiyada Qadınlar Konfransı”, “Yaxın Şərq hava limanlarında Təhlükəsizlik Forumu” və “Hava hərəkətinə nəzarət Forumu” tədbirləri keçiriləcək. Bu kontekstdə baş tutacaq otuzdan çox sessiyada təxminən 70 aviasiya rəhbəri və mütəxəssisi iştirak edəcək.