Qazax, 6 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahənin inkişafında mühüm rol oynayır. Sözügedən Dövlət Proqramından irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Bu il artıq onuncu ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 1200 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə artıq ipəkqurdu toxumu təhvil verilib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 30 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb.