EN

“Müharibə bitərsə, Netanyahu müttəhimlər kürsüsündə oturacaq... Bu səbəbdən Bakıya...”- İlginc təhlil

“Əgər İsrailin məqsədi Suriyanı parçalamaqdırsa, məntiqlə Netanyahunun Bakıya səfəri və Ərdoğanla gözlənilən görüşü keçirməsinin də bir anlamı qalmır...”
 
Görəsən, İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana mayın 7-ə planlaşdırılan 5 günlük(!) səfəri niyə baş tutmadı? Səfərin təxirə salınması bundan sonra regiondakı hadisə və proseslərə necə təsir göstərəcək?..
Moderator.az-ın suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, İsrail Baş naziri Binyamin Netanyahunun Azərbaycana səfərdən imtina etməsi onun Yaxın Şərqdə müharibə tərəfdarı olması ilə bağlıdır.
 
“Məlumdur ki, ötən ay istirahət etdiyi Macarıstandan dərhal ABŞ-a çağırılan Netanyahu prezident Donald Trampın sərt xəbərdarlığı ilə qarşılaşmışdı. ABŞ prezidenti ona demişdi ki, Türkiyə ilə münasibətləri qaydaya salmaq istəyirsənsə, mən sənə dəstək ola bilərəm. Amma sən də gərək məndən ağıl və məntiqə uyğun tələblər istəyəsən. Bununla da ona “sənin ətraf ölkələrlə, o cümlədən Türkiyə ilə bağlı istəklərin ağla yatqın deyil” mesajı vermişdi. Maraqlıdır ki, Trampın bu xəbərdarlığından sonra İsrail rəsmiləri Bakıya gəlmiş və Türkiyəli həmkarları ilə görüşmüşdülər. Aparılan danışıqlardan sonra tərəflər Suriyada və digər ölkələrdə üz-üzə gəlməmək barədə razılaşmışdılar. Ardınca da Netanyahunun Bakıya səfərə hazırlaşdığı və həmin ərəfədə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın da Azərbaycana gələcəyi xəbərləri yayıldı. Gözlənilirdi ki, bu iki dövlətin lideri Bakıda bir araya gələcək və aralarındakı ziddiyyətləri tamamən bitirəcəklər. Həmin səfərlərdən əvvəl İran prezidenti Məsud Pezeşkian da Bakıya təşrif buyurmuş və öz həmkarı ilə çox məhsuldar görüşlər keçirmişdi. Doğrusu, bu səfərin də İsraillə İran arasındakı münasibətlərin normallaşdırılması məqsədi ilə təşkil olunduğunu düşünürdüm. Nə yazıq ki, ötən gün İsrail Baş nazirlik ofisi Netanyahunun səfərinin təxirə salındığını açıqladı. Elə həmin ərəfədə İsrailin Dəməşqi bombaladığı və Suriyanın güneyində məskunlaşan dürziləri(və ya druzlar-red.) separatçı şüarlarla ayağa qaldırdığı məlum oldu. Bundan istifadə edən İsrail ordusu Dəməşqin yaxınlığına qədər irəlilədi. İsrail Müdafiə Nazirliyi bu hərbi müdaxilənin dürziləri qorumaq üçün həyata keçirildiyini gizlətmədi. Məhz bu hadisədən sonra Netanyahunun Bakı səfərinin təxirə salındığı açıqlandı. Görünən bu idi ki, İsrail bu müharibəni bitirmək niyyətində deyil və Türkiyə ilə Suriyada qarşılaşmaq istəyir”, - deyə Heydər Oğuz vurğulayıb.
 
Siyasi şərhçi hesab edir ki, Netanyahunun müharibə tərəfdarlığının bir neçə səbəbi ola bilər: “Onlardan biri sırf öz şəxsi karyerası ilə bağlıdır. Məlumdur ki, Netanyahu bir sıra korrupsiya ittihamlarıyla məhkəməyə verilib. Hazırda onu yarğılanmaqdan qoruyan İsrailin cəlb olunduğu müharibədir. Müharibə bitərsə, Netanyahu müttəhimlər kürsüsündə oturacaq və həbs olunmasa belə, onun siyasi karyerasına son qoyulacaq. Yəqin ki, bu tale ilə qarşılaşmamaq üçün Netanyahu sionizmin ən böyük arzularından birini reallaşdırmaq istəyir və bununla da özünə bəraət qazandırmağa, yaxud öz məhkəmə prosesini unutdurmağa çalışır... 
 
Netanyahunun müharibə tərəfdarlığının digər səbəbi arxasına sığındığı sionist hədəflərlə bağlıdır. Məlumdur ki, İsrail Rotşildlərin dəstəyi ilə 27 avqust 1897-ci il tarixində İsveçrənin Bazel şəhərində keçirilən I Dünya Sionizm Konfransının qərarları əsasında qurulub. Həmin konfransın yekun Bəyannaməsində bildirilirdi ki, növbəti 50 il ərzində Fələstin torpaqlarında İsrail dövləti qurulacaq və 100 ildən sonra onun əraziləri “vəd olunmuş torpaqlara” qədər genişləndiriləcək. Vəd olunmuş torpaqlar adlanan hədəf ərazilər miladdan əvvəl 1000-ci illərdə Davud peyğəmbərin hökm etdiyi yəhudi krallığının sərhədləridir. Bu sərhədlər Misirin Sina yarımadasından Dəclə və Fərat çaylarının keçdiyi İraqa qədər əraziləri əhatə edirdi. Daha sonra 1982-ci ildə İsrailin ən ünlü strateqlərindən olan Oded Yinonun irəli sürdüyü Strateji yol xəritəsində vədolunmuş torpaqları əhatə edən bölgə dövlətlərinin taleyi ilə bağlı hədəflər göstərildi. Bu hədəflərə görə, İraq 3 yerə, Suriya ilə Livan 5 yerə bölünməli, Sina yarımadası Misirdən alınmalı və ortaya çıxan yeni dövlətlərdən bəziləri İsrailə birləşməli idi. “Yunon planı” adlanan bu yol xəritəsində o da vurğulanırdı ki, ən geci qarşıdakı 10 il ərzində bu layihənin icrasına başlanmalıdır. Çünki 90-cı illərin sonunda I Sionizm konfransının 100 ili tamam olacaqdı. Həmin konfransın tələblərinə uyğun olaraq genişlənmə proqramına da məhz 90-cı illərdə başlamaq lazımdır. Maraqlıdır ki, “Yunon planı”nın rəsmən bəyan olunmasından cəmi 8 il sonra I Körfəz savaşı başlamış və İraqın şimalı faktiki olaraq Səddam Hüseynin nəzarətindən çıxmışdı. 1993-cü ildə, yəni “Yunon planı”nın elanından 11 il sonra II Körfəz savaşı başlamış və İraqın 3 yerə bölünməsinin əsası qoyulmuşdur. Ardınca da sıra Suriyaya gəlmiş və bu ölkənin faktiki olaraq Qərbi Kürdüstan, Hələb, Dürzistan, Şam,  Ələvi dövləti adıyla 5 yerə bölünmə prosesinə start verilmişdir. Bənzər proses Livanda da həyata keçirilir. “Yunon planı”nın həyata keçirilməsinə mane olan yeganə ölkə Türkiyədir. Ankara bu projenin öz ərazi bütövlüyünü də təhdid edəcəyini düşünür və planın həyata keçirilməsinin qarşısını almağa çalışır. Odur ki, İsraillə Türkiyə arasında gərginliklər get-gedə kulminasiya nəqtəsinə qalxır. Roltşildlərlə fərqli platformada yer alan Donald Tramp da, Türkiyənin strateji müttəfiqi Azərbaycan da bu gərginliyin isti savaşa çevrilməməsi üçün  qollarını çirmələmiş və Bakıda iki dövləti bir araya gətirmək istəyirdi. Amma görünən budur ki, Netanyahu yaranmış fürsəti fövtə vermək niyyətində deyil və dürzi separatizmini müdafiə etməklə faktiki olaraq Suriyanın parçalanmasını dəstəkləyir. Çünki dürzilərin Suriyadan ayrılması digər bölgələrə də yayıla, parçalanma qaçılmaz ola bilər”.
 
Heydər Oğuzun fikrincə, əgər İsrailin məqsədi Suriyanı parçalamaqdırsa, məntiqlə Netanyahunun Bakıya səfəri və Ərdoğanla gözlənilən görüşü keçirməsinin də bir anlamı qalmır: 
 
“Görünür, bu səbəbdən də Netanyahu əvvəl ABŞ-ın israrı ilə razılaşdığı görüşdən imtina etmək qərarına gəlib. Bu isə o deməkdir ki, Netanyahu sakitləşdirilməsə Suriyada Türkiyə ilə İsrail qarşı-qarşıya gələcək. Eyni zamanda İranla da müharibəni dayandırmaq mümkün olmayacaq”.
 
Heydər Oğuz onu da xatırlatdı ki, ABŞ son zamanlar öz ordusunu Suriyadan çıxarmaq istəyirdi: “Bu isə nə İsrailin, nə də qlobal kürəsəlçilərin maraqlarına cavab verirdi. ABŞ-ın bu plandan vaz keçməsi yalnız Vaşinqtonda böyük təsir gücünə malik olan yəhudi lobbisinin dövriyyəyə girməsi ilə mümkündür. Yəhudi lobbisi isə ancaq İsrailin mövcudluğu təhlükə altına düşərsə, bütün qüvvəsini səfərbər edib Tramp hakimiyyətinə güclü təzyiq siyasətinə başlaya bilər. Görünür, Netanyahu da Türkiyə ilə qarşıdurma ehtimalını ən yüksək həddə çıxararaq, yəni bir növ, idarəolunan böhran vəziyyəti yaradaraq yəhudi lobbisini öz lehinə hərəkətə gətirməyə çalışır”.
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Chosen
0
moderator.az

1Sources