EN

Mütəxəssis çatışmazlığı və dərman sənayesi: Yeni konsepsiya problemi həll edəcək?

Səhiyyə naziri Teymur Musayev mayın 5-də Bakıda keçirilən "Azərbaycanın əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, ötən il Səhiyyə Nazirliyində yaradılan işçi qrup tərəfindən "Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası" hazırlanıb. 

Nazir bildirib ki, konsepsiyanın tədbirlər planına uyğun olaraq, 2025-2026-cı tədris ilindən etibarən altı yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq. Bundan başqa, “ali məktəblər üçün virtual əczaçılıq zavodu" layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin nəzdində "Elmi-istehsalat təcrübə bazası"nın yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılır.

Hazırda ölkəmizdə əczaçılıq təhsilində əsas boşluqlar nələrdir? Bu konsepsiya əczaçılıq təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün yetərlidirmi?

Mövzu ilə bağlı Valyuta.az-a danışan professor Adil Qeybulla bildirib ki, ölkəmizdə hazırda bu sahədə mütəxəssis cəhətdən ciddi problem var:

“Belə bir deyim var ki, əgər funksionallıq olmasa, peşəkarlıq da yavaş-yavaş itib gedir.  Zamanında Azərbaycanda xeyli savadlı əczaçılar, formokoloji zavod var idi. Doğrudur, bu zavodda çox müasir dərmanlar istehsal olunmurdu, amma yenə də müəyyən texnologiya, dərman istehsalı ilə bağlı anlayışlar mövcud idi”. 

Professor əlavə edib ki, SSRİ dağıldıqdan sonra dərman sahəsində idxaldan asılı ölkə olduq:

“Bundan başqa, əczaçı mütəxəssislər dağılışıb getdilər, farmokoloji zavod da işləmədi. Əczaçılar isə ya aptek, ya dərman deposu işinə baxdılar, ya da ümumiyyətlə başqa sahələrə keçdi. Ümumiyyətlə, dərman texnologiyasına provizorların, biokimyaçıların, kimyaçıların, molekulyar biologiya mütəxəssislərinin iştirakı çox vacibdir.

Biz bu sahədə mütəxəssis ordusu yaratmalıyıq. İstehsala ilkin olaraq “Qalen pereparatları”ndan, yəni, ayrı-ayrı dərman bitkilərinin dəmlənməsindən, cövhərlərindən başlaya bilərik, necə ki, Şərq reseptləri əsasında Almaniyada bunu edirlər. Bizdə də bu dərman bitkiləri var. Daha sonra mütəxəssislər müştərək firmalar quraraq müasir dərman preparatları istehsal edə bilər, dünyanın aparıcı dərman şirkətləri ilə təcrübə mübadiləsinə gedə bilərlər, bununla da biz yeni təcrübəli mütəxəssis ordusu yarada bilərik. Sadəcə bunun üçün ilk olaraq həvəs, daha sonra isə iradə lazımdır”.

Günay

Chosen
0
valyuta.az

1Sources