EN

Azərbaycan 1941-1945-ci illər müharibəsində - elmi konfrans

Bakı, 5 may, AZƏRTAC

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz xidmətlərdən danışıb. O bildirib ki, keçmiş SSRİ-nin digər respublikaları kimi, Azərbaycan da müharibədə yaxından iştirak edib, xalqımızın igid övladları qəhrəmanlıq nümunələri göstəriblər. Akademik xüsusilə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanovun, döyüş meydanında şücaət göstərmiş akademik Ziya Bünyadovun və digər qəhrəmanların xatirəsinin xalqımız tərəfindən yaşadıldığını qeyd edib.

İsa Həbibbəyli vurğulayıb ki, İkinci Dünya müharibəsi yalnız bir xalqın deyil, bütün sovet xalqlarının ortaq tarixidir və bu tarixin obyektiv tədqiqi mühüm əhəmiyyət kəsb edir. O diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində bu hadisədə Azərbaycanın rolu diqqətdən kənarda qalsa da, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sahədə ədalət bərpa olunub və xalqımızın müharibədəki rolu layiqincə qiymətləndirilib.

AMEA prezidenti qeyd edib ki, Prezident İlham Əliyev həmin siyasi xətti uğurla davam etdirir, müharibə iştirakçıları dövlət səviyyəsində ehtiramla anılır, onların xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, veteranlar təltif olunur və sosial müdafiələri təmin edilir. Bu münasibət həm dövlətin tarixə verdiyi önəmin, həm də xalqımızın qəhrəmanlıq irsinə bağlılığının bariz nümunəsidir.

Akademik əlavə edib ki, müharibənin səbəbləri, gedişi və nəticələrinin, o cümlədən Azərbaycanın rolunun dərindən və obyektiv şəkildə tədqiqi vacibdir. Bu istiqamətdə tarixçilərin üzərinə böyük məsuliyyət düşür, xalqımızın iştirak etdiyi bütün müharibələrin elmi baxımdan geniş tədqiq edilməsi önəmlidir.

Tədbirdə, həmçinin faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək dünya tarixində təxminən 15 minə yaxın müharibənin baş verdiyini, lakin İkinci Dünya müharibəsinin miqyası, iştirakçı ölkələrin sayı və itkilərin həcmi baxımından tarixə ciddi təsir göstərdiyini qeyd edib. Professor bildirib ki, Azərbaycan xalqı bu müharibədə fəal iştirak etsə də, onun demoqrafik nəticələri kifayət qədər araşdırılmayıb. 1941-ci ildə əhalinin sayı 3.3 milyon olduğu halda, 1945-ci ildə bu rəqəm 2.7 milyona düşüb. Professor bu istiqamətdə araşdırmaların genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri professor Mais Əmrahov və Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı professor Mehman Süleymanov çıxış edərək Azərbaycan xalqının faşizm üzərində qələbəyə töhfələrindən danışıblar.

Açılış mərasimindən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bu iclaslarda “İkinci Dünya müharibəsində Qafqaz uğrunda döyüşlərin rolu”, “1941–1945-ci illər müharibəsində azərbaycanlı qadınların iştirakı Azərbaycan sovet tarixşünaslığında”, “Faşist Njdenin Ermənistanda qəhrəmanlaşdırılması: tarixi və ideoloji aspektlər”, “İkinci Dünya müharibəsində Qərbi azərbaycanlıların iştirakı”, “Azərbaycanda hərbi əsir düşərgələri və məzarlıqları haqqında”, “Azərbaycan Milli Birlik Məclisinin ordenləri: Azərbaycan İstiqlal Yıldızı və Bozqurd”, “İkinci Dünya müharibəsi illərində azərbaycanlıların hərbi-siyasi mühacirəti”, “1941–1945-ci illər müharibəsi dövründə Azərbaycanda hərbi mətbuatın fəaliyyəti”, “Ədəbiyyat və incəsənət cəbhənin xidmətində” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

Chosen
0
4
azertag.az

5Sources