Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb.
APA xəbər verir ki, açılışda çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma proqramının rəhbəri Aygün Hacıyeva iştirakçıları salamlayaraq təşkil edilən proqramın əhəmiyyətindən bəhs edib.
O, Medianın İnkişafı Agentliyi ilə birgə icra olunan təlim proqramının media nümayəndələrinin bilik və bacarıqlarının inkişafına, onların müasir dövrün tələblərinə uyğunlaşmasına xidmət etdiyini vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında Agentliyin media sahəsində innovativ bacarıqların inkişafına göstərdiyi xüsusi diqqətdən bəhs edib. O diqqətə çatdırıb ki, rəqəmsal dövrdə informasiya ilə işləmə bacarığı, xüsusilə də data jurnalistikası sahəsində ixtisaslaşma medianın cəmiyyətə xidmət missiyasını daha da gücləndirir. Natiq Məmmədli vurğulayıb ki, bu təlim proqramı medianın faktlara əsaslanan və obyektiv informasiyanın yayılmasında daha təsirli rol oynamasına şərait yaradacaq.
Virginia Birləşmiş Universitetinin fəxri dosenti, 20 ildən çox xəbər agentliklərində müxbir və redaktor kimi çalışmış Cef Sauz tərəfindən keçirilən təlim sessiyasında data jurnalistikası və onun vizuallaşdırılması, dron videoqrafiyası və digər rəqəmsal bacarıqlar üzrə media nümayəndələrinə ətraflı məlumat verilib.
Təlimin davamında Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova “Yerli baxışdan dataya əsaslanan jurnalistika” mövzusunda təqdimatla çıxış edərək, data əsaslı xəbər istehsalının əhəmiyyəti və tətbiqi imkanları barəsində danışıb.




