Misli Premyer Liqasının son 3 turu ərəfəsində 3 komandanın I Liqaya yuvarlanmaq təhlükəsi qalıb.
İdman.biz xəbər verir ki, çempionatın autsayderi “Səbail”lə yanaşı, “Sumqayıt”la “Kəpəz” də elitada yerini itirməkdən siğortalanmayıb.
Lakin bu komandalardan ən azı biri artıq həftəsonu keçiriləcək görüşdən sonra rahat nəfəs ala bilər.
Xal itirmək limiti bitib
“Səbail”in Premyer Liqada xal itirmək limiti rəsmən bitib. Bakı klubu son 3 matçın hamısında qalib gəlməli və digər oyunların nəticələrinə ümid etməlidir. İstənilən xal itkisi “Səbail”i I Liqaya aparacaq. Qarşıdakı turda Elvin Məmmədovun yetirmələri meydana daha tez çıxacaq. “Dənizçilər” mayın 10-da “Zirə”ni qəbul edəcək. Meydan sahibləri xal itirsələr, Premyer Liqa ilə vidalaşacaqlar.
“Səbail”in son 3 oyunu:
XXXIV tur. “Zirə” (e)
XXXV tur. “Neftçi” (s)
XXXVI tur. “Sumqayıt” (e)
Bir xal yetər
Premyer Liqaya vida etməyə digər iki namizəd bir-biri ilə qarşılaşacaq. Tovuzda keçiriləcək matçda “Sumqayıt”a uduzmamaq da kifayətdir. Bir xal Vaqif Cavadovun yetirmələri elitada saxlayacaq. Təbii ki, bir gün əvvəl “Səbail” xal itirməsə. Bakı derbisində “Zirə”nin uduzmaması isə “Kəpəz” - “Sumqayıt” matçını formallığa çevirəcək.
“Sumqayıt”ın son 3 oyunu:
XXXIV tur. “Kəpəz” (s)
XXXV tur. “Turan Tovuz” (e)
XXXVI tur. “Səbail” (s)
Gəncə klubu qələbə arzusunda
“Kəpəz”ə isə Premyer Liqada qalmaq üçün bir qələbə kifayət edəcək. Hətta “Səbail” bütün matçlarda qalib gəlsə belə, gəncəlilərə 3 xal yetər. Azər Bağırovun yetirmələri bunu elə ilk görüşdə gerçəkləşdirmək istəyəcək. Çünki “Sumqayıt”la matçdan sonra iki çətin sınaq olacaq.
“Kəpəz”in son 3 oyunu:
XXXIV tur. “Sumqayıt” (e)
XXXV tur. “Qarabağ” (e)
XXXVI tur. “Turan Tovuz” (s)
Qeyd edək ki, XXXIV tur mayın 9-11-də keçiriləcək.
Vüqar Xeyrullayev
İdman.biz