EN

Keçmişlə gələcək arasında:

Müşahidə qabiliyyətim kifayət qədər inkişaf edib. Qarşımdakı insanı cəmi 10-15 dəqiqə içində anlamağı bacarıram — gözlərindən, bədən dilindən, danışığından onun keçmişini, bu gününü və hətta gələcəyə dair arzu və baxışlarını sezə bilirəm. İnsan özü haqqında açıq danışdıqda isə onun gələcəyini də müəyyən qədər təxmin etmək mümkündür. İllərdir bu müşahidələr əsasında insanları yaş qruplarına və düşüncə modellərinə görə təhlil etməyi öyrənmişəm. Kim nə istəyir, hansı yaşda nə arzulayır – bunu çox vaxt yaşdan asılı olmayaraq anlaya bilirəm. Çox dəyərli müsahibələrim olub. Elələri də var idi ki, saatlarla danışsalar da, bir fikir belə ifadə etmirdilər. Amma mən hər birindən öyrəndim – bəzisindən nə etməli olduğumu, bəzisindən isə nələri etməməli olduğumu. Biz 90-cı illərdə – qeyri-müəyyənliklərlə dolu bir dövrdə formalaşdıq. Qlobal dəyişikliklərin, texnologiyanın ilk oyanışının, müharibələrin, iqtisadi böhranların və pandemiyaların şahidi olduq. Həm də psixoloji baxımdan ayaqda qalmağa çalışdıq. Yadımdadır, valideynlərim tez-tez deyirdilər: “Ay bala, siz heç nə görməmisiniz. Biz ildə bir dəfə sanatoriya, kurort görərdik, az olsa da keyfiyyətli məhsul yeyərdik.” Mən isə uşaq yaşımda çörək növbəsində atamla birlikdə dayanmağı, nənəmin çantasında gizlənən “Krasnaya Oktyabr” şokoladını və “Bit Mojet” ətrini xatırlayıram. Ağ-qara televizor, çevirməli telefon, bir çoxlarının tanımadığı sadə amma dəyərli məqamlarla zəngin illərimiz olub. Biz utanırdıq. Hər addımı atmamışdan əvvəl on dəfə düşünürdük. Bugünkü nəsil isə daha cəsurdur və özünü ifadə etməkdən çəkinmir. Bu həm zamanın, həm də imkanların fərqidir. Onlar bizim kimi düşüncə qadağaları ilə böyümədilər. Müəllimə qarşı münasibətimiz belə fərqli idi. Onu ilahi varlıq kimi görürdük. Bəzən o dövrdəki saf düşüncələrimə görə özümə acıyıram. 2000-ci illər həyatımıza “dünyanın sonu” qorxusu ilə daxil oldu. İlk mobil telefonlar, wap texnologiyası, bir mahnını yükləmək üçün bütün yaddaşı silmək... Sanki dünən idi. Bugünkü nəsil o dövrü “keçmiş” adlandırsa da, biz o dövrün musiqilərində ruhumuzu tapdıq. Bu gün qızım mənim rəqs etməyimə təəccüblə baxır, amma ana olmaq enerjini öldürmür. Bunu bir gün anlayacaq. Valideynlərimin dedikləri haqlı imiş. Dünya o qədər sürətlə dəyişir ki, bu gün mən də övladıma “Biz daha keyfiyyətli qidalanır, daha saf hava ilə nəfəs alırdıq” deyə bilərəm. Texnologiya gözlərimizin qarşısında formalaşdı. Dial-up modemlərin səsi, ilk “chat”lar, e-mail dostları. Bizim dövrdə də sosial əlaqə vardı, sadəcə formasını dəyişmişdi. O vaxtlar bir telefonun yaddaşı üç şəkil və üç mp3 ilə dolurdu. Amma onun yaratdığı sevinc bu günkü ən son model cihazın verdiyi həzzdən qat-qat böyük idi. Texnologiya insanı dəyişdirmir. Sadəcə ona şərait yaradır. Əgər biri əxlaqsızdırsa, bəhanə axtarır. Bugünkü nəsil — Z və Alfa nəsli — bizim nəzarətimizdə böyüyür. Onlar bizdən daha sərbəstdirlər. Biz onları sıxmadan, azad seçim etmələrinə şərait yaradaraq yönəltməyə çalışırıq. 90-ların övladları indi “kamil dövr”lərini yaşayırlar. Amma bu kamillik hamıya şamil deyil. Arzularına çatmayanlar bu günün gəncliyinə təzyiq göstərir, düşüncələrini sırımağa çalışırlar. Kapitalizm bizə daha çox işləməyi öyrətdi, amma daha çox qazandırmadı. İndi isə 3-4 saatlıq ağıllı işlə böyük gəlir əldə etmək mümkündür – təkcə məqsədini düzgün seçməlisən. Rəqabət artıb, səmimiyyət azalıb. Saf görünən belə tez dəyişir. Dünya zəifləri sevmir. Zəiflik uduzmaqdır. İndiki dövrdə dostluq belə qarşılıqlı fayda üzərində qurulur. İnsanlar səninlə ancaq faydan olduğu müddətcə dostluq edir. Səmimi görünsə də, bu artıq həyatın qaydasıdır. Ətrafda gülüşlər azalıb. Qadınlara yer verən kişi, yaşlıya hörmət edən gənc getdikcə azalır. Bizim üçün adət olanlar yeni nəsil üçün sadəcə nostaljidir. Əxlaq dəyişir. İctimai nəqliyyatda qadının qadına qarşı aqressiyası, insanların söyüşə reaksiya verməməsi artıq normal qəbul edilir. Ailə qurmamışdan öncə insanlar bir ömür düşünür, indi isə sadəcə “xasiyyətimiz tutmadı” deyib ayrılırlar. Nəticədə atasız-anasız böyüyən uşaqlar gələcək cəmiyyətin formalaşmasında iştirak edəcəklər. Ən çətin şey başlamaq yox, bitirməkdir. Çünki dağıtmaq — insan ruhunda dərin izlər buraxır. Sabahı təxmin etmək çətinləşib. Bugün möhkəm dəyərlər və hədəflərlə yaşamaq lazımdır ki, sabaha bir addım öndə başlaya bilək. Zamana qarşı deyil, onunla birgə hərəkət etməyi öyrənməliyik. Oxu, öyrən, səhv et, geri dönməkdən qorxma. Sağlam qidalan, çünki ikinci beynimiz — bağırsaqlarımız — birincisini idarə edir. Yaşlanmaqdan qorxma. Enerjini artıran insanlarla vaxt keçirmək yenidən doğulmaq kimidir. Kəmiyyətə deyil, keyfiyyətə önəm ver. Qəlbinə yaxın olanlarla zaman keçirmək insanı mənən ucaldır.

Həyat bir yarış deyil, bir yolçuluqdur. Bəzən dayanmaq, baxmaq, nəfəs almaq da bu yolun vacib hissəsidir. Gözlədiyimiz sabah gəlməyə bilər, amma bu gün biz varıq. Və bu, qiymətini bilməyə dəyər.

Chosen
0
1
metbuat.az

2Sources