EN

Azərbaycanda ən imkanlı klublardan biri bu səhvi necə edə bilər?

Bu boyda şərait, bu boyda imkan, bu boyda iddia…

Gəl, heç nə edə bilmə!

II Liqada mübarizə aparan «Şəfa» büdcəsinə görə ölkədə bir çox klubdan irəlidədir.

Bu gün Premyer Liqanın qapıları üzlərinə açılsa, 3-4 iştirakçıdan biri olarlar. O imkanlarla çox uzaqlara gedə bilərlər…

Bunun üçün ilk addımı düzgün atmaları lazım idi. Həmin addımı da düz atmadılar.

Yanlış baş məşqçi seçimi «Şəfa»nı çempionluqdan etdi. Dünən II Liqanın qızıl medallarına yiyələnə bilərdilər. Di gəl, Elgiz Kərəmlinin yanlış taktiki yanaşması «Şahdağ»ı turnir cədvəlinin zirvəsində saxladı.

Qusar komandası qapısı ağzında ciddi təhlükə hiss etmədən 90 dəqiqəni başa vurdu və ən yaxın izləyicisi ilə arasındakı 3 xallıq fərqi qorudu.

Güman ki, axır iki turda da sürprizə imkan verməyərək, sezonu birinci pillədə tamamlayacaqlar.

«Şəfa» baş məşqçi dəyişikliyinə qışda əl atdı. Nadir Əliyev postundan uzaqlaşdırıldı, bahalı transferlər edildi.

«Şamaxı»dan Emin Zamanov və Zahid Mərdanov heyətə qatıldı. Albaniya karyerası qısa sürən Amil Yunanov düşərgəyə cəlb olundu.

«İmişli»dən Elnur Cəfərov gəldi. Həmçinin daha bir neçə nəfər. Bu oyunçuların heç biri aşağı məbləğə imza atmayıb. Zamanov 5000, Mərdanov 3500 manat aylıq pul alır.

Komanda səfər oyunlarına 1 gün əvvəl yollanır. Bahalı otellərdə qalır. Hər oyuna görə yüksək mükafat ödənilir - 100-400 manatı indi hər bığıburma oğlan bir günə qazanmır.

Geyim-keçimlərinə baxırsan, göz oxşayır. Par-parıldayır. Görürsən ki, müqavilə bağladığı şirkətlərə iri məbləğdə vəsait ödəyiblər.

Ev oyunlarını şəhərin mərkəzində keçirirlər. Gül kimi «ASK Arena» komandanın istifadəsindədir.

Bu şərait və büdcə ilə II Liqada bir ayaqla nəticə qazanmaq olardı. «Göygöl»ü, «Şəki Siti»ni, «Ağdaş»ı, nə bilim, «Lerik»i udmağa nə var?

Bu heyətlə Məmmədqulu kişinin nənəsi də onları «qol yağışı»na tutardı. Elgiz Kərəmli üçün ötən 5 ayda bir oyun var idi, onu da «Şəfa»nın aktivinə yazmağı bacarmadı.

Turnir cədvəlində «Şahdağ»ın altında qalan baş məşqçiyə hər ay 4000-5000 manat əməkhaqqı ödəməyə dəyər ki?

«O olmasın, bu olsun»a baxmısız yəqin. Filmin sonuna yaxın bir səhnə var, Məşədi İbad öz yaxınlarına deyir ki, bu adamı gətirəndə, bir baxın da…

Arxasını özüm gətirmirəm o sözün. «Şəfa» rəhbərliyi Məşədi İbadın gününə düşüb.

Elgiz Kərəmlini hansı uğuruna görə «Şəfa»ya gətiriblər, görəsən?

Premyer Liqadan, Çempionlar Liqasında iştirakdan dəm vuran klubun ağsaqqal və ağbirçəkləri onun ötən mövsüm «Difai»də necə işlədiyini araşdırmayıb.

Peşəkar yox, həvəskar idarəçilər olduğu üçün. Rəhbərlikdə «n» qədər adam yer alır, birinin ağlına gəlməyib ki, «Difai»dən kiməsə zəng vurub, «Elgiz Kərəmli necə məşqçidir» sualı versin.

Onda bilərdilər ki, I Liqada 25 oyuna çıxan məşqçi cəmi 24 xal toplayıb və komanda yalnız «İrəvan»ın çıxışını dayandırması səbəbindən çempionatda yerini qoruyub saxlaya bilib.

Elgiz Kərəmli sakit və yumşaq xarakterli insandır. Təlim-tərbiyəsinə söz yox, yerindədir. Amma bir məşqçi kimi…

O, haradadırsa, həmin komandada mütləq nizam-intizamla bağlı problem var və olacaq. İstər oyun cəhətdən, istərsə də belə.

Orada nə desən, baş verəcək. Məsələn, futbol adına yarşmayan bir çox şey.

«Difai»nin hazırda I Liqada bərbad çıxış etməsinin əsas səbəbkarlarından biri də odur. Yayda necə kəntöy seleksiya işi aparıbsa, bu gün də onun əziyyətini çəkirlər.

Qoy, «Şəfa»nı idarə edənlər bunu bilsin. Pul var, lap yaxşı. Bəli, pul futbolda çox şey deməkdir, amma hər şey demək deyil. İşə yanaşma və kadr seçimi düzgün olmalıdır.

Başda dayananlar həqiqəti klubu irəli aparmaq və böyük məqsədlərə çatmaq istəyirsə, kim(lər)ə etimad göstərəcəyini yüz ölçüb, bir biçməlidir.

Gerçək məşqçilik bacarığı olanlarla «noutbuk məşqçiləri»ni bir-birindən ayırmağı bacarmalıdır.

ELNUR

Chosen
0
sportinfo.az

1Sources