EN

IAI şirkəti qabaqcıl müdafiə həllərini Afinada sərgiləyəcək

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti hava, dəniz və quru sahəsindəki qabaqcıl müdafiə həllərini Yunanıstanın Afina şəhərində keçiriləcək DEFEA-2025 sərgisində nümayiş etdirəcək.

IAI-dən “Poliqon”a verilən məlumata görə, LORA raketi, “Arrow” zenit-raket kompleksi (ZRK), “Barak” ER, LR və SR hava hücumundan müdafiə sistemləri (MMR radarı ilə birlikdə), “Scorpius” elektron müharibə sistemi, MCS2 peyki, “Blue Whale” avtonom sualtı qayığı, “Mini Harpi”, “Point Blank”, “Heron MKII” və “Apus 25” pilotsuz uçuş aparatları (PUA) sərgidə nümayiş etdiriləcək məhsullar arasında yer alacaq.

Qeyd edilib ki, IAI şirkəti və Yunanıstan tərəfi arasında müdafiə sahəsində güclü tərəfdaşlıq mövcuddur. Bu tərəfdaşlıq qarşılıqlı strateji maraqlara və regional təhlükəsizliyə olan bağlılıq üzərində qurulub. İllər ərzində IAI şirkəti Yunanıstanın müdafiə sahəsində modernləşmə səylərinə pilotsuz uçuş aparatları, radar texnologiyaları və müşahidə platformaları ilə mühüm dəstək verib. 2020-ci ildə Yunanıstanın IAI-dən “Heron” pilotsuz uçuş aparatlarını icarəyə götürməsi ilə bağlı razılaşma bu əməkdaşlıqda mühüm mərhələ olub və ölkənin dəniz və sərhəd müşahidə imkanlarını gücləndirib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında artan etimadı deyil, həm də IAI-nin beynəlxalq tərəfdaşlarının ehtiyaclarına uyğun innovativ və istifadəyə hazır həllər təqdim etməyə sadiqliyini əks etdirir.

“İsrail və Yunanıstan arasında strateji müdafiə münasibətləri ortaq maraqlar, regional sabitlik və texnoloji əməkdaşlıq üzərində qurulub və getdikcə daha da möhkəmlənir. DEFEA sərgisində iştirak etmək bu əlaqələri daha da dərinləşdirmək, innovativ sistemlərimizi nümayiş etdirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün mühüm fürsətdir. Sərgi zamanı mövcud və potensial tərəfdaşlarla görüşləri səbirsizliklə gözləyirik”, – deyə IAI-nin prezidenti və baş direktoru Boaz Levy bildirib.

Chosen
0
poliqon.az

1Sources