Hindistan hökuməti Pakistanla aprelin üçüncü ongünlüyündə başlayan münaqişəni kəskin şəkildə genişləndirir. Belə ki,Yeni Dehli Çenab çayı üzərindəki Bağlihar bəndi vasitəsilə Pakistana su təchizatının bağlanmasını əmr edib. Hindistan hakimiyyətinin Celum çayı üzərindəki Kişanqanqa bəndində də oxşar tədbirlər görməyi planlaşdırdığı bildirilir. Bundan əvvəl Yeni Dehli Pakistanla sudan birgə istifadəni tənzimləyən sazişin dayandırıldığını elan edib. Bundan sonra İslamabad bildirib ki, Hindistan su təchizatını kəsərsə, Pakistanda bu addım “müharibə aktı kimi qiymətləndiriləcək”. 1960-cı ildə bağlanmış müqaviləyə görə, Hind çayı hövzəsi iki hissəyə bölündü: üç şərq qolu Hindistanın istifadəsinə verildi, üç qərb qolu isə hər iki ölkə tərəfindən birgə istifadə edilməli idi. Bu üç qoldan gələn suyun 80%-i Pakistana, qalan 20%-i isə Hindistana getməlidir.
Bununla belə, Hind çayının mənbəyi Yeni Dehlinin nəzarəti altında olan Himalay buzlaqlarında yerləşir ki, bu da Yeni Dehliyə coğrafi üstünlük verir. Ölkənin kənd təsərrüfatının 80%-i və hidroenerjisinin təxminən üçdə biri Hind hövzəsindən gələn sudan asılı olduğundan, suyun bölüşdürülməsi məsələsi Pakistan üçün əsas məsələdir. Qonşu dövlətlər arasında münaqişə ilkin olaraq Cammu və Kəşmirin ittifaq ərazisində yerləşən Pahalqam şəhərində törədilən terror aktı üzündən başlayıb. Bölgə Hindistanın nəzarətindədir, lakin uzun müddət Pakistanın iddiasındadır. Hücum silahlı yaraqlılar tərəfindən həyata keçirilib, nəticədə 26 nəfər həlak olub, onlarla insan yaralanıb. Hücuma görə məsuliyyəti Pakistanda yerləşən “Ləşkər-e-Taibə” terror təşkilatının qolu olan Müqavimət Cəbhəsi öz üzərinə götürüb. Bununla da Hindistan İslamabadı terrorçulara kömək etməkdə ittiham edib və qonşu ölkəyə qarşı bir sıra sərt tədbirlər görüb, onlardan biri də “su” müqaviləsinin dayandırılması olub. Hazırda hər iki ölkənin ordusu yüksək döyüş hazırlığı vəziyyətindədir, Hindistan və Pakistan sərhədində atışmalar və yerli döyüşlər gedir. Təhlilçilər isə münaqişənin nüvə silahına malik iki dövlət arasında genişmiqyaslı müharibəyə çevrilə biləcəyindən ehtiyat edirlər.
Surxay Əliyev