EN

Zenit-artilleriya komplekslərinin təkmilləşdirilməsi perspektivləri – ANALİZ

Son 30 ildə baş vermiş beynəlxalq silahlı münaqişələrin təhlili göstərir ki, hava məkanı hərbi qarşıdurmanın mühüm sahəsidir. Bununla əlaqədar olaraq qanadlı raketlər, “hava-yer” sinif raketlər, pilotsuz uçuş aparatları (PUA) və digərləri kimi hava hücumu silahları geniş yayılıb. Belə şəraitdə kiçik ölçülərə və az effektiv əksetdirmə səthinə malik hava hədəfləri ilə mübarizə vəzifəsi getdikcə aktuallaşır. Onları məhv etmək üçün ən təsirli məhvetmə vasitəsi olaraq müxtəlif çaplı zenit-artilleriya kompleksləri (ZAK) qalmaqda davam edir. Çünki orta və uzun mənzilli zenit-raket komplekslərinin (ZRK) istifadəsi “xərc/səmərəlilik” meyarı nöqteyi-nəzərindən iqtisadi cəhətdən sərfəli deyil.

Zenit-artilleriya kompleksi dedikdə, atəş üçün seçilmiş hədəfin aşkarlanmasını, tanınmasını və müşayiət edilməsini, habelə atəşin hazırlanmasını və aparılmasını təmin edən funksional əlaqəli zenit topları (avtomatları) və müxtəlif texniki vasitələrin məcmusu başa düşülür. Sözügedən komplekslər mobil və stasionar ola bilər. Bu, potensial bütün döyüş növlərində düşmənin mobil hissə və bölmələri və ya stasionar hərbi və mühüm infrastruktur obyektlərini hava hücumundan himayə etmək üçün sifarişçilər tərəfindən qoyulan tələblər əsasında müəyyən edilir.

Orduların silahlanmasındakı bəzi hava hücumundan müdafiə (HHM) silahlarının effektivliyi döyüş fəaliyyətlərinin müasir tələblər səviyyəsində aparılmasına cavab vermir. Hətta uzunmüddətli istismar nəticəsində özünü yaxşı tanıtmış bir çox silah nümunələrinin çoxunun yaradılmasından demək olar ki, 40-50 il müddət keçmişdir və artıq onlar müasir tələblərə tam cavab verməyərək mənəvi cəhətdən köhnəlmişlər.

Son illərdə aparılan döyüş fəaliyyətləri zamanı HHM sistemində müxtəlif tipli PUA-lara qarşı mübarizə xüsusi yer tutur. Bu problemin həllində dünya təcrübəsi göstərir ki, ən böyük çətinlik kiçik ölçülü taktiki pilotsuz aparatlar aşkar edildikdə və fasiləsiz olaraq müşayiət edildikdə məhv edilməsi zərurəti ilə bağlıdır. Bu vasitələr həddən artıq aşağı hündürlüklərdə uçmağa qadirdir və onların ZRK-nin himayə etdiyi ərazidə qalmaları məhduddur. Kütləvi istifadə zamanı bu cür aparatların aşkar edilməsi və dayanıqlı izlənilməsi halında, HHM bölmələrinin zenit idarə olunan raketlərinin (ZİR) döyüş dəstinin həddindən artıq sərfiyyatı baş verə bilər ki, bu da onların hərbi əməliyyatlarda sonrakı iştirakdan çıxarılmasına səbəb olacaqdır.

ZAK-ın obyektləri himayə etməkdə qarşılaşdığı tapşırıqlardan irəli gələrək, onlar müxtəlif çaplı mərmilərlə təchiz edilir: kiçik çaplı (20-60 mm), orta çaplı (60-100 mm) və iri çaplı (100 və ya daha böyük). Qeyd etmək lazımdır ki, kiçik çaplı komplekslər yüksək atəş tezliyinə və mobilliyə, lakin qeyri-kafi (yaxın) atış məsafəsinə və sursatın zəif gücünə malikdir. Orta və iri çaplı komplekslər aşağı atəş tezliyinə malikdir, mərmilərinin maksimal məsafəyə uçuşu qeyri-bərabər sürətlə baş verir ki, bu da aşağıdan uçan hava hədəfinə atışı xeyli çətinləşdirir. Bununla yanaşı, iri çaplı mərmilərin qiyməti nisbətən yüksəkdir. Bundan başqa, kiçik hədəflərə atəş açmaq baxımından və “xərc/effektivlik” meyarına görə, zenit idarəolunan raketlərlə təchiz edilmiş ZRK ilə rəqabətdə uduzurlar.

Hazırda dünya ölkələrinin ordularında müxtəlif növ zenit-artilleriya kompleksləri istifadə olunur. Bu komplekslərin bəziləri yeni olsa da, böyük əksəriyyəti köhnədir və artıq müasir tələblərə cavab vermir. Bu səbəbdən də bir çox ölkələrin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən mütəxəssislər həm təşəbbüs qaydasında, həm də hərbiçilərin taktiki-texniki tapşırıqları əsasında mövcud nümunələrin təkmillədirilməsi üzərində işləyirlər. Nəticədə bəzi “qocaman” silah nümunələri yeni avadanlıqlarla təchiz edilərək yüksək taktiki-texniki xüsusiyyətlər əldə edir.

Polşa Respublikası azsaylı NATO ölkələrindən biridir ki, onun silahlı qüvvələri əhəmiyyətli sayda artilleriya və artilleriya-raket zenit qurğularına malikdir. Üstəlik, Polşa Ordusunun komandanlığı nəinki zenit-artilleriyasından imtina etməyi planlaşdırmır, həm də müasir gündüz-gecə işləyən optoelektronik nişangahların və yüksək avtomatlaşdırılmış atəşi idarəetmə sistemlərinin yaradılması üçün sifarişlər verərək gələcək təkmilləşdirmə proqramlarını həyata keçirir.

Polşalı hərbi mütəxəssislərin fikrincə, bu qurğular sırasında ölkədə lisenziyalı istehsalına 1972-ci ildə başlanmış 23 mm-lik ZU-23-2 qoşalaşdırılmış zenit qurğuları daha böyük dəyərə malikdir. Ekspertlərin hesablamalarına görə, hazırda Polşa Ordusunun döyüş bölmələrində və anbarlarda 300-dən çox belə qurğu ola bilər. Polşanın 23 mm-lik ZU-23-2 zenit silahları dəfələrlə təkmilləşdirilmişdir. 2002-ci ildə kombinələşdirilmiş gündüz/gecə passiv optoelektron “Prexer CKE-2” nişangahı və “Grom” (“İqla”) zenit raketləri olan iki nəqletmə-buraxma konteyneri ilə təchiz olunmuş ZUR-23-2KG “Jodek-G” artilleriya-raket zenit buraxma qurğuları qoşunlara daxil olmağa başlayıb. Qurğunun tərkibinə daşınan zenit-raket komplekslərinin (DZRK) daxil edilməsi sayəsində hava hədəflərinə qarşı atəş məsafəsi 5000 m-i keçib və 500 m/s sürətlə uçan hava hədəflərini məhv etmək imkanı əldə edilib. Polşalı mütəxəssislərin fikrincə, ZUR-23-2KG “Jodek-G” kompleksinin effektivliyi orijinal ZU-23-2 ilə müqayisədə 5 dəfədən çox artıb və gecə vaxtı dəqiq atəş açmaq mümkün olub.

2007-ci ildə lazer məsafəölçən ilə uzlaşdırılmış gecə-gündüz görmə qabiliyyətinə malik müasir nişangahla təkmilləşdirilmiş qurğu hazırlanıb. Qurğunun döyüş dəstinə artırılmış başlanğıc sürətli çapaltı zirehdələn-yandırıcı və zirehdələn-yandırıcı-izburaxan mərmilər daxil edilib. Bununla da qurğunun effektiv atəş məsafəsi təxminən 20% artırılıb. 2015-ci ildə isə qurğunun tərkibinə CKE-1T axtarış-nişangah termal cihazı daxil edilib.

2016-cı ildə Polşa Müdafiə Nazirliyi aviasiya bazalarını aşağı hündürlükdə fəaliyyət göstərən hava hücumu silahlarından müdafiə etmək üçün “Pilica” (PSR-A) atəşi idarəetmə sistemi ilə təchiz edilmiş altı artilleriya-raket batareyası sifariş edib. Batareyanın tərkibinə kompüterləşdirilmiş atəşi idarəetmə sistemi ilə təchiz edilmiş mobil idarəetmə mərkəzi, “Piorun” (“Grom-M”) raketli altı ədəd ZUR-23-2SP “Jodek” kombinə edilmiş artilleriya-raket zenit qurğusu, iki nəqliyyat maşını və döyüş sursatı daşımaq üçün iki maşın daxildir. Hədəf təyinatı mobil 3D IAI ELM-2106NG radar stansiyasından gəlir. Həmçinin, zenit batareyasına bir neçə mühafizə maşını verilir.

Bundan başqa, Polşa Ordusu silahlanmasında olan “Hibneryt” özüyeriyən zenit qurğularını (ÖZQ) 2007-ci ildə təkmilləşdirib. Əgər ilk “Hibneryt” ÖZQ-ın zirehli müdafiəsi yox idisə, “Star 266M” şassisinə inteqrasiya edilən “Hibneryt-P” ÖZQ-da heyəti 300 m məsafədən atılan yüngül qəlpələrdən və tüfəng güllələrindən qoruyan zireh mövcuddur. 2010-cu ildə daha yüksək səviyyədə ballistik və mina müdafiəsinə, həmçinin artırılmış atəş bucaqlarına malik “Hibneryt-3” ÖZQ yaradılmışdır.

Polşa Ordusnun HHM bölmələrinin silahlanmasında olan digər zenit silahı isə 23 mm-lik ZSU-23-4 “Şilka” ÖZQ-dir. Məlumdur ki, ZSU-23-4 “Şilka” ÖZQ artıq müasir tələblərə cavab vermir. 2000-ci ildə Polşada ən az köhnəlmiş ZSU-23-4 “Şilka” ÖZQ-nin təkmilləşdirilməsi üçün layihə hazırlanmış, təkmilləşdirmənin qurğuların xidmət müddətini daha 20 il uzatmalı olan əsaslı təmirlə birləşdirilməsi planlaşdırılmışdır. Təkmilləşdirilmiş qurğuya ZSU-23-4MP “Biala” adı verilmişdir. Təkmilləşdirmədən sonra ZSU-23-4 ÖZQ imkanları əhəmiyyətli dərəcədə artmışdır. Kompleksin silahlanmasının tərkibinə 5500 m-ə qədər məsafədə aşağı hündürlükdə uçan hava hədəflərini vura bilən 4 ədəd “Grom” ZİR daxil edilib. Yeni avadanlıq və yeni çapaltı atəş yığımlarının əlavə edilməsi ilə sursatların qismən dəyişdirilməsi avtomatik topların effektiv atəş məsafəsini 3,5 km-ə qədər artırıb.

Ukraynanın Kiyev şəhərində yerləşən “Arsenal zavodu” dövlət müəssisəsində ZSU-23-4M “Şilka-4M” ÖZQ-nın digər bir nümunəsi hazırlanmışıdr. Qurğu A1, A2 və A3 olmaqla üç variantda təkmilləşdirilmişdir. İstehsalçının bildirməsinə görə bu qurğuların təkmilləşdirilməsində əsasən yerli istehsal olan qovşaq və aparatlardan istifadə olunmuşdur. Üçlüyün A3 variantı tam şəkildə bütün mümkün olan avadanlıqlar quraşdırılmış bir modeldir. ÖZQ-nın A1 modifikasiyasında mövcud olan RLS əvəzinə yeni çoxfunksiyalı RLS quraşdırılmış, analoq hesablama-həlletmə cihazı “Rokaç-AS” rəqəmsal antena qəfəsli çoxfunksiyalı, hədəfi 35 km məsafədə təyin etməyə imkan verən rəqəmsal antena qəfəsli RLS ilə əvəz edilmişdir. A2 modifikasiyasında A1 variantında olan avadanlıqlardan əlavə qurğuya hədəfi təyin və müşayiət edən yeni optik-lokasiya sistemi, rəqəmsal hesablama sistemi, yeni idarəetmə alqoritmləri quraşdırılmışdır. Həmçinin qurğuya köhnə TNA-2 tank naviqasiya aparaturasının əvəzinə yeni naviqasiya sistemi, təminat sistemi və rəqəmsal-analoq çeviricilər bloku quraşdırılmışdır. A3 modifikasiyasında isə A2 varinantında quraşdırılmış avadanlıqlara əlavə olaraq yerli istehsal olan, Rusiyanın 9K38 “İqla” DZRK-nin analoqu “336-24” DZRK modulu yerləşdirilmişdir ki, bu da mürəkkəb maneələr şəraitində hava hədəflərini 0,4 – 0,6 ehtimal əmsalı ilə 5 km məsafədə məhv etməyə imkan verir. A3 variantında təkmilləşdirmədən sonra ZSU-23-4М “Şilka -4М” ÖZQ zenit raket-artilleriya kompleksinə dönmüşdür.

Belarus Respublikasının BSVT şirkəti tərəfindən ZSU-23-4M “Şilka-4M” ÖZQ-nun daha bir variantı təkmilləşdirilmişdir. ÖZQ-da radio-cihaz kompleksinin (RCK) 1RL33 RLS-dən, hesablama-həlletmə cihazından, vizirləmə xəttini sabitləşdirmə sistemindən və atəş xəttini sabitləşdirmə sistemindən ibarət bütün elementləri tam şəkildə müasir avadanlığa dəyişdirilmişdir. ZSU-23-4M “Şilka-4M” ÖZQ-nin ZSU-23-4MB “Şilka-4MB” səviyyəsinə qədər təkmilləşdirilməsi nəticəsində qurğunun üzərindən ümumi kütləsi 2 tondan artıq olan 56 ədəd blok çıxarılmışdır. Eyni zamanda tırtıllı QM-575 maşının təkmilləşdirilməsi də yerinə yetirilmişdir. Yerinə yetirilmiş təkmilləşdirmədən sonra ZSU-23-4M “Şilka-4M” ÖZQ-nin döyüş imkanları ≈2 dəfə artmış, özünü aşkar etmədən düşmənin təyyarələrini, helikopterlərini və PUA-larını uzaq məsafələrdə aşkar və müşayiət etmək, həmçinin yüksək dəqiqliklə məhv etmək imkanı əldə etmişdir.

Vyetnamda da ilkin modifikasiyalarda istifadə edilən bort radioelektronikasının uzun və ümidsiz şəkildə köhnəldiyini nəzərə alaraq ZSU-23-4 “Şilka” ÖZQ-nin təkmilləşdirilməsi yerinə yetirilib. Vyetnam Xalq Ordusunun Hərbi Elmlər və Texnologiyalar Elmi-Tədqiqat İnstitutunun rəhbərlik etdiyi bir sıra yerli müəssisələr köhnəlmiş texnikanın döyüş keyfiyyətlərini nəzərəçarpacaq dərəcədə artırmağı təmin edən təkmilləşdirilməsi layihəsini həyata keçiriblər.

Hazırda ümumi istehsal sayı 140-150 min ədəd olmaqla dünyanın 50-dən artıq ordusunda 23 mm çaplı ZU-23-2 qoşalaşdırılmış zenit qurğusu silahlanmada durur. Bu qurğuların keçən əsrin 50-ci illərinin sonlarında inkişaf etdirildiyini və 1960-cı ildən etibarən silahlanmada olduğunu nəzərə alaraq söyləmək olar ki, onlar artıq özlərinin taktiki-texniki xassələrinə görə müasir hava hədəflərinə qarşı döyüşün tələblərinə cavab vermirlər. Bunu nəzərə alaraq, bəzi ölkələrdə hərbi və müdafiə sənayesi sahəsinin mütəxəssisləri ZU-23-2 zenit qurğusunun təkmilləşdirilməsi istiqamətində bir çox konstruktor-mühəndis işləri yerinə yetirmişlər.

Rusiya Federasiyasında 1995-1996-cı illərində “Ulyanovsk mexaniki zavodu”nda ÖZQ-nun ZSU-23-4M3 “Biryusa” modifikasiyasına radiolokasiya atəşi idarəetmə sistemi, həmçinin “Strelets” idarəetmə aparaturası və buraxma modulları dəsti (İABMD) quraşdırılaraq qurğunun ZSU-23-4M4 “Şilka-M4” variantı yaradılmışdır. “Strelets” İABM quraşdırılması ilə ZSU-23-4 “Şilka” ÖZQ-nin döyüş xüsusiyyətləri 2 dəfə artmış və yekunda raket-top qurğusuna çevrilmişdir.

“Ulyanovsk mexaniki zavodu” tərəfindən yerinə yetirilmiş növbəti təkmilləşdirmə zamanı atəş gücünün artırılması və idarəetmənin yaxşılaşdırılmasından ötrü qurğunun ZSU-23-4M4 “Şilka-M4” modifikasiyasına müasir radiolokasiya və optik-elektron atəşi idarəetmə sistemi quraşdırılmaqla ZSU-23-4M5 “Şilka-M5” təkmilləşdirilmiş variantı hazırlanmışdır.

Rusiyanın ZU-23-2 zenit qurğuları da bir neçə modifikasiyada təkmilləşdirilib. Bunlara öz aralarında konstruktiv cəhətdən fərqlənən ZU-23-2M /2M1 /2M2, ZU-23-2M1-2, ZU-23-2M3, ZU-23-2M1-3, ZU-23-2/30M1-3 və ZU-23-2/30M1-4 qurğuları aiddir. Yeni modifikasiyalar bəzi ümumi ideyalara və həll yollarına əsaslansa da, döyüş keyfiyyətlərinə təsir edən müəyyən fərqlərə malikdirlər. Eyni zamanda həm silahlanma, həm də əlavə yeni avadanlıq növləri baxımından maksimal dərəcədə unifikasiya olunublar.

Müasir silahlı münaqişələri kustar üsulla hazırlanmış hərbi texnikanın istifadə edilmədiyini təsəvvür etmək çətindir. Döyüşlərə hazırlaşan müxtəlif silahlı birləşmələr mövcud mülki nəqliyyat vasitələrinə bu və ya digər növ silahlar quraşdırır. Artıq bir müddətdir ki, ciddi silah istehsalçıları da belə “nümunələrə” maraq göstərməyə başlayıblar. Beləliklə, başqasının təcrübəsi və öz inkişafları əsasında Rusiya müdafiə sənayesi SAMUM təkmilləşdirilmiş ultra-mobil çoxməqsədli artilleriya qurğusu yaradıb. Perspektivli kompleksin əsas komponentlərindən biri tanınmış 23 mm çaplı ZU-23-2 qoşalaşdırılmış zenit qurğusudur. SAMUM məmulatı yüngül təkərli platformalı zirehli avtomobildən və onun üzərində bir cüt 23 mm-lik avtomatik topu olan zenit-artilleriya qurğusundan ibarətdir. Ümumilikdə, kompleks çoxdan tanınmış həllərə və seriyalı aqreqatlara əsaslanır. Yeni tipli şassi ZU-23-2/30M1-4 zenit-artilleriya qurğusu ilə təchiz edilib. Artilleriya və ya raket-artilleriya silahları olan mühafizə olunan döyüş maşını, uçan aparatlarla mübarizə qabiliyyətini saxlamaqla bölmələrə atəş dəstəyi və yerüstü hədəflərə hücum vasitəsi kimi istifadə edilə bilər.

Almaniya Federativ Respublikasının “Rheinmetall Air Defence” şirkəti 1961-ci ildən bəri istehsal edilən və ən azı 36 ölkə tərəfindən alınmış dünyaca məşhur 35 mm-lik “Oerlikon GDF” zenit qurğularının ən son inteqrasiyası olan “Oerlikon GDF-009” qoşalaşdırılmış yedəkli zenit qurğusunu yaradıb. Eyni zamanda, ümumilikdə, “Oerlikon GDF-009” artilleriya qurğusu bu sistemin əvvəlki GDF-001-dən GDF-007-ə qədər olan seriyalı versiyalarının konstruktiv quruluşunu qoruyub saxlayıb və iki 35 mm-lik “Oerlikon KDC” avtomatik topu ilə dəstləşdirilib. “Oerlikon GDF-009” modeli dörd təkərli lafetə əsaslanır və döyüş mövqeyində yerləşdirildikdə üç stabilizator tərəfindən yer səthindən yuxarı qaldırılır. O, həmçinin avtomatik nizamlama sistemi ilə təchiz olunub. Bu sistemə RLS, optoelektron və lazer kanallarından ibarət sistem daxildir və qoşquya yerləşdirilir. Bir idarəetmə sistemi iki zenit qurğusunu idarə edir.

“Oerlikon GDF-009 EO” modifikasiyasında “Chess Dynamics” şirkətinin termal, optoelektron və lazer kanalları ilə təchiz olunmuş sabitləşdirilmiş dairəvi müşahidə modulundan ibarət gecə-gündüz elektro-optik hədəf izləmə sistemi quraşdırılıb. “Oerlikon GDF-009 TREO” modifikasiyasında isə əlavə olaraq elektron-optik bloklu X-diapazonlu hədəf aşkarlama və izləmə RLS də quraşdırılıb. “Oerlikon GDF-009” zenit qurğusu havada partlama imkanlı yeni AHEAD proqramlaşdırıla bilən atəş yığımları ilə atış aparmağa qadirdir.

Cənubi Afrika Respubliksı (CAR) Silahlı Qüvvələrinin arsenalında olan “Oerlikon GDF-005” zenit kompleksi lüləsinin uzunluğu 90 çap olan 35 mm çaplı qoşalaşdırılmış topla təchiz edilib. Zenit silahının atəş tezliyi hər lülə üçün 550 atış təşkil edir. Lakin bu xüsusiyyətlər müasir uçuş aparatlarına qarşı mübarizə aparmaqda kifayət etmir. Bunu nəzərə alan CAR hərbçiləri 35 mm çaplı “Oerlikon GDF-005” qısa mənzilli zenit-artilleriya komplekslərinin təkmilləşdirilməsi qərarını qəbul etmişlər. Nəticədə Almaniyanın “Rheinmetall” şirkəti ilə CAR-ın Müdafiə Nazirliyi arasında imzalanmış müqavilə çərçivəsində ordunun silahlanmasında olan “Oerlikon GDF-005” (və ya “Oerlikon GDF Mark V”) avtomatik kompüterləşdirilmişdir zenit-artilleriya qurğularının yeni “Oerlikon Skyshield” atəşi idarəetmə sistemləri ilə təchiz edilmişdir. Bundan başqa, müqavilə çərçivəsində 35 mm-lik “Oerlikon GDF-005” toplarının özləri də təkmilləşdirilmişdir. Təkmilləşdirmə sayəsində “Oerlikon GDF-005” topları əvvəlcədən proqramlaşdırıla bilən APAA atəş yığımlarından istifadə etmək imkanı əldə etmişdir. Nətəcədə “Oerlikon GDF-005” zenit-artilleriya qurğuları MkVII səviyyəsinədək təkmilləşdirilmişdir. Beləliklə, 35 mm-lik “Oerlikon GDF-005” qurğusunun təkmilləşdirilməsi və əsaslı təmiri CAR-da həm adi, həm də asimmetrik təhlükələrlə mübarizə apara bilən müasir HHM sistemi yaratmağa imkan vermişdir.

Slovakiya Respublikasının EVPU şirkəti həm 23 mm-lik ZU-23-2, həm də 35 mm-lik “Oerlikon GDF-009” zenit qurğularının təkmilləşdirilməsi üçün modul komponentlər hazırlayıb. ZU-23-2 və “Oerlikon GDF 009” qoşalaşdırılmış zenit qurğuları üçün hazırlanmış komponentlər dəsti silah sistemlərinin təkmilləşdirilməsini təmin edir. 23 mm çaplı ZU-23-2 zenit qurğusu üçün təyin edilmiş komponentlər kompleksi avtomatlaşdırılmış idarəetmə sisteminin kompüterlə təkmilləşdirilməsini, lazer məsafəölçənli optoelektronika qutusunun inteqrasiyasını, obyektin tanınması, hədəfi avtomatik müşayiətetməni və hərəkət edən hədəflərin axtarışı avadanlığını özündə cəmləşdirir. Silahın bütün orijinal idarəetmə komponentləri və funksiyaları qorunub saxlanılıb və işlək vəziyyətdə qalır. 35 mm-lik “Oerlikon GDF 009” zenit qurğusu üçün təyin edilmiş komponentlər dəsti, nəticədə səs-küy və istilik ayrılmalarını azaldan akkumulyator batareyalarından intellektual rəqəmsal idarəetmə sistemi və enerji təminatı bloku şəklində təkmilləşdirməni təmin edir.

Türkiyə Respublikası müdafiə sənayesi də zenit-artilleriya qurğularının təkmilləşdirilməsi istiqamətində müəyyən işlər yerinə yetirmişlər. Belə ki, lisenziya əsasında 35 mm-lik “Oerlikon GDF-3” zenit qurğusu yerli MKE şirkəti tərəfindən “MKE GDF-003B” markası ilə istehsal olunur. Uzunmüddətli istismar nəticəsində ortaya çıxan texniki problemlərin həlli və döyüş tapşırıqlarının daha dəqiq yerinə yetirilməsi məqsədi ilə “MKE GDF-003B” zenit qurğusu ASELSAN şirkəti tərəfindən təkmilləşdirilərək “MKE/Aselsan GDF-003B” adlandırılmışdır. Təkmilləşdirmə zamanı MKE qurumu 35 mm-lik avtomatik topları, ASELSAN isə onunla birlikdə işləyəcək atəşi idarəetmə və komanda sistemini hazırlamışdır. Bu sistemin “Skyguard” sistemi ilə oxşar cəhətləri var. Atəşi idarəetmə və komanda sistemi ASELSAN şirkətinin istehsalı olan 3D axtarış RLS-i, atəşi idarəetmə RLS-i, elektro-optik sensorlar və digər elektronikadan ibarətdir. Hər bir silah sistemi 1100 (2×550) atəş/dəqiqə atəş tezliyi ilə 4 km-lik effektiv məsafəyə atəş aça bilir. Təkmilləşdirmə sistemə hədəfin qarşısında əvvəlcədən hesablanmış nöqtədə partlayan, ASELSAN istehsalı 35 mm-lik ATOM hava partlamalı atəş yığımı ilə atəş aparmağa imkan verir.

35 mm-lik hava partlamalı ATOM sursat konsepsiyası sabit/fırlanan qanadlı təyyarələr, qanadlı raketlər, “hava-yer” sinif raketlər və pilotsuz uçuş aparatları və digər dəqiq idarə olunan silahlar da daxil olmaqla müasir hədəflərə qarşı silah sistemlərinin effektivliyini artırmaq üçün inkişaf etdirilib. ASELSAN şirkətinin atəşi idarəetmə və komanda sisteminə 35 mm-lik top platforması ilə birlikdə aşağı hündürlük ZRK də inteqrasiya edilə bilər. “Oerlikon GDF-009” qurğusunda olduğu kimi, hər bir silah platforması silahın enerji təminatı bloku qismində fəaliyyət göstərən və lazım olduqda kənar mənbədən doldurula bilən inteqrasiya olunmuş akkumulyator batareyası ilə təchiz edilib.

ASELSAN şirkəti tərəfindən hazırlanmış “Korkut” özüyeriyən zenit qurğusu modernləşdirilmiş “MKE GDF-003B” qurğusunun əsasında hazırlanmış və amfibiya qabiliyyətinə malik FNSS ACV-30 şassisinə yerləşdirilmişdir. Sistemin 35 mm çaplı KDC-02 topu lisenziya əsasında MKE tərəfindən istehsal edilib. Hər bir “Korkut” sistemi bir “Korkut KKA” (“Korkut Komuta Kontrol Aracı”) komanda-idarəetmə maşınından və üç silah platformalı “Korkut SSA” (“Korkut Silah Sistemi Aracı”) döyüş maşınından ibarətdir. Komanda-idarəetmə vasitəsi 70 km effektiv axtarış məsafəsinə malik 3D axtarış RLS-nə malikdir. Hər bir silah platforması maşını qapalı qoşalaşdırılmış 35 mm-lik topları, atəşi idarəetmə RLS-i və elektro-optik sensorları daşıyır.

“Korkut SSA” döyüş maşınının gövdəsinin poqonunda MKE GDF-002 avtomatik topları olan insansız qüllə quraşdırılıb, silah qurğusu iki müstəvidə sabitləşdirilib. Qurğuda avtomatik lentsiz sursat qidalanma mexanizmi (Otomatik Şeritsiz Mühimmat Besleme Mekanizması – OŞMBM) iki müxtəlif növ sursatın eyni anda doldurulmasına və üstünlük verilən sursatların istənilən vaxt seçilərək atəş aparılmasına imkan verir. 35 mm KDC-02 tipli ikilüləli silah sisteminin atəş tezliyi dəqiqədə 1000 (2×500) atəş təşkil edir. Bütün sistemlər və silahlar uzaqdan idarə olunur, döyüş işləri yarımavtomatik və avtomatik rejimlərdə yerinə yetirilir. Əsas iş üsulu idarəetmə vasitəsi ilə qarşılıqlı əlaqəni və hədəf təyinatı üzrə atəş aparmanı əhatə edir. Eyni zamanda ÖZQ-dan müstəqil istifadə etmək mümkündür.

“Korkut KKA” maşınının heyəti 3 nəfər (komandir, sistemlər operatoru və sürücü-mexanik) və “Korkut SSA” döyüş maşınının heyəti 3 nəfərdir (komandir, tuşlayıcı-operator, sürücü-mexanik).

Texniki baxımdan, “Korkut” kompleksi yaxşı xüsusiyyətlərə malik, tapşırıqların öhdəsindən gəlməyə kifayət qədər qadir olan olduqca yaxşı bir sistemdir. Qeyd etmək lazımdır ki, hazırda “Korkut” Türkiyə Ordusunda yeganə özüyeriyən zenit-artilleriya qurğusu olaraq qalır. Əvvəlki illərdə bu kompleksin yaradılması prosesi ilə paralel olaraq ABŞ istehsalı köhnə M42 “Duster” ÖZQ-lar ehtiyata çıxarılıb və yəqin ki, lazımsız olduqları üçün tezliklə onların utilizasiyasına başlanacaq.

İran İslam Respublikasında pilləli HHM sisteminin yaradılmasına diqqət yetirildiyi üçün hərbi komandanlıq alçaqdan uçan hava hədəflərinə, PUA və qanadlı raketlərə qarşı effektiv və ucuz vasitə kimi inteqrasiya olunmuş aşkarlama/hədəf təyinatlı RLS və avtomatlaşdırılmış atəşi idarəetmə sistemləri olan zenit-artilleriya qurğularının inkişafına xüsusi yer verir. Onların arasında hədəfləri müşayiət etmək üçün televiziya kanalı və DZRK buraxma qurğularının inteqrasiya edilməsi ilə sovet ZSU-23-4 “Şilka” ÖZQ-nin təkmilləşdirilməsi, qoşalaşdırılmış lüləli 57 mm-lik “Bəhman” ÖZQ, üç lüləli 23 mm-lik “Asefeh” ÖZQ, uzaqdan atəş idarəsi ilə yedəyə alınan səkkiz lüləli 23 mm “Mesbah-1” zenit qurğuları yer tutur.

İran Müdafiə Sənayesi Təşkilatına daxil olan müəssisələrin birgə fəaliyyəti nəticəsində 2000-ci illərin əvvəllərində sovet istehsalı köhnə 23 mm-lik ZU-23-2 qoşalaşdırılmış zenit qurğusu ilkin olaraq “Mesbah”, sonradan isə 2010-cu illərdə “Mesbah-1” variantında təkmilləşdirilmişdir. ZU-23-2 qurğusunun təkmilləşdirilməsi zamanı yerli mütəxəssislər bir qurğuda silahların sayını artırılması və yeni atəşi idarəetmə sisteminin köməyi ilə nişanalma və atəş açma prosesini avtomatlaşdırmaqla atəşin sıxlığını yüksəltməyə diqqət yetirmişlər. Bu da, hava hədəflərinə dəqiq atəş açmağa və heyətlərin təhlükəsizliyini artırmağa, eyni zamanda atəş zamanı silahların yanında olmamağa imkan vermişdir.

“Mesbah-1” zenit qurğusu yaxın müdafiəni təmin etmək üçün qısa mənzilli sistemdir. Əsas təyinatı düşmənin alçaq və çox alçaq hündürlüklərdə uçan hava hədəflərini məhv etməkdir. 8 ədəd qoşalaşmış iki avtomatik topdan ibarət artilleriya silah sistemi fırlanan platformada hazırlanıb və təkərli gediş üzərində quraşdırılıb. ZU-23-2 tipli dörd sistemin hər biri özünün sursat qidalanma sistemi ilə təchiz edilib. Zenit-artilleriya sisteminin atəş tezliyi dəqiqədə 8000 atəş təşkil edir. Zenit-artilleriya sistemi 30 kilometrə qədər məsafələrdə raket tipli hava hədəflərinin aşkarlanmasını təmin edən “Planar Radar Array” RLS ilə təmin edilib. Əlavə avadanlıq olaraq, ehtiyat idarəetmə və tuşlama sistemi nəzərdə tutulub. Yalnız optik sistemlərlə işləyərkən artilleriya kompleksi 10 km-ə qədər məsafədəki hədəfləri aşkar edə bilir. Atəşi idarəetmə sistemi hədəflərinə 10 km-lik zonaya çatmasından sonra silahları tuşlamağa başlayır. Hədəf zenit-artilleriya sisteminin fəaliyyət zonasına daxil olmazdan 20 saniyə əvvəl idarəetmə modulu onu vurmaq və ya boş buraxmaq barədə qərar qəbul edir. “Mesbah-1” zenit kompleksi “Səmavat” zenit qurğusunun enli gedişi üzərində yerləşdirilib və hərbi yük avtomobili ilə yedəyə alınır.

İran mütəxəssislərinin təkmilləşdirdiyi digər zenit silahı isə təkərli şassidə yerləşdirilmiş “Bəhman” mobil zenit qurğusudur. Açıq mənbələrin məlumatına və şəkillərə əsasən söyləmək olar ki, zenit-artilleriya qurğusu 57 mm çaplı qoşalaşdırılmış avtomatik topla təchiz olunub. Xarici görünüşdən qurğunun artilleriya hissəsi Ukrayna istehsalı KrAZ-6322 yük maşınının şassisinə quraşdırılmış sovet istehsalı 57 mm-lik ZSU-57-2 ÖZQ-nin təkmilləşdirilmiş qülləsinə bənzəyir. Zenit qurğusunun topları 85 dərəcə qalxa və 360 dərəcə fırlana bilir. Artilleriya topunu sabitləşdirməkdən ötrü dörd hidravlik dayaqdan istifadə olunur ki, onlar da yük maşınının kabinəsindəki bir düymənin sıxılması ilə sürətlə yığılır və açılır. “Bəhman” zenit qurğusunun silahlanması mexanizmlərin güzgü düzülüşü ilə fərqlənən lülə uzunluğu 76,6 çap (4365 mm) olan iki S-60 topundan ibarət 57 mm-lik iki S-68 avtomatik silahıdır. Qurğunun avtomatikası lülənin qısa gedişində təpmə enerjisindən istifadə etməklə işləyir. İstehsalçının sözlərinə görə, zenit-artilleriya kompleksi təkcə qırıcıları və helikopterləri vurmağa deyil, həm də radarlara görünməyən aşağı hündürlükdə uçan qanadlı raketləri tutmağa və məhv etməyə qadirdir.

Beləliklə, müasir şəraitdə müxtəlif ölkələrdə silahlanmada olan və inkişaf etdirilən zenit-artilleriya kompleksləri kiçik hava hədəfləri, ilk növbədə PUA, qanadlı raketlər, raketlər, artilleriya mərmiləri və minaatan minaları ilə mübarizə baxımından HHM sistemində ən təsirli vasitədir. Bir çox ölkələrdə ZAK-ın yaradılması və ya mövcudlarının təkmilləşdirilməsi üzrə ən intensiv işlər aparılır. Gələcəkdə obyektlərin gecə-gündüz və istənilən hava şəraitində hava hücumlarından etibarlı qorunmasını təmin etmək üçün zenit-artilleriya kompleksləri ilə lazer silah sistemlərini birgə tətbiq etmək mümkündür.

Əhəd Əzizov, müdafiə texnologiyaları mütəxəssisi

POLİQON JURNALI

Chosen
0
poliqon.az

1Sources