BAKI, TurkicWorld
Otokar Rumıniyanın 2,5 milyard avroluq nəhəng tenderində iştirak edir..
TurkicWorld xəbər verir ki, Rumıniyanın Müdafiə Nazirliyi 246 ədəd zirehli döyüş maşınının alınması üçün tender elan edib.
Türkiyənin müdafiə sənayesi şirkəti Otokar bu tenderdə “Tulpar” modeli ilə iştirak etməyə hazırlaşır.
İki mərhələli proqram çərçivəsində ümumilikdə 298 avtomobilin alınması planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 2,5 milyard avrodan çox, ümumi dəyəri isə 3 milyard avroya yaxın olacaq.
Yeni zirehli maşınlar Rumıniya Quru Qoşunlarının hərəkətliliyini, atəş gücünü və müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır. Təchizatların səkkiz il ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
BSDA 2024 sərgisində Otokar şirkəti “Tulpar” ACV platforması ilə tenderdə iştirak niyyətini açıqlayıb. Şirkətin yerli istehsala və texnologiya transferinə açıq olması Rumıniyanın əsas tələblərinə uyğundur.
Tenderdə digər iştirakçılar arasında Almaniyanın Rheinmetall (KF41 Lynx), Böyük Britaniyanın BAE Systems (CV90), Cənubi Koreyanın Hanwha (Redback) və İspaniyanın GDELS (ASCOD 2) şirkətləri də yer alıb.
Qeyd edək ki, Rumıniya Müdafiə Nazirliyi bu proqramı prioritet layihə kimi təsnif edir. Hazırda istifadə edilən sovet mənşəli MLI-84 və MLI-84M “Jderul” platformalarının müasir döyüş tələblərinə cavab vermədiyi bildirilib.
Bundan əvvəl Otokar 2024-cü ilin oktyabr ayında Rumıniyanın 4×4 Taktik Təkərli Yüngül Zirehli Vasitə tenderini də qazanıb. Bu çərçivədə 1059 COBRA II avtomobili və inteqrasiya olunmuş logistik dəstək təmin olunacaq. Müqavilənin ilkin dəyəri 857 milyon avro, ümumi dəyəri isə 1 milyard dolları keçə bilər.