EN

Moskva aeroportunda nələr yaşanıb? – Badamovla Rusiyaya gedən deputat DANIŞDI

Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.

Tribunainfo.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib.
Modern.az-a açıqlamasında səfərdə iştirak edən digər deputat Elman Nəsirov bildirib ki, ilkin olaraq sərhəd xidmətindən rahat keçiblər:
“Heç bir problem yox idi, hər şey qaydasındaydı. Daha sonra iki nəfər Sərhəd Mühafizəsinin əməkdaşları yaxınlaşdı ki, sizinlə bağlı dəqiqələşdirmə aparılmalıdır, sizə “STOP” qoyulub.  Azər müəllim də söylədi ki, 10 gün qabaq Dağıstanda səfərdə olub. “Necə oldu ki, mən Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm”, -o deyib. “Rusiya ilə dostluq qrupunun, MDB-də bizim nümayəndə heyətinin üzvüdür, Azər müəllim. Bu nə anlaşılmazlıqdır?”, desək də, “kompüterdə texniki səhv olmuş ola bilər”, deyə cavab verildi. Bir neçə dəqiqə sonra isə dedilər ki, təhlükəsizlik məsələləri ilə bağlı Azər Badamov geri qayıtmalıdır. Ümumi ifadə işlətdilər. “Təhlükəsizlik deyəndə siz nəyi nəzərdə tutursunuz?” sualımıza cavab verməkdən yayındılar”.
Deputat onu da deyib ki, Həştərxanda Azərbaycan nümayəndə heyətini Baş nazir səviyyəsində qarşılayıblar:
“Həştərxan hökumətinin rəhbəri bizi hava limanında qarşıladı. Baş nazir səviyyəsində qarşılama oldu. Çox böyük diqqət və qayğını hiss etdik. Bu gündən etibarən bizim burada tədbirlərimiz nəzərdə tutulub. Diaspor nümayəndələrimizlə görüşümüz olacaq, sabah Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı ağacəkmə aksiyasında iştirak edəcəyik. Şəhərin meri ilə görüşümüz var, Ulu Öndər Heydər Əliyevin adına məktəbdə şagirdlərlə görüşümüz olacaq. Yəni çox yüksək səviyyədə görüşlər və hazırlıq prosesini görürük. Hər şeydən əvvəl biz bu addımları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun atırıq. Siz dediyiniz məsələ isə bir anlaşmazlıqdır və artıq Xarici İşlər Nazirliyimiz də bununla bağlı mövqeyini ifadə edib”.
E. Nəsirov Milli Məclisin atmalı olduğu addımdan da danışıb: “Hesab edirəm ki, konkret cavab olmalıdır. Çünki artıq Rusiyadakı səfriliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Hadisə bazar gününə təsadüf etdi. Artıq bu gün yeni iş həftəsi başlayır. Hesab edirəm ki, yaxın zamanda məsələ ilə bağlı aydın, məntiqli cavab ortaya çıxacaqsa, buna adekvat reaksiya və davranış ola bilər”.
Chosen
0
11
yenilik.az

10Sources