EN

"Bəzi universitetlərin 150 balla tələbə qəbul etməsi utancverici görünür" -Ramin Nurəliyev

"Hər ilin keçid ballarına baxanda, xüsusilə də bəzi ixtisaslar üzrə özəl universitetlər və bəzi region universitetlərində əslində keçid ballarında ciddi aşağı enmələr müşahidə olunur. Məsələn, maliyyə, iqtisadiyyat kimi ixtisasların özəl universitetlərdə və ya bəzi dövlət universitetlərində hətta 150 bala qədər endiyini müşahidə edə bilirik".

Bu barədə Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev dövlət və özəl üniversitetlər arasında kəskin fərqlənən qəbul ballarından danışarkən bildirdi.

Onun sözlərinə görə, iqtisadiyyat yönümlü ixtisaslarda belə ciddi problemlər var:

"Neft-qaz mühəndisliyi kimi ixtisasda baxırsan ki, Ali Neft Məktəbində balı 600-dən yuxarıdır, amma Memarlıq və İnşaat Universitetində 200-250 bal aralığındadır. Bu təkcə universitetin prestijindən çox asılıdır. Bəzi universitetlər həqiqətən də müəyyən prestijə sahibdir. Prestijə sahib olduğu halda abituriyentlər həmin universitetlərə daha çox üstünlük verirlər. UNEC-in iqtisadiyyat üzrə keçid balı 350-400 bal ətrafındadır. Maliyyə ixtisası 500-600 bal ətrafındadır. Amma digər bəzi dövlət və özəl universitetlərdə, xüsusilə özəl universitetləri qeyd etmək istəyirəm, bu bal 150-160-200 ətrafındadır. Bu təzad ciddi bir formada müşahidə olunur. Təzadın olmaması üçün müvafiq addımlar atılmalıdır. Yaxşı bal toplayanlar prestijli universitetlərə sənəd verirlər, digərləri isə qəbul olmaq üçün keçid balı az olan universitetlərə üz tuturlar. Türkiyə təhsilinə baxdıqda görürük ki, bir çox özəl təhsil müəssisələri qəbul balları kifayət qədər dövlət universitetləri ilə rəqabət aparacaq səviyyədədir. Bizdə də bu ola bilər. Tələbə ödəniş ödədiyi halda özəl təhsil müəssisələri yaxşı tədris həyata keçirməlidir ki, reytinqi yüksəlsin. Çox təəssüflər olsun ki, bizim özəl təhsil müəssisələri daha çox pul qazanmaq niyyətindədir. Bunu təbii ki, hamısına şamil etmək olmaz".

R.Nurəliyev qeyd etdi ki, özəl universitetlər sırasında Xəzər Universitetində həqiqətən də ballar yüksəkdir.

"Bir çox abituriyentlər dövlət universitetlərindənsə, Xəzər Universitetinə üz tuturlar. Bu özəl universitetin öz tədrisinə ciddi yanaşmasından irəli gəlir. Hesab edirəm ki, digər özəl universitetlər və bəzi region universitetləri artıq bu məsələdə tədris prosesinə ciddi nəzarət etməlidir. Qarabağ Universitetini digər region universitetlərinə misal gətirə bilərik. Qarabağ Universitetinin prestiji bir çox universitetdən daha çox reytinqə malik oldu. Bu, universitetdəki tədris prosesinin yüksək səviyyədə olmasından xəbər verir. Digər region universitetləri Qarabağ Universiteti ilə rəqabət aparmalıdır. Bəzi universitetlərin 150 balla tələbə qəbul etməsi utancverici görünür. Bəzi universitetlərdə həmin ixtisaslar üzrə prestij zəifdirsə, həmin universitetlərə o ixtisaslar növbəti tədris ilində verilməməlidir. Özlərini doğrultduqdan sonra həmin ixtisasları tədris etmək olar. Bununla özəl universitetlər arasında da ciddi rəqabət formalaşmış olacaq. Bunu bəzi dövlət universitetlərinə də şamil etmək olar. Təbii ki, bütün ixtisasların yüksək bal olmasını deyə bilmərik. Ciddi məsələ universitet rəhbərliyinin üzərinə düşür. Həm rəhbərlik, həm Elm və Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşmalıdır. Tarazlıq diqqətə alınmalıdır. Elə universitetlər var ki, ixtisasa 70-80 yer ayrılır, amma tədris keyfiyyətli deyil. Ona görə də tələbələr ora aşağı balla qəbul olurlar. Düşünürəm ki, məsələ ictimailəşərsə, müəyyən təsir qüvvəsi olar", - deyə təhsil eksperti bildirdi.

Aytəkin TOFİQQIZI

Chosen
0
redaktor.az

1Sources