EN

Hasan Oktay: Cənubi Kıbrıs Rum İcmasının ləğv edilərək Kıbrıs Türk Cümhuriyyətinə birləşdirilməsini masaya çıxara bilər

Bölünmüş Kipr problemi nəhayətində adada iki suveren dövlətin yaradılması prinsipləri əsasında həll olunacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 mayda Şimali Kiprə səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"Biz Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar tərəfindən irəli sürülən iki dövlət əsasında həll prinsipini bütün gücümüzlə dəstəkləyirik. Bu məsələdə töhfə verməyə və konstruktiv yanaşma nümayiş etdirməyə davam edəcəyik. 17–18 mart tarixlərində BMT-nin himayəsi altında Cenevrədə geniş tərkibdə keçirilən qeyri-rəsmi görüşdə qərar verildiyi kimi, Kipr türkləri gec-tez adada suveren bərabərliklərini və bərabər beynəlxalq statuslarını qeydiyyatdan keçirəcəklər", – Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə bu yolda Şimali Kipr Türk Cümhuriyyətinin hər zaman yanında olacaq: "Biz ədalətli, daimi, davamlı və reallıqlara əsaslanan bir həll istəyirik. Bölgəmizdə baş verən hadisələr də bu reallığın artıq qəbul edilməsinin zəruri olduğunu göstərir. Artıq hər kəs anlamalıdır ki, adada iki xalq və iki dövlət mövcuddur".
O əlavə edib ki, Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi davamlıdır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin zəmanətçisidir.

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, Kıbrıs adası 1878-ci ildə müvəqqəti olaraq Böyük Britaniyaya icarəyə verilmişdi. Bu, Hong Kong nümunəsinə bənzəyirdi:

"Lakin zaman keçdikcə Britaniya adanı qaytarmamaq üçün müxtəlif bəhanələr gətirərək, bölgəyə köçürülən yunanlar vasitəsilə orada yeni siyasi status formalaşdırmağa çalışdı. Uzun illər davam edən qarşıdurmalar nəticəsində 1974-cü ildə Kıbrısdakı türklərə qarşı edilən təzyiqlərə, zorakılıqlara, kütləvi köçə və soyqırım təşəbbüslərinə cavab olaraq, Türkiyə öz soydaşlarını qorumaq məqsədilə adaya hərbi müdaxilə həyata keçirdi. Türkiyə, 9 il boyunca ədalətli və hər kəs tərəfindən qəbul edilə biləcək bir siyasi həllin yaranmasını gözlədi. Lakin bu müddət ərzində nə Avropa, nə də Böyük Britaniya Ankaranın tələblərinə diqqət yetirdi. Nəticədə 1983-cü ildə Şimali Kıbrıs Türk Cümhuriyyəti elan edildi.
Adanın cənub hissəsində yerləşən Cənubi Kıbrıs Rum İcması isə Avropa və Britaniyanın dəstəyi ilə Avropa İttifaqına üzv oldu və beynəlxalq səviyyədə tanınmış dövlət statusu qazandı. Lakin bu qurum Avropa İttifaqının iqtisadi dəstəyi ilə ayaqda qala bilir.
Türkiyə, Şimali Kıbrıs Türk Cümhuriyyətini tanısa da, beynəlxalq hüquq və adanın yenidən birləşməsi ehtimalını nəzərə alaraq digər dövlətlərin tanımasını gecikdirdi. 2025-ci ilin aprelində Özbəkistanda keçirilən Avropa İttifaqının Orta Asiya genişlənmə proqramı çərçivəsində üç türk dövləti Cənubi Kıbrısdakı səfirlik fəaliyyətlərinə başlayacağını açıqladı. Bu addım Rum administrasiyası məsələsini daha da aktuallaşdırdı və Türkiyədə siyasi yanaşmalarda ciddi dəyişikliklərin müzakirəsinə səbəb oldu. Hətta bəzi dairələrdə "Şimali Kıbrıs Türk Cümhuriyyəti" adındakı “Şimali” sözünün çıxarılaraq "Kıbrıs Türk Cümhuriyyəti" adının qəbul edilə biləcəyi gündəmə gəldi".

Politoloq əlavə edib ki, regionda iki suveren dövlətin mövcudluğunun daha qəbulolunan bir həll forması olduğu təklif edilsə də, Türkiyə bu məsələdə ehtiyatlı davranır:
"Xüsusilə ABŞ-ın Avropa İttifaqı üzərindəki təsirini azaltması və Aİ-nin Rusiya ilə rəqabətdə qarşılaşa biləcəyi təhlükəsizlik boşluğu fonunda, Türkiyə ilə Avropa arasında yeni danışıqların gündəmə gəlməsi gözlənilir. Bu danışıqlarda, Türkiyə, Avropa İttifaqının iqtisadi yük olaraq daşımaqda çətinlik çəkdiyi Cənubi Kıbrıs Rum İcmasının ləğv edilərək Kıbrıs Türk Cümhuriyyətinə birləşdirilməsini masaya çıxara bilər. Dağlıq Qarabağda olduğu kimi, süni şəkildə yaradılmış və beynəlxalq dəstək hesabına mövcudluğunu davam etdirən Rum administrasiyasının bu formatda uzunmüddətli qalması real görünmür. Türkiyə, beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq adada iki suveren dövlətin mövcudluğu üzərində çalışmağa davam edir. Lakin reallıqlar göstərir ki, "Cənubi Kıbrıs Rum Dövləti"nin bölgədə davamlı varlığı mümkün deyil. Bu struktur, Dağlıq Qarabağ nümunəsində olduğu kimi zamanla siyasi xəritədən silinə bilər və adada tək bir türk dövlətinin idarəçiliyi formalaşa bilər. Avropa İttifaqı da bu gedişatı gördüyü üçün prosesi ləngitmək məqsədilə üç türk dövlətini Rum administrasiyasında daha aktiv olmağa təşviq edən addımlar atır. Türkiyə üçün bu, hər hansı mənfi nəticə doğurmur. Əksinə, türk dövlətləri ilə birgə hərəkət etməklə, regionda qeyri-qanuni qurum kimi tanınan Rum administrasiyasının aradan qaldırılması daha da sürətlənə bilər".

Hasan Oktay Oktayın fikrincə, Avropa İttifaqı romantik millətçilikdən uzaq duraraq Türkiyənin bölgədəki strateji əhəmiyyətini və Rusiyaya qarşı müqavimətdə rolunu dəyərləndirməli, Cənubi Kıbrısdan imtina etməlidir:
"Hətta Egey dənizindəki 12 adanın Türkiyəyə qaytarılması da müzakirə oluna bilər. Beləliklə, Avropa İttifaqının qarşıdakı dövrdəki təhlükəsizlik və müdafiə ehtiyacları Türkiyə tərəfindən təmin edilə bilər".
Chosen
0
sherg.az

1Sources