EN

“Rəqəmsal bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

Bakı, 5 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 10-11-ci sinif şagirdlərinə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar qazandırmaq məqsədilə genişmiqyaslı proqram həyata keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və şagirdlərə müasir texnologiyalar sahəsində ixtisaslaşma imkanı yaradır.

Hazırda proqram 13 region üzrə 40 məktəbdə tətbiq olunur və ümumilikdə 1251 şagird bu imkanlardan faydalanır. 2025-2026-cı tədris ili üzrə 3000 şagirdin qeydiyyatdan keçməsi proqnozlaşdırılır. Qeydiyyat mayın 7-dək davam edəcək.

Layihə çərçivəsində informatika təmayüllü siniflərdə tədris edilən proqramlar şagirdlərin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməyə yönəlib. Nəticədə şagirdlər real layihələr üzərində çalışır, fərdi portfoliolarını formalaşdırır və texnoloji sahədə ilk addımlarını atırlar.

Proqrama qoşulmaq istəyən 9-cu sinif şagirdləri üçün may ayında onlayn qəbul imtahanı keçiriləcək. İmtahanın vaxtı və digər məlumatlar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, məktəbdə IT təmayüllü sinfin yaradılması üçün azı 15 şagirdin uğurlu nəticə göstərməsi tələb olunur. Əgər şagirdin məktəbində belə bir sinif yaradılmayıbsa, o, yaşadığı əraziyə yaxın digər məktəbə yerdəyişmə edə bilər.

Qəbul imtahanından uğur qazana bilməyən şagirdlərə isə bir aylıq hazırlıq proqramından sonra yenidən iştirak imkanı veriləcək.

Chosen
0
6
azertag.az

7Sources