BAKI, 5 may. TELEQRAF
Ukrayna müdafiə qüvvələrinin Rusiyanın Kursk vilayətinin sərhəd ərazilərində yaratdığı bufer zona aktuallığını qoruyur.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
Ordunun baş komandanı cəbhə bölgəsinə səfəri zamanı Kursk əməliyyatı zamanı fərqlənən ukraynalı hərbçiləri mükafatlandırıb.
“Doqquz aydır davam edən əməliyyat qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olub. Kurskdakı fəal addımlarımız sayəsində Sumı və Xarkov vilayətlərində düşmənin hücum kampaniyasının qarşısını ala bildik. Ukrayna müdafiə qüvvələrinin sərhədyanı ərazilərdə yaratdığı bufer zona bu gün də aktuallığını qoruyur”, - Sırski vurğulayıb.
Onun fikrincə, sayca üstün olan Rusiya qüvvələrini ancaq qeyri-ənənəvi gedişlərlə məğlub etmək olar:
“Kursk əməliyyatı məhz belə oldu. Bu, düşmən üçün sürpriz oldu”.