EN

9 May təlaşı – Putin və Cinpin Moskva paradına görə niyə narahatdır?

Faşist Almaniyası üzərində ümumi qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək parada sayılı günlər qaldı. Heç şübhə yox ki, prezident Vladimir Putin həmin tədbirə hər şeydən öncə Ukraynaya qarşı işğalçı müharibə fonunda Rusiyanın “yumşaq güc” nümayişi üçün unikal fürsət, “ikinci nəfəs”in açılması şansı kimi baxır.

Yəni ki, bunca böyük canlı və hərbi-texniki itkilərdən sonra da Rusiya ayaqdadır. Hərbi əməliyyatları, dinc əhalinin qətliamını, şəhərlərin bombalanmasını davam etdirmək əzmindədir. Hərçənd ötən il işğalçı ölkə 3 illik müharibə ərzində Ukraynada ən az ərazi zəbt edə bilib. “Xüsusi hərbi əməliyyat” isə indiyədək hədəflərinə çatmayıb.

Bundan əlavə, bur çox savadlı iqtisadçı ekspertin fikrincə, Rusiyanın iqtisadi-maliyyə sistemi müharibənin ağır maddi yükü və beynəlxalq sanksiyalar səbəbindən təntiməyə başlayıb. Belə görünür, bunu Putin başda olmaqla, Rusiya isteblişmenti də anlayır. Gələn məlumatlara görə, Kremldə bu xüsusda əndişə güclənməkdədir...

Üstəlik, Ukraynanın özünün müdafiə potensiallı və hərbi imkanları ruspərəstlərin gözləntilərinin əksinə olaraq, böyüyür ki, kiçilmir. Donald Trampın Ağ Evə qayıdışı bu göstəriciyə neqativ təsir göstərməyib. Ən əsası, Ukrayna əksər NATO ölkələrindən fərqli olaraq, artıq yetərincə güclü və döyüşən orduya sahibdir.

Bununla yanaşı, Kiyev öz hərbi sənayesini durmadan inkişaf etdirir və böyüdür. Daha bir səbəbə: hərbi texnologiyalar və ağıllı mütəxəssislər sarıdan onun heç bir problemi, çətinliyi yoxdur – kollektiv Qərb, “Köhnə qitə” özünün pulu, texnikası, texnologiyası, mütəxəssisləri ilə onun yanında. Təsadüfi deyil ki, Kiyev artıq ballistik raketlərin də istehsalına başlamaq üzrədir.

Bütün bu bədbin gəlişmələrdən Rusiya rəhbərliyi və onun hərbi kəşfiyyatı xəbərdar olmaya bilməz. Odur ki, ara-sıra işğalçı müharibəni öz istədikləri kimi bitirməyin çox müşkül olduğunu etiraf da edirlər...

9 May hərbi paradına gəlincə, bu, Rusiya rəhbərliyinə həm də narazı daxili auditoriyaya, ardınca isə dünyaya, özəlliklə Qərbə və onun əsas dövləti ABŞ-a “hər şeyin qaydasında getdiyini” göstərmək üçün bir PR imkanıdır. Nə dərəcədə ona nail olunacaq, görəcəyik.

Bəllidir ki, 9 mayda bir sıra dövlət başçıları da Moskvada olacaq. Onların arasında Çinin sədri Si Cinpin də var. Maraqlıdır ki, bu ərəfədə KİV-də rəsmi Pekinin Çin Fransa və Böyük Britaniyadan Cinpinin Rusiya paytaxtına səfəri zamanı Ukraynadan Moskvaya hücumların qarşısını almağı tələb etməsi barədə xəbər tirajlanıb.

Öz növbəsində ABŞ-ın da Kiyev, Paris və Londonu Moskvaya səfər zamanı xarici liderlərə təhlükə yarada biləcək hərəkətlərin yolverilməzliyi barədə xəbərdar elədiyi bildirilir. Məlumatlara görə, müvafiq tələblər bütün Avropa və Ukrayna kəşfiyyat xidmətlərinə çatdırılıb...

Əlbəttə, Ukrayna rəhbərliyi belə ağılsız səhvə yol verməz. Sağlam məntiq bunu istisna edir. Bu, ən azından tədbirə qatılan liderlərin ölkələrini avtomatik şəkildə özünə düşmən etmək, paralel surətdə Rusiyanın, Putinin əlinə işləmək, ona “kart-blanş” vermək, yaxşılıq etmək demək olardı. Moskvanın azsaylı tərəfdarlarının sayını artırardı.

Bəs Rusiyanın özü necə, buna bənzər nəsə təxribat edib Ukraynanın üstünə ata bilərmi?/musavat.com/

Chosen
0
turkustan.az

1Sources