Madridin "Real" klubu "Liverpul"un ingilis müdafiəçisi Trent Aleksander-Arnoldla 5 illik müqavilə bağlamaqda razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrizio Romano şəxsi "X" (əvvəllər Twitter) hesabında məlumat yayıb. Hazırda İspaniya klubu futbolçunun keçidini rəsmiləşdirmək üçün sənədləşmə işlərini həyata keçirir.
Daha əvvəl mətbuatda yayılan xəbərlərə əsasən, Trent Aleksander-Arnold yay transfer pəncərəsində "Real"a azad agent kimi qoşulacaq. "Liverpul" akademiyasının yetirməsi olan futbolçunun hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. Bu gün isə o, rəsmi olaraq Premyer Liqa klubundan ayrıldığını bəyan edib. "Real Madrid"in digər planı isə ondan ibarətdir ki, ingilis müdafiəçi 2025-ci ildə ABŞ-da keçiriləcək Klub Dünya Çempionatından əvvəl komandaya qoşulsun.
Xatırladaq ki, turnir cari ilin 15 iyun – 13 iyul tarixlərində baş tutacaq.