Azərbaycan və Belarus arasında iqtisadi sahədə əməkdaşlığın əsas istiqamətləri açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniş tərkibli görüşdə bildirib.
“Biz Belarusla qarşılıqlı faydalı tərəfdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda əməkdaşlığımız bir çox sahələrdə yaxşı templə inkişaf edir. 2024-cü ildə ticarət dövriyyəsi 42% artaraq 506 milyon dollar təşkil edib. Biz qarşılıqlı ticarətin şaxələndirilməsinə və investisiyaların artırılmasına xüsusi diqqət yetiririk. Səfəriniz çərçivəsində təşkil olunacaq birgə biznes forum bu məqsədə xidmət edəcək.
Müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrə dair bir sıra sazişlərin imzalanacağı gözlənilir. Prezidentlər konkret layihələrin hazırlanması ilə bağlı tapşırıqlar veriblər. Artıq onların bir neçəsi üzərində aktiv iş aparılır. Sənaye kooperasiyası əməkdaşlığımızın əsas sahəsidir. Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında qarşılıqlı əlaqə xüsusi diqqətə layiqdir.
Liftlərin birgə yığılması zavodunun yaradılması layihəsi uğurla həyata keçirilib. Biz kənd təsərrüfatı sahəsində tərəfdaşlığı davamlı şəkildə inkişaf etdiririk. Belarus istehsalçılarının məhsullarına Azərbaycan bazarında böyük tələbat var.
Azərbaycan istehsalçıları da öz məhsullarını Belarus bazarına çıxarırlar. Kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmaq üçün əhəmiyyətli potensial var. Biz bu istiqamətdə işləməyə hazırıq”, - deyə Baş nazir qeyd edib.
"Cebheinfo.az"