EN

Tramp xarici filmlərə 100% vergi qoyur

Tramp ABŞ-da Hollivudu qorumaq üçün xaricdə istehsal olunan filmlərə 100% rüsum tətbiq edəcək.

Valyuta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bazar günü bəyan edib ki, ölkədə film sənayesini dirçəltmək məqsədilə xaricdə istehsal olunan və ABŞ-yə idxal edilən bütün filmlərə 100 faiz rüsum tətbiq olunacaq. 

Tramp bu qərarın arxasında digər ölkələrin film istehsalçılarına təklif etdiyi stimulların dayandığını deyib. O, bunun “digər dövlətlər tərəfindən məqsədli təşəbbüs” və “milli təhlükəsizlik təhdidi” olduğunu bildirib: “Bu təkcə iqtisadi məsələ deyil, həm də mesaj və təbliğat məsələsidir.”

Məlumata görə, Tramp məsələ ilə bağlı Ticarət Nazirliyi də daxil olmaqla aidiyyəti dövlət qurumlarına dərhal rüsumların tətbiqi ilə bağlı prosesi başlatmaq göstərişi verib. Ticarət naziri Hovard Lutnik sosial platforma “X”də paylaşım edərək “Biz bu işin başındayıq” mesajını verib.

Hazırda bu tariflərin axın platformalarındakı (streaming) filmlərə də şamil olunub-olunmayacağı, təqdimat xərcləri və ya bilet satış gəliri əsasında hesablanacağı ilə bağlı dəqiq mexanizm açıqlanmayıb. Hollivud studiyalarını təmsil edən Motion Picture Association məsələ ilə bağlı hələlik rəy bildirməyib.

Qeyd edək ki, Tramp yanvar ayında Hollivudu "heç vaxt olmadığı qədər güclü" etmək məqsədilə aktyorlar Con Voit, Silvestr Stallone və Mel Gibsonu bu sahədə rəhbər vəzifələrə təyin etmişdi.

Son illərdə ABŞ-da film və televiziya istehsalı azalıb. "ProdPro" tədqiqat firmasının məlumatına görə, 2023-cü ildə 40 milyon dollardan yuxarı büdcəli ABŞ istehsalı filmlərin təxminən yarısı ölkə xaricində çəkilib. "FilmLA" qeyri-kommersiya təşkilatı isə son on ildə Los-Ancelesdə çəkiliş fəaliyyətinin 40 faizə yaxın azaldığını bildirir.

Bəzi mütəxəssislər Trampın rüsum qərarına cavab olaraq digər ölkələrdən gələ biləcək ticarət qarşılığının ABŞ film sənayesinə ciddi zərər vuracağını bildirirlər. ABŞ-ın keçmiş ticarət rəsmisi Uilyam Reynş bu qərarın Hollivud üçün “fəlakətli nəticələrə” yol aça biləcəyini qeyd edib: “Biz qazanacağımızdan daha çox şey itirəcəyik.”

Tramp administrasiyası dövründə başlanmış ticarət mübahisələri artıq bir sıra sahələrdə gərginliyə və iqtisadi narahatlıqlara səbəb olub. Yeni rüsum qərarı Hollivudun gələcək taleyinə dair daha geniş müzakirələrə yol açıb.

Sərvanə Rəmixanova

Chosen
0
valyuta.az

1Sources