EN

Hindistan Pakistana su axını müqaviləsini dayandırıb

BAKI, TurkicWorld

Hindistan Pakistana su axınını dayandırıb – İkitərəfli münasibətlərdə gərginlik artır.

TurkicWorld xəbər verir ki, Hindistan hökuməti Çenab çayı üzərində yerləşən Bağlihar bəndindən Pakistana su axınının dayandırıldığını elan edib.

Bu addım 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsinin dayandırılması ilə bağlı qərardan sonra atılıb.

Məlumata görə, Hindistan tərəfi son vaxtlar Cammu və Kəşmirdə baş verən və 26 nəfərin həlak olduğu silahlı hücuma cavab olaraq, Pakistanı ittiham edib və bu çərçivədə müqaviləni dayandırıb.

Bundan əlavə, Hindistan Jelum çayı üzərindəki Kişanqanqa bəndindən də Pakistana su axınının dayandırılmasını planlaşdırır.

Yeni Dehli hökuməti bu qərardan sonra Pakistan vətəndaşlarına viza xidmətlərini dayandırıb, əvvəllər verilmiş vizaları ləğv edib və ölkədəki pakistanlı məsləhətçilərin bir həftə ərzində Hindistanı tərk etməsini tələb edib.

İslamabad isə Hindistanın ittihamlarını rədd edərək, Hind çayı və ona bağlı sulara müdaxilənin “müharibə aktı” kimi qiymətləndiriləcəyini bildirib. Pakistan həmçinin Hindistanla bütün ticarət əlaqələrini dayandırıb və hava məkanını bağladığını açıqlayıb.

Qeyd edək ki, Hind Suları Müqaviləsi 1960-cı ildə Hindistan və Pakistan arasında Dünya Bankının vasitəçiliyi ilə imzalanıb və iki ölkə arasında su resurslarının bölüşdürülməsini tənzimləyir.

Chosen
0
turkic.world

1Sources