EN

20 il ilan zəhəri ilə yaşayan şəxs alimləri heyrətləndirdi: Elə bir çarə tapdılar ki...

Tim Frid adlı şəxs evinin zirzəmisində qurduğu laboratoriyada ilan zəhərini çıxararaq özünə kiçik dozalarda iynə vururmuş. Bu hal təxminən 20 il davam edib.

Bizim.Media "Naked-science.ru"ya istinadla xəbər verir ki, onun bu riskli hərəkəti alimlərə yer üzündəki ən ölümcül ilanların zəhərindən insan həyatını xilas edə biləcək zərdabın hazırlanmasında kömək edib.

Tədqiqatçıların diqqəti Timin bu hərəkətinə yönəlib. O, 16 ən ölümcül ilan növündən aldığı zəhəri özünə inyeksiya edib.

Dozaları tədricən artıraraq, atları öldürən neyrotoksinlər üçün belə heç bir şans buraxmayan bir immunitet inkişaf etdirib. ABŞ-ın müxtəlif universitetlərindən və tibb şirkətlərindən olan elm adamları Fridin hekayəsini öyrəndikdən sonra ona əməkdaşlıq təklif ediblər.
 

Frid tədqiqat işində iştirak etməyə razılıq verib. Alimlər ondan qan götürərək müxtəlif ilan növlərinin neyrotoksinlərinə davamlı anticisimləri təcrid etməyə başlayıblar. Bu anticisimlər zəhəri sinir sistemini iflic edən böyük zəhərli ilan ailəsi olan asp ailəsinin bir neçə nümayəndəsinin neyrotoksinlərini tanıyıb zərərsizləşdirə bilir. Ailəyə kobralar, mambalar, taypanlar, pələng ilanları, kraitlər və başqaları daxildir.


Hazırlanan preparat siçanlar üzərində uğurla sınaqdan keçirilib. Alimlər indi onu tez-tez ilan sancması ilə Avstraliya baytarlıq klinikalarına gətirilən itlər üzərində sınaqdan keçirməyi planlaşdırır. Növbəti addım zəhərli ilanların başqa bir ailəsi - gürzələr üçün oxşar antidot yaratmaq olacaq.

Alimlərin fikrincə, ideal məqsəd bütün ilan zəhərlərinə qarşı vahid universal serum yaratmaqdır. Bununla belə, iki dərman hazırlamaq lazım ola bilər: biri asp zəhərlərinə, digəri isə gürzələrə qarşı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il 81 410 nəfərdən 137 880 nəfərədək insan zəhərli ilan sancması nəticəsində ölür.

Hər il 400 min insan isə əlil olur. Onlar o qədər ağır zədələr alırlar ki, (məsələn, geniş toxuma nekrozu) daimi fiziki qüsurlarla yaşayır, bəzən hətta əzalarının amputasiyasına məruz qalırlar. (publika.az)

Bizim.Media

Chosen
0
2
bizim.media

3Sources