EN

Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfrans keçirilib - FOTO - YENİLƏNİB

Heydər Əliyev Mərkəzində Azərbaycan Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyin təşkilatçılığı ilə “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycan əczaçılıq sənayesinin inkişafına həsr olunmuş tədbirin mahiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan əczaçılıq sənayesinin tarixində yod və endokrin preparatlarının istehsalı xüsusi yer tutub: "Dünyada yeganə müalicəvi neft olan Naftalan neftindən müxtəlif preparatların hazırlanması üçün 1934-cü ildə Bakıda xüsusi laboratoriya, daha sonra isə Naftalan zavodu yaradılıb. 1938-ci ilin sonunda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib və rektoru görkəmli dövlət xadimi, professor Əziz Əliyev təyin olunub. Həmin illərdə Bakı Kimya-Əczaçılıq Zavodu, Endokrin Preparatlar Zavodu kimi əczaçılıq sənayesi müəssisələri yaradılıb".

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma əczaçılığın Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu, Macarıstanın Azərbaycana ixracının 49%-ni təşkil etdiyini vurğulayıb: “Bu konfrans Macarıstanın Azərbaycanda əczaçılıq sənayesinin inkişafına töhfə vermək istəyinin bariz göstəricisidir. Macarıstanın iki ən tanınmış dərman şirkəti 1990-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərirlər. Peç Universiteti və Azərbaycan Tibb Universiteti ölkəmizdə əczaçılıq mütəxəssislərinin hazırlanmasında əməkdaşlığa başlamaq niyyətindədirlər”.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji tərəfdaşdır. Ölkəmizdə bu sektorun inkişafının ictimai sağlamlıq, tibbi innovasiyalar, xəstəliklərin qarşısının alınması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına birbaşa təsir etdiyi vurğulanıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçısının Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını diqqətə çatdırıb: “Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib. Bu layihələrin icrası əczaçılıq sənayesinin inkişafını və yerli istehsalı artırmağı hədəfləyir”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov əczaçılıq sənayesinin müasir səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə səhiyyənin və əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirdiyi, bu gün də bu sahə ən yüksək səviyyədə dövlət dəstəyi ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Günay Elşən

***

10:11

Bu gün Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfrans keçirilir.


APA xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, eyni zamanda səfirlər və Avropa əczaçılıq şirkətinin nümayəndələri iştirak edirlər.

Bakıda Bakıda Bakıda Bakıda
Chosen
0
1
apa.az

2Sources