EN

Bakıda sürücünü amansızcasına döyən dörd nəfərin həbs müddəti uzadıldı

Bakının Binəqədi rayonu ərazisində sürücüyə qarşı zorakılıq etməkdə təqsirli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimata baxılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub.

Onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyulun 5-nə qədər uzadılıb.

Qeyd edək ki, bu il fevralın 5-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Onlar barəsində fevralın 7-də Binəqədi Rayon Məhkəməsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. A.Zahidli isə sərbəst buraxılıb.

Lakin martın 12-də cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Hadisədə zərərçəkən şəxs Miskərov Elnur Vidadi oğludur. Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.

Məlumata görə, hadisə, belə demək mümkünsə, əvvəlcədən planlaşdırılıb və məqsəd sürücünü cəzalandırmaq olub. Avtomobilin sürücüsü insidentdə iştirak edən şəxslərdən birinin xanımına qarşı qeyri-etik ifadə işlədib. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.

Chosen
0
1
publika.az

2Sources