Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
21 noyabr 1992-ci il – müstəqil Azərbaycan Respublikasının ən əlamətdar günlərindən biri kimi tarixə yazılıb. Məhz təqvimin bu günündə bir qrup mütərəqqi ziyalımızın təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Toplantıda ölkəmizin siyasi gələcəyinin avanqardı olan YAP-ın yaradılması ilə birlikdə Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsi, heç bir şübhəsiz, tarixi hadisə idi.
Belə ki, həmin dövrdə ölkəmiz üçün çox gərgin və təhlükəli proseslərdən keçirdi: Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımız işğal olunur, ölkədə fəaliyyətdə olan siyasi partiyalar dövlətin, xalqın maraqlarını bir yana qoyub, hakimiyyət uğrunda mübarizə aparırdı. Ölkədə qanunların işləməməsi isə vətəndaş itaətsizliyinə zəmin yaradırdı. Bununla yanaşı, ölkədə qanunsuz, bəzi hallarda, hətta siyasi partiyaların nəzarətində olan silahlı birləşmələrin mövcudluğu, torpaqların davamlı olaraq itirilməsi dövlətçiliyimiz üçün ciddi təhdidə çevrilmiş, xalqımız müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi.
Azərbaycan Respublikasının güvənli, fikir plüralizmini, insan hüquq və azadlığını prioritet seçən, eyni zamanda hər bir vətəndaşın üzvü ola biləcəyi təsisata ehtiyac var idi. Ona görə ki, ölkədə qeydiyyata alınan partiyaların nizamnaməsinə uyğun gəlməyən fəaliyyətləri etimadsızlıq mühiti yaratmışdı. Məhz YAP-ın təsis edilməsi bu tarixi zərurətdən yarandı. Bundan başqa, Azərbaycan cəmiyyəti müasir dövlətçilik prinsiplərinin vacib şərtlərindən birinin dövlətin idarəçilik sisteminin kadr bazasının formalaşması olduğunu çox yaxşı bilirdi. Amma həmin dövrdə nə hakimiyyətdə olan naşılar, nə də digər siyasi təşkilatlarda bu potensial vardı.
Vətəndaşların Ümummilli Lideri olan Heydər Əliyevin yanında dayanması və müstəqil Azərbaycan Respublikasının təşəkkül və inkişaf tarixinin yol xəritəsi olan YAP-ı seçməsi təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyevin yeni siyasi təşkilatın sədri olması Yeni Azərbaycan Partiyasına ümumxalq sevgisi gətirdi. Çünki Ümummilli Lider Heydər Əliyevin adı və imzası ölkəmizdə fəaliyyət göstərən irili-xırdalı bütün partiyalardan daha yüksəkdə dayanırdı.
Təsis olunmasından qısa müddət keçməsinə baxmayaraq, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının özünün əvəzsiz liderinin dövlət başçısı postuna namizəd kimi irəli sürərək, 1993-cü ildə keçirilən prezident seçkilərində iştirak etdi. Yaranmasından sonra ilk dəfə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının namizədi Ulu Öndər Heydər Əliyev seçici səslərinin 98,80 faizini toplayaraq möhtəşəm qələbə qazandı və Azərbaycan xalqının şəriksiz lideri olduğunu sübut etdi.
Məhz qeyd edilən səbəblərdən yenidən hakimiyyətə gələn Ulu Öndərin tarixi qərarlarının nəticəsi olaraq ölkəmiz, xalqımız təhlükə və bəlalardan qurtuldu. Ölkəmiz yeni dövrə qədəm qoydu, uğursuz daxili və xarici siyasi kurs dəyişdi, ciddi islahatlar nəticəsində siyasi sabitlik və davamlı inkişaf bərqərar oldu. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafının təməl prinsipləri təşəkkül tapdı. Prezident Heydər Əliyev Azərbaycanın strateji xəttini müəyyənləşdirərək ölkəmizin inkişafı istiqamətində ciddi addımlar atdı, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasına nail oldu, Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində vacib tərəfdaşa çevrildi.
Yarandığı gündən bütün seçkilərdə qalib gələn Yeni Azərbaycan Partiyası hər birimiz üçün Azərbaycanın, onun müstəqilliyinin xilaskarlıq rəmzinə çevrilib. Çünki həmin dövrün reallıqları sübut edir ki, Ulu Öndər Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan yox idi. Ən azından ona görə ki, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan da çətindir. Dövlət başçısı olduğu 10 il ərzində bütün maneələrə və təxribatlara baxmayaraq, həmin çətin və böyük siyasi səriştə tələb edən müqəddəs vəzifənin öhdəsindən Ulu Öndər, daha sonra isə Onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla gəldi.
26 mart 2005-ci ildə keçirilən Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyev partiyanın yeni sədri seçildi. Ötən illər ərzində böyük inkişaf yolu keçən bu partiya nəinki ölkəmizin, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilməyi bacardı. Azərbaycan Respublikasının Prezidenti və YAP sədri kimi ölkəmizin başçısı verdiyi bütün vədlərə sadiq qalan Cənab İlham Əliyev Ali Baş Komandan kimi də öz vəzifəsini layiqincə yerinə yetirdi, bizə Möhtəşəm Zəfər hisslərini yaşatmağı bacardı. Belə ki, 30 ilə yaxın əsarətdə qalan torpaqlarımızı erməni işğalından azad edərək Azərbaycanın tarixi haqqını özünə qaytardı, bütün təzyiq və maneələrə baxmayaraq, dövlətin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Beləliklə, ötən əsrin sonlarında yaranaraq müstəqilliyimizin, xalqımızın xilaskarına çevrilən Yeni Azərbaycan Partiyası bu əsrdə Azərbaycanın ərazi bütövlüyünün tam təminatçısı kimi qəhrəmanların partiyası oldu.
Ən nəhayət, tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası bu gün anadan olmasının 102 illiyində dərin hörmətlə xatırladığımız dahi şəxsiyyət, görkəmli dövlət xadimi və xalqın xilaskarı olmuş Ulu Öndər Heydər Əliyev kimi əbədi liderə malik ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyası ölkəmizdə yaşayan bütün xalqların, millətlərin, bir sözlə, hər birimizin müqəddəslik məbədi, qurtuluş simvoludur. Bu səbəbdən də xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin 102 illiyini təntənə ilə qeyd etməyi müqəddəs borc hesab edirik.