“Əgər ABŞ İrana qarşı hücuma keçərsə, Tehran bölgədəki Amerika bazalarını hədəf alacaq”.
Hurriyyet.az xəbər verir ki, bunu İran müdafiə naziri Əziz Nasirzadə ABŞ müdafiə nazir Pit Heqsetin Yəməndəki husilərə dəstəyə görə İranı hədələməsinə cavab olaraq bildirib.
O, qeyd edib ki, Yəməndəki husilər müstəqil hərəkət edir və bu məsələnin İranla heç bir əlaqəsi yoxdur.
Nazir əlavə edib ki, İran müharibə başlatmayıb və belə bir niyyəti yoxdur: “Əgər İrana hücum olarsa və ya müharibə elan edilərsə, güclü cavab veriləcək. Müharibə ABŞ və ya Sionist rejim (İsrail) tərəfindən başlasa, İran onların maraqlarına, hərbi bazalarına və qüvvələrinə zərbə endirəcək”.
Nasirzadə qeyd edib ki, İran regiondakı ölkələrlə düşmənçilik etmir və onlarla qardaşlıq münasibətləri saxlayır.
Xatırladaq ki, ABŞ müdafiə naziri Pit Heqset 1 may tarixində “X” sosial şəbəkəsində “İrana mesaj” başlıqlı paylaşımında Tehrana xəbərdarlıq etmişdi.
“Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi bilirik. ABŞ ordusunun nələr edə biləcəyini də bilirsiniz. Uyarıldınız. Cavabını bizim seçəcəyimiz zaman və məkanda alacaqsınız”, - deyə o, bildirmişdi.
AzPolitika.info