EN

Rusiyaya görə ləğv olunan seçkidə qalib bəllidir

Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda millətçi “Rumınların Birləşməsi Alyansı”nın lideri Corce Simion qalib gəlib. 

Bülletenlərin 100%-i sayıldıqdan sonra o, səslərin 40,96 faizini toplayıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat Rumıniyanın Daimi Seçki İdarəsinin saytında dərc olunub. İkinci yeri paytaxt Buxarestin müstəqil meri Nikuşor Dan tutub. O, səslərin 20,99 faizini qazanıb. Qeyd edək ki, Simion, həmçinin xaricdə yaşayan rumınlar arasında da birinci turun qalibi olub. Xaricdəki səslərin 99,99%-i sayıldıqdan sonra məlum olub ki, o, 69,99% , Nikuşor Dan isə 25,45% səs toplayıb. 

4 mayda keçirilmiş seçkilərdə seçici fəallığı 53,21% təşkil edib. 18 mayda keçiriləcək ikinci turda Simion və Dan üz-üzə gələcəklər. Xatırladaq ki, prezident seçkiləri Rumıniyada təkrar keçirilib. 2024-cü il noyabrın 24-də baş tutmuş ilk turdan sonra Konstitusiya Məhkəməsi seçki prosesini dayandırıb. O vaxt millətçi namizəd Kelin Corcesku ən çox səs toplamışdı. 

Seçkilərin ləğv olunması qərarı rəsmi olaraq Corceskunun kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, seçki prosesində istifadə olunan rəqəmsal infrastrukturun haker hücumlarına məruz qalması və ehtimal edilən lakin sübuta yetirilməmiş Rusiya müdaxiləsi ilə izah olunmuşdu.

Bu görünməmiş qərar Rumıniyada və onun hüdudlarından kənarda qalmaqal yaratsa da, hökumət Konstitusiya Məhkəməsinin qərarını qəbul edib və yeni prezident seçkiləri təyin edib. 

Chosen
0
cebheinfo.az

1Sources