EN

Ən uzun müddət taxtda qaldı, ilk evlənən sultan oldu, tələyə düşüb oğlunu öldürdü – Süleymanın “Möhtəşəm yüz ili” - VİDEO

Bu gün, 11:12

I Süleyman adı ilə tanınan Qanuni Sultan Osmanlı İmperiyasının onuncu və ən uzun müddət taxtda qalan hökmdarı olub. O, ömrü boyu bacarıqlı bir hərbi sərkərdə, ədalətli idarəçi və ilahi bir missiyaya sahib hökmdar kimi qəbul edilib. Onun hakimiyyəti Macarıstandan İrana, Krımdan Şimali Afrikaya və Hind okeanına qədər geniş bir ərazini əhatə edirdi. Katolik Habsburqlar və Səfəvilərlə amansız rəqabətlərə girən Sultan Süleyman, çoxdilli və çoxdinli imperiyasına sülh və rifah vəd edən bir lider olub.
Osmanlı Sultanı Yavuz Səlimin oğlu, Krım xanı Məngli Gərayın qızı Ayşə Hafsə Sultanın övladı olan Süleyman 1494-cü ildə Trabzonda dünyaya gəlib. Uşaqlıqdan yaxşı təhsil alan Süleyman ərəb və fars dillərinə mükəmməl şəkildə bələd idi. "Muhibbi", "Məftuni" və "Acizi" təxəllüsləri ilə şeirlər yazan sultanın 2779 qəzəli günümüzə qədər gəlib çatıb.
Taxta çıxışı və hərbi fəthlər
Süleyman 1520-ci ilin payızında atasının vəfatından sonra Osmanlı taxtına çıxdı. Onun taxta çıxışına etiraz edə biləcək nə bir qardaşı, nə əmisi, nə də əmisioğlu olduğuna görə, hakimiyyətə gəlişi ilk baxışda asan görünürdü. Lakin bununla yanaşı, onun qarşısında mütləq həll edilməli olan mühüm çatışmazlıqlar da var idi. İdarəçi elitanın geniş təbəqələri onu tanımırdı, döyüş meydanında heç bir orduya komandanlıq etməmişdi və saray çevrəsində ona sadiq olan xüsusi bir dəstə də yox idi.
Süleymanın dövründə Osmanlı imperiyası tarixinin ən qüdrətli zirvəsinə çatdı. 46 il davam edən səltənəti ilə o, Osmanlı taxtında ən uzun müddət qalan sultandır. 
Onun fəth marşı 1521-ci ildə Belqradın alınması ilə başlayaraq Rodos, Mohaç, Bağdad, Təbriz, Boğdan, Preveze, Macarıstan, Esterqon, Trablusqarp və Səfəvi torpaqlarının bir hissəsi ilə davam edib, nəhayət Zigetvar qalasının fəthi ilə tamamlanıb. Atası Yavuz Səlimin miras qoyduğu torpaqları Avropa, Asiya və Afrikadakı yeni ərazilərlə təxminən 2,5 dəfə genişləndirmişdi.
Sultan Süleyman Osmanlı tarixində ən parlaq hərbi və siyasi uğurlara imza atmış hökmdarlardan biri olsa da, onun hər səfəri zəfərlə başa çatmayıb. Bəzi hərbi yürüşləri ya tam nəticə verməyib, ya da uzunmüddətli siyasi sabitlik yaratmayıb. 
Səfərdəki uğursuzluqlar və ailə daxilindəki münaqişələr nəticəsində 1536-cı il martın 15-də yaxın dostu Parqalı İbrahim Paşanı qəflətən sarayda edam etdirdi.
Şahzadə Mustafanın edamı 
Qanuni Süleymanın həyatında mühüm dönüş nöqtələrindən biri böyük oğlu Mustafanın edam edilməsi oldu. Hürrəm Sultan və onun kürəkəni Rüstəm Paşanın qurduğu siyasi plan nəticəsində Süleymanın Mustafaya olan inamı sarsıldı. Nəhayət, 4 oktyabr 1553-cü ildə, Konya Ereğlisindəki çadıra atasının hüzuruna çıxmaq üçün daxil olan Mustafa, içəridə gözləyən 7 lal-kar cəllad tərəfindən boğularaq edam edildi. Bu faciəli hadisə təkcə bir şahzadənin ölümü deyil, həm də Osmanlı tarixində dərin iz buraxan siyasi bir dönüş nöqtəsi idi. 
Sultan Süleymanın zaman keçdikcə bundan çox üzüldüyü və peşman olduğu istər Osmanlı, istərsə də Qərb mənbələrində açıq şəkildə ifadə edilir.
Sultan Süleymanın həyat yoldaşı Hürrəm Sultana olan dərin sevgisi, illər boyunca saysız-hesabsız film, serial və romanlara ilham mənbəyi olub. Hürrəm Sultan yalnız padşahın sevimli qadını və nikahlı arvadı deyil, həm də Osmanlı tarixində mühüm rola sahib bir şəxsiyyət kimi yadda qalıb. Həm də Osmanlı padşahı ilə rəsmi nikaha girən ilk qadın olaraq tarixə düşüb. Süleyman və Hürrəmin 6 övladı olub, onlardan 2-si erkən yaşda dünyasını dəyişib.
Sultan Süleyman 72 yaşında Macarıstana növbəti səfəri zamanı Zigetvar qalasının zəbt olunması ərəfəsində gecə qəflətən çadırında vəfat edib. Bəzi mənbələrdə Sultanın infarkt keçirdiyi qeyd olunub. Onun dizenteriyadan ölməsi haqqında məlumatlar da var. Onun ölümü 48 gün müddətində ordudan gizli saxlanılıb.

Chosen
0
1
Reportyor.tv

2Sources