Ağdamda it hücumuna məruz qalan 49 yaşlı qadının son vəziyyəti açıqlanıb...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 4-də, saat 17:30-da Ağdam rayonunun Ergi qəsəbəsi ərazisində it dişləməsi səbəbilə bir nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1976-cı il təvəllüdlü şəxsə sol qolun bazu, said, bilək, döş qəfəsinin və qalça nahiyəsinin kəsilmiş, didilmiş yaraları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən şəxs saat 18:10-da Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Zəruri instrumental-diaqnostik müayinə və müalicə prosesindən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***
Ağdamda 49 yaşlı qadına it hücum edib.
Poliqon "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Ergi qəsəbə sakini, 1976-cı il təvəllüdlü Vəfa Hidayət qızı Əliyeva xəsarətlərlə ilkin olaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ona sol qolun bazu, said hissəsi və döş qəfəsində xəsarət diaqnozu qoyulub.
Vəziyyəti ağır qiymətləndirildiyi üçün ilkin tibbi yardım göstərildikdən sonra qadın Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info