EN

“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib

“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankının insan resursları sahəsində çalışan rəhbər şəxslər üçün təqdimatı və təlimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə müxtəlif dövlət və özəl qurumların insan resursları üzrə mütəxəssisləri iştirak ediblər.

Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının məqsədi, strukturu və əhəmiyyəti barədə ətraflı məlumat verib. O, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbərlərə kadr bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb.

Daha sonra “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən kadr bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib.

Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.

Qeyd edək ki, kadr bankına “Yüksəliş” müsabiqəsinin idarəetmə bacarıqları imtahanı, yarımfinal və final mərhələlərində iştirak etmiş şəxslər daxil edilib. Onlar platforma üzərindən öz peşəkar fəaliyyətləri barədə məlumatları yerləşdirə və mütəmadi olaraq yeniləyə bilərlər.

Bu sistem ölkənin istedadlı və yüksək potensiala malik kadrlarının tanıdılması, onların dövlət və özəl sektor tərəfindən cəlb olunması baxımından mühüm alət rolunu oynayır.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Chosen
0
3
report.az

4Sources