EN

Dövlət Neft Fondunun texnologiya sektoruna investisiyaları artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) diversifikasiya olunmuş investisiya portfelində texnologiya və yaşıl enerji sektoruna yatırımlar da yer alır. Fonddan vergiler.az-a verilən məlumata görə, 2025-ci ilin I rübündə texnologiya sektoru ümumi portfelin 8,3 faizini təşkil edib. 31 dekabr 2024-cü il tarixinə olan məlumata əsasən, texnologiya sektoru Fondun ümumi portfelinin 6,25 faizini təşkil edib.

ARDNF-nin portfelində yaşıl enerji sektoruna yatırılan investisiyalar da yer alır. Xüsusilə son illərdə infrastruktur portfeli çərçivəsində yaşıl enerjiyə yönəldilən investisiyalar tədricən artırılıb və portfelin tərkib hissəsi kimi mövqeyini gücləndirib.

“Fondun investisiya strategiyası uzunmüddətli sabit gəlirliliyin təmin olunmasına xidmət etməklə, qlobal tendensiyalara və davamlı inkişaf məqsədlərinə uyğun şəkildə formalaşdırılır. İnvestisiyalar Fondun aktivlərinin dəyərinin qorunub saxlanması ilə yanaşı, gələcək nəsillər üçün davamlı iqtisadi dəyərin yaradılmasına töhfə verir. Bu yanaşmaya əsaslanaraq, gələcəkdə də Fondun strategiyası çərçivəsində yaşıl enerji və texnologiya sektorlarına investisiyaların nəzərdən keçirilməsi planlaşdırılır” – deyə ARDNF-dən bildirilib.

Qeyd edək ki, əksər institusional investorlar, o cümlədən suveren sərvət və pensiya fondları kimi ARDNF də kotirovka olunan səhmlərə investisiyalarını individual şirkətlərin səhmlərinə investisiya etməklə deyil, xüsusi səhm indekslərini izləməklə həyata keçirir. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1352 şirkətin səhmlərini özündə birləşdirir. 31 mart 2025-ci il tarixinə olan göstəricilərə görə, bu indeksdə informasiya texnologiyaları sektoru ilk yerdədir.

Chosen
0
1
vergiler.az

2Sources