EN

Qlobal bazarlar TƏŞVİŞDƏ – Ticarət müharibəsi dünyanı böhrana SÜRÜKLƏYİR...

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq yazın sonuncu ayına qədəm qoyuruq. İqlim mülayimləşsə də, amma qlobal bazarlarındakı vəziyyət heç də ürəkaçan deyil. Çünki bir təlatümlü hadisə başa çatmamış üfüqdə digəri görünməyə başlayır. Bu gərginlik isə özünü bazarlarda əks etdirir.   

Qlobal bazarlar

Yola saldığımız həftə neft bazarlarında yeni bir qiymət enişi ilə üzləşdik. Brent markalı neft mayın 1-də London Əmtəə Birjasında 59 dollar 31 sentə qədər eniş etdi, amma bu ilin minimum rekordunu yeniləyə bilmədi. Aprelin 9-da neftin ən ucuz partiyası 58,4 dollara satılmışdı. Bəs nə oldu ki, neft yenidən üzüşağı yuvarlanmağa meyl göstərdi?
 

MÖVZU İLƏ BAĞLI:

Trampın planı NƏTİCƏ QAZANDI – Çindən gözlənilməz GERİ ADDIM


Birincisi, bunun baiskarı elə neft ixrac edən ölkələr təşkilatının, yəni qlobal bazarda tənzimləyici funksiyanı yerinə yetirən OPEC və ona dəstək göstərənlər oldu. Təşkilat üzvləri bir ay əvvəl mayın 1-dən etibarən bazara əlavə olaraq 411 min barel həcmində neft çıxartmaq istəyinə düşdülər. Göz görə-görə ki, dünyanın getdiyi yol rəvan deyil və bir tərəfdən də ABŞ qlobal ticarət müharibəsinə başlayır, yenə də bu addımı atdılar. Nəticədə verilən qərar bazar iştirakçılarını əməlli başlı təlaşa saldı.

İkincisi, bu həftə ərzində qlobal neft bazarının satılıb-seçilən hasilatçı şirkətləri I rüb üzrə rüblük hesabatlarını açıqladılar. Bu zaman məlum oldu ki, onların maliyyə vəziyyəti ötən ilin eyni dövrü ilə müqayisədə nə qədər azalıb. Özü də bu azalmaların eniş tempi xeyli yüksək idi. Mənfəətin azalması ExxonMobil kimi dünya nəhəngindən tutmuş demək olar ki, bütün şirkətlərdə özünü göstərib. Ən iri maliyyə itkisi göstəriciləri ilə qarşılaşan şirkət isə bp olub, az qala yarıbayarı mənfəəti azalıb. Şirkətlər bunu, neftin qiymətinin aşağı düşməsi, emal marjasının azalması, tələbin zəifləməsi və dünyadakı makroiqtisadi qeyri-sabitlik ilə bağlayıblar.

Neft qiymətlərini aşağı aparan başqa bir səbəb isə cari ilin I rübündə gözlənilmədən ABŞ iqtisadiyyatında zəifləmə göstəricilərinin rəsmən təsdiqi oldu. Belə ki, aprelin 30-da ABŞ Ticarət nazirliyi yanında İqtisadi Təhlil Bürosunun açıqladığı statistikadan məlum oldu ki, Amerika iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% daha aşağı göstəricilərə malik olub.


Dünyanın bir nömrəli iqtisadiyyatı üzrə belə xəbər təbii ki, neft qiymətlərini üzü aşağı aparan amil oldu.

Bundan əlavə, neft bazarı üçün ikinci bəd xəbər artıq Pekindən gəldi. Belə ki, açıqlanan statistika Çinin sənaye istehsalının son 16 ayda ən aşağı göstəricilərə qədər azaldığını ortaya çıxartdı. Bu isə bazarda daha təşvişli bir ab-hava yarada bildi və nəticədə “qara qızıl” 60 dollardan aşağı qiymətdə də satıldı. Düzdür, sonra bazar bir qədər özünə gəlsə də, ancaq aşağı qiymət sayılacaq dəhlizdə ticarət edilir. Hələ ki, neftin əyilən belini dikəldəcək hadisələri biz bazarda müşahidə etmirik və bunun nə zaman ortaya çıxması ilə bağlı da hansısa inandırıcı bir proqnozla da rastlaşmırıq.

Azərbaycan-Britaniya münasibətlərində enerjinin rolu

Bu həftə Azərbaycanın neft və qaz hasilatında ağır çəkisi ilə seçilən “bp-Azərbaycan” şirkəti də ölkəmizdə həyata keçirdiyi layihələr üzrə ilk rübdə əldə etdiyi nəticələri ictimaiyyətlə bölüşdü.

Amma o məlumata keçməzdən öncə bp-nin fəaliyyəti ilə bağlı gələn bir sorağa da diqqətinizi yetirmək istərdim. Belə ki, Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. İclasda həmsədrlər Azərbaycanın  energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik biznes və ixrac naziri Qaret Tomas çıxış ediblər.
 

Nazir Pərviz Şahbazov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin əsas ticarət tərəfdaşı olan Birləşmiş Krallıqla münasibətlərin inkişafına və çoxşaxəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.


Bildirilib ki, Böyük Britaniya 37 milyard dollardan çox sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur. Ölkəmizdə müxtəlif sahələrdə 500-dən çox Britaniya şirkətinin fəaliyyət gösətir, cari ilin 1-ci rübündə isə ikitərəfli ticarət dövriyyəsinin 4 dəfə artması ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dinamik inkişafının göstəriciləri kimi qiymətləndirilib.

Burada nazir diqqəti Azərbaycanın neft-qaz sektoruna 35 milyard dollardan artıq sərmayə qoymuş bp şirkəti ilə uzunmüddətli tərəfdaşlığa çəkib. Fikir verdinizmi? Britaniya şirkətləri müstəqillik illərdində Azərbaycan iqtisadiyyatına 37 mlrd dollar sərmayə yatırıblar və bunun 35 milyarddan çoxu məhz bp-nin payına düşüb. Məhz bu amilə görə ölkələrimiz arasında yaradılan iqtisadi körpüdə nə qədər sütunun bp tərəfindən ərsəyə gətirilməsi göz önünə gəlir.

BP Azərbaycan iqtisadiyyatının dirçəldilməsində müstəsna əhəmiyyətə malik olan “Azəri-Çıraq-Günəşli” layihəsinin və Azərbaycanı qaz idxal edən ölkədən qaz ixracatçısına çevirən “Şahdəniz” layihəsinin işlənməsindən tutmuş ta ölkəmizin əsas ixrac boru kəməri olan Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa, Cənub Qafqaz Boru kəmərlərinin operatoru kimi hazırda Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu davam etdirməsi üçün verdiyi praktiki dəstəklə həqiqətən Azərbaycanın tərəfdaşı olan digər xarici şirkətlərdən xeyli seçilir.
 

Rəsmi Bakı da bunu görür. Onu da görür ki, Britaniya şirkətinin maliyyə vəziyyəti müəyyən səbəblərdən gərginliklərlə müşayət olunsa da, amma Azərbaycandakı layihələrə olan diqqəti və marağı bu illər ərzində heç zaman səngiməyib.


Həm də bp bizim bazarımızda çalışan yeganə ənənəvi enerji şirkətidir ki, alternativ enerji mənbələrinə da maraq göstərir və özü də bunu işğaldan azad edilmiş Cəbrayıl kimi bir bölgədə reallaşdırmaq istəyini ortaya qoymaqla bizim neft-qaz yataqlarının işlənməsindən əldə edilən gəlirlərinin bir hissəsini təkrarən yeni investisiya layihələrinin həyata keçirilməsinə yönəldir.

Azərbaycan hökuməti də bu cür addımları qiymətləndirir. “Azəri-Çıraq-Günəşli” kimi meqa layihənin müddəti 2050-ci ilədək uzadıldı, öz növbəsində bp daha sərfəli şərtlərlə, daha az kapital qoyuluşu ilə mövcud dəniz platformalarının imkanlarından istifadə edilməklə artıq bu ilin sonuna müqavilə sahəsindən ilk təbii qazın hasilatını həyata keçirəcək. Bir sözlə Azərbaycanın ən böyük neft yatağı olan AÇG  bir azdan qaz yatağı kimi də gündəmə gələcək.

AÇG-dən Azərbaycana verilən səmt qazında artım

“bp-Azərbaycan”  şirkətinin mayın 1-də açıqladığı hesabatdan məlum olur ki, “Şahdəniz” layihəsi üzrə 2025-ci ilin yanvar-mart aylarında 7 mlrd kubmetr qaz hasil edilib və ötən ilin eyni dövrü ilə müqayisədə hasilat eyni səviyyədə qalıb. Amma “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən səmt qazının Azərbaycanın daxili bazarına yönəldilən həcmləri 48,6% artırılıb, yəni ortalama gündəlik həcmlər ötən ilin I rübündəki 7,4 mln kubmetrdən bu ilin yanvar-mart aylarında 11 mln kubmetrədək artırılıb.
 

Mən əvvəlki illərin statistikasına baxdım və gördüm ki, cəmi bir dəfə son illərdə indiki qış həcmləri qədər Azərbaycan tərəfinə səmt qazı verilmişdi, əvvəllər isə həcmlər bundan təqribən 2 dəfə az olub.


Yəni bu o deməkdir ki, ölkənin klimatik faktorlardan asılı olaraq qaza olan tələbatı yüksəldiyi zaman bp Azərbaycanın ehtiyaclarını qarşılamaq üçün addımlar atır. “Şahdəniz” statistikasını da elə-belə çəkmədim, çünki bu ilin yanvarında orada qəza ilə əlaqədar “Alfa” platformasında hasilatı müvəqqəti dayandırmaq halı olmuşdu. Azərbaycanın daxili bazarına isə qaz məhz o platformadan daxil olur. Bravo platformasından hasil edilən qaz ancaq ixrac üçündür. 

Azərbaycanın qazlaşdırılmasında yeni rekord

Elə bu yerdə qaza bağlı bir məlumatı da diqqətinizə çatdırmaq istərdim. Belə ki, Azərbaycanda qazlaşma səviyyəsi artıq 97 %-ə çatıb və bu müstəqil Azərbaycanda rekord bir qazlaşma səviyyəsidir. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Nail Abdullayev “Kommunal infrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda çıxışı zamanı bəyan edib.

SOCAR rəsmisinin sözlərinə görə, “Azəriqaz” hazırda  2,6 milyondan çox abunəçiyə xidmət göstərir. Bu xidmət ölkə üzrə 11 regional idarə ilə həyata keçirilir və “Azəriqaz”da hazırda 10 700 nəfərdən çox əməkdaş çalışır. Ölkənin qaz paylayıcı qurumu 73 min kilometrdən artıq yeraltı və yerüstü qaz kəmərlərini istismar edir. “Azəriqaz”ın illik qaz satış həcmi ötən il 8,4 milyard kubmetrə çatıb. Amma SOCAR-ın illik təsərrüfat göstəricilərinə nəzər yetirsək görərik ki, 2024-cü ildə ölkə daxilində istehlak edilən qazın həcmləri 13,7 mlrd kubmetr təşkil edib.

Enerji sektorunda qazdan istifadəyə qənaət

Bu o deməkdir ki, mavi yanacağın digər həcmləri energetiklər tərəfindən elektrik enerjisinin istehsalı məqsədi ilə istehlaka cəlb edilib. Ümumiyyətlə, Azərbaycanın daxili bazarında ən böyük qaz istehlakçısı enerji sektoru hesab olunur. Bu baxımdan da Azərbaycan hökumətinin məqsədi bundan sonrakı dövrdə istilik elektrik stansiyalarında qaz istehlakının azaldılmasına nail olmaqdır. Buna görə də ölkədə alternativ enerji mənbələrindən alınan elektrik enerjisinin inkişafına böyük diqqət yetirilir və hesab edilir ki, “yaşıl mənbəli” enerji generasiyası hesabına 2030-cu ilədək 2 milyard kubmetrədək qazın istehlakına qənaət etmək mümkündür. 

Amma hökumət ümidlərini təkcə sudan alınan enerjinin, günəş və külək enerjisinin artımına bağlamır və “Azərenerji”nin balansında olan istilik elektrik stansiyalarında aparılan yenidənqurma işləri, o cümlədən yeni tikilən stansiyalarda daha müasir texnoloji həllərin tətbiqi nəticəsində mavi yanacağın daha az sərfiyyatı hesabına istehlak həcmlərini azaltmaq istəyir.

Belə nümunələrdən biri Mingəçevirdə tikintisi başa çatmaq üzrə olan 1280 MVt gücə malik yeni nəsil istilik elektrik stansiyasını misal çəkmək olar. Stansiyanın faydalıq iş əmsalı kifayət qədər yüksək olduğundan onun istismarı zamanı 1 milyard kubmetrdən çox qaza qənaət olunması planlaşdırılır.  

“İliç lampaları”nın qanunla ləvği

Onu deyim ki, bu həftə ölkəmizdə elektrik enerjisinin istehlakında qənaətə yol açacaq daha bir addım atılıb. Belə ki, Prezident İlham Əliyevin 1 may 2025-ci ilk tarixində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiqləyib. 
 

Həmin sənədə görə, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının Azərbaycan Respublikasında istifadəsi mərhələli şəkildə qadağan edilir.


Yəni Sovet dövrünün işıqlandırma planı olan QOELRO gündəmə gələndən ellikcə insanlara “İliç lampaları” kimi təqdim və təbliğ olunan közərmə lampaları artıq tarixə qovuşacaq. Çünki onlar öz texniki imkanlarına görə daha çox enerji istehlak edir və əsas məqsədi işıqvermə olsa da, ancaq istiliyə daha çox meylliliyi ilə tanınıb. Bir növ indiki zamanla artıq çoxdandır ayaqlaşa bilmir.

Dövlət başçısının imzaladığı sənəddə görə, aşağıdakı tarixlərdən közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan olunacaq:

2026-cı il 1 yanvar tarixindən 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları və 2026-cı il 1 iyulundan 25 Vt-dan 60 Vt-a qədər gücə malik olan közərmə lampaları.

Onu qeyd edim ki, közərmə lampalarının ləvğinin enerji effektivliyi məsələsinə birbaşa təsiri olan məsələdir. Mən bununla bağlı beynəlxalq təcrübəni araşdırarkən Avropa İttifaqında bu yöndə ilk addımların XXI əsrin əvvəlində atıldığını müşahidə etdim, amma praktikada reallaşması təqribən 10 ilə yaxın zaman tələb edib və 2012-ci ilin sentyabrında yekunlaşıb.

Biz bu baxımdan bir xeyli vaxt itirmişik, amma gərək bundan sonrasını elə edək ki, enerji effektivliyi məsələləri insanların həyat və məişətinə daha sürətlə daxil olsun. Çünki bunun təsir gücü həm vətəndaşlara, həm də dövlətə kifayət qədərdir.

Bizim.Media

Chosen
0
bizim.media

1Sources