EN

“2029-cu ildə neft-qaz sektorunun payı 20.6 faizə qədər azalacaq” – Bədbin proqnoz

“Bunu artıq Azərbaycan hökumətinin ilkin proqnozlarında görürük. Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyinin göstəriciləri əsasında, 2029-cu il də daxil olmaqla, onilliyin sonuna qədər ölkə iqtisadiyyatının hansı istiqamətlə getməsinə dair sənəd hazırlayıb. O sənəddə göstərilir ki, ümumi daxili məhsulda (ÜDM) 2029-cu ildə neft-qaz sektorunun payı 20.6 faizə qədər azalacaq”.

Bu sözləri "Yeni Sabah"a neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

O əlavə edib: “Ötən 5 ildə bu rəqəm 40 faizin altında idi. Ondan əvvəl iqtisadiyyatda enerji sektorunun xüsusi çəkisi 60 faiz civarında olub. Yəni həm həcmin, həm ixracın, həm də qiymətlərin azalmasını görürük.

Tutaq ki, 2010-2015-ci ilə qədər olan dövrdə, Azərbaycan neftinin orta ixrac qiyməti, 98 dollar olub. Həmin dövrdə illik 45-50 milyon ton neft hasil edilirdi. Əgər 2016-2020-ci illərə nəzər yetirsək, 70 dollara qədər ucuzlaşmanın olduğunu demək olar.

2020-2024-cü illərdə isə qiymət aşağı düşərək, 60 dollar ətrafında olub. 2010-cu il Azərbaycanda neft hasilatının pik səviyyə olub.

Ondan sonra həm hasilat həcmi, həm də orta qiymət azalıb. Qiymətin azalması eyni zamanda milli gəlirin azalması deməkdir.

Oxucular üçün bir maraqlı göstərici də deyim: 2011-ci ildə Azərbaycanın neft-qaz gəlirlərinin pik dövrü olub. Neft Fonduna gəlir hissəsi 19.9 milyard dollar təşkil edib, bu məbləğin 19.4 milyardı “Azəri-Çıraq-Günəşli”nin payına düşüb.

İndi gəlin cari ilə nəzər yetirək. Hazırkı qiymətlə “Azəri-Çıraq-Günəşli”dən gələn gəlirlərin 4 milyard dollara qədər azalması proqnozlaşdırılır. Ümumən Neft Fondunun gəlirləri təqribən 5 milyardan bir qədər çox olub. Yəni faktiki olaraq, 4 dəfəyədək azalma müşahidə edilir.

Hökumət bu azalmanı labüd kimi qəbul edir. Doğrudur, neft-qaz sektorunun 2029-cu il üzrə ÜDM-dəki payı 20.6 faiz olaraq qəbul edilir, amma ola bilsin, 20 faizdən də az oldu. Çünki bilmirik ki, həmin il qlobal bazarlarda hansı qiymətlər olacaq”.

Ekspert qeyd edib ki, Azərbaycan hazırda Çin modelinə daha çox meyillidir:

“Digər tərəfdən, hökumət vergi və gömrük yığımlarının və iqtisadiyyatda fəal iştirak edən insanların sayının artırılması hesabına qiymət enişini ört-basdır etmək istəyir. İlkin proqnozda dövlət müəssisələrinin özəlləşdirilməsindən gələn gəlirlər 5 il ərzində faktiki olaraq kiçik bir səviyyədir. Dövlət yenə də öz gücünü dövlət sektoruna, onların gəlirlilik səviyyəsinin artımına, Azərbaycandan kənardakı bazarlardan qazanc əldə etməsinə şərait yaradacaq. Bu baxımdan, 2 qurum yaradılıb ki, dövlət sektorunda müəssisələrin qazancının artırılması mənfəətinin və büdcəyə ödənişlərinin artımına nəzarət etsin.

Azərbaycanda Dubaydakı kimi özəl sektor, özəl sektorun payının kifayət qədər artması yaxın onilliyin sonuna kimi real görünmür. Hökumət hesab edir ki, əlində olan qurumların effektivliyini artırsın, daha çox qazana bilsin, nəinki MMC, yaxud kiçik sahibkarlığı inkişaf etdirsin.

Dünya kapitalizminin inkişafına baxanda, görürük ki, məhz insanların həyat səviyyəsinin artırılması, dövlətin sosial yükünün azalması və bazar iqtisadiyyatında daha çevik qərarların verilməsində orta və kiçik biznesin xüsusi çəkisi kifayət qədərdir. Ancaq Azərbaycanda daha çox Çin modelinə meyil edilir”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
0
yenisabah.az

1Sources