EN

TEKNOFEST ilk dəfə KKTC-də keçirilib

BAKI, TurkicWorld

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST, 1–4 may 2025 tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilərək böyük coşquya səbəb olub.

TurkicWorld xəbər verir ki, Lefkoşadakı Köhnə Ercan Hava Limanında baş tutan festivalda 225 minə yaxın ziyarətçi iştirak edib.

Dörd gün davam edən TEKNOFEST KKTC-də müxtəlif texnologiya yarışmaları, sərgilər, uçuş nümayişləri və təcrübə sahələri təşkil olunub.

Festivalda Türk Ulduzları, SOLOTÜRK, Bayraktar Akıncı, TB2, Hürkuş kimi hava vasitələrinin uçuş nümayişləridə olub.

Festivalın üçüncü günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST-ə qatılaraq əsas səhnədə çıxış edib.

“Şimali Kiprin dörd bir yanında yüksələn əsərlərimizlə əsrlər boyunca burada olmağa davam edəcəyik”- deyə Ərdoğan bildirib.

Ərdoğan texnologiya yarışlarında birinci olan gənclərə mükafatlarını təqdim edib və TEKNOFEST-i “bir millətin, iki dövlətin, tək qəlbin ortaq gələcəyinə doğru atdığı qətiyyətli bir addım” kimi dəyərləndirib.

4 mayda keçirilən bağlanış mərasimi böyük maraqla qarşılanıb. Tədbirdə Türkiyə prezidentinin müavini Cevdet Yılmaz, KKTC Prezidenti Ersin Tatar, KKTC Baş naziri Ünal Üstel, Baykar rəhbəri Selçuk Bayraktar və Türkiyə Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır iştirak ediblər.

Selçuk Bayraktar çıxışında TEKNOFEST-in bir “oyanış hərəkatı” olduğunu vurğulayıb.

“Bu yol asan deyil, qarşıda maneələr olacaq, amma biz əsla dayanmayacağıq. Bu birlik ruhunun yeni ünvanı İstanbul olacaq”- deyə o bildirib.

Nazir Mehmet Fatih Kacır isə KKTC-nin “izləyən yox, istehsal edən” bir texnologiya mərkəzinə çevrildiyini bildirib.

Cevdet Yılmaz mərhum Özdemir Bayraktarın ruhuna ehtiramını ifadə edərək, TEKNOFEST-in ideya müəllifi Selçuk Bayraktara və bütün təşkilatçılara təşəkkür edib.

“Biz Türk millətinin ayrılmaz parçasıyıq. Bu festival bütün Kipr Türk xalqı üçün qürur mənbəyidir”- deyə bağlanış mərasimində son çıxışı edən KKTC Prezidenti Ersin Tatar vurğulayıb.

Chosen
0
turkic.world

1Sources