EN

248 nömrəli məktəbin müəllimindən təqdirəlayiq addım – MÜSAHİBƏ

Bu gün bir çox müəllim musiqi, rəsm, texnologiya kimi dərslərdə şagirdlərə test işlədir, adıçəkilən fənlərə ara dərs kimi yanaşır. Hətta lisey müəllimləri belə, bildirir ki, valideynlər də övladlarının yalnız əsas fənlərə yönəlməsini istəyir.
Lakin Binəqədi rayonunda yerləşən, Nizami-Nərimanov adına 248 nömrəli məktəbdə 15 ildir ibtidai sinif müəllimi kimi çalışan, ziyalı ailəsində doğulan Mətanət Həsənova şagirdlərinə əsas fənlərlə yanaşı digər, humanitar fənnləri sevdirərək, onları ekskursiyalara aparır.

Mətanət Həsənova və şagirdləri ilə “Atəşgah” məbədində tanış olduq. Orada fəaliyyət göstərən Pəri miniatür məktəbini də ziyarətə gələn şagirdlər böyük həvəslə öz çəkdikləri rəsm əsərlərini rəssam Pəriyə göstərir, ondan nələrsə öyrənməyə çalışırdılar. Rəssam Pəri isə minuatür sənətinin tarixindən, incəliklərindən böyük sevgi ilə danışır, şagirdləri bilgiləndirirdi.

Tribunainfo.az-a müsahibə verən müəllimə Mətanət Həsənova bildirib ki, rəsm, texnologiya, musiqi kimi yaradıcı fənnlər şagirdlərin dünyagörüşünü daha da zənginləşdirir.

-Şagirdlərdə humanitar fənlərə sevgini necə aşılayırsınız?

-Əsas, təməl biliklərlə yanaşı, şəxsiyyətin formalaşmasında önəmli rol oynayan, təfəkkürün inkişafına xidmət edən yaradıcı işlərlə, şagirdlərimə faydalı olmağa çalışmışam. Mən uşaqlığımdan yola çıxaraq, düşünmüşəm ki, şagirdlərimin rəngli bir uşaqlıq dövrü keçirməsi üçün mütləq onların təfəkkürünü inkişaf etdirən sahələrə də yönəltmək lazımdır. Hər bir sahədə yaş qrupuna uyğun mövzular seçmişəm. Şagirdləri dərslərdəki mövzulara uyğun görüşlərə, ekskursiyalara aparmış, layihə işləri təşkil etmişəm. Faydasını da görmüşəm. Düzdür, əgər sinifdə 30-35 şagird varsa, onların hamısı dəqiq elmlərə meylli olmur, bunun da səbəbi var. Çünki hər bir şagirdin analitik qabiliyyəti fərqlidir. Şüuraltı informasiyanın tətiklənməsi hər bir şagirddə fərqlidir. Düşünmüşəm ki, bunları bacarmayan şagirdləri cəmiyyətimizə necə yararlı, faydalı şəxs kimi qazandıra bilərəm. Mən özüm də uşaqlıqdan incəsənəti sevmişəm. Müəyyən bir zamanda, ətrafımda demək olar ki, incəsənətin bütün sahələrindən, hətta arzu etdiyim fəlsəfə belə onun içində olmaqla insanlarla əhatələndim. Çox arzuladığım, əlçatmaz görünən şeylər çox rahatlıqla həyatıma girdi. Mən bundan ruhsal olaraq faydalandım, qidalandım. Həyatıma uşaqlıqda ala bilmədiyim rəngləri qatdım. Çünki uşaqlığımı boz xatırlayıram.

-Ziyalı ailədə doğulmağınıza baxmayaraq boz rəngli uşaqlıq dövrü keçmisiniz. Səbəbi nədir?

-Səbəbini özüm tapmışam. Ehtiyac görmədən bir uşaqlıq dövrü yaşamışam. Ziyalı ailədə doğularaq, hər bir şeyim təmin olunub. Amma nədənsə uşaqlığımı boz xatırlayırdım. Orta məktəbi Qızlar Gimnaziyasında təhsil almışam. Həmin dövrdə, 1990-cı illərdə bizi hər həftə dərsdən əlavə ölkəmizin müxtəlif tanınmış şəxsləri ilə görüşdürürdülər. Onların içində hər bir sahənin insanı var idi. Aşbazından tutmuş, şairi, yazıçısı, din xadimi hər bir sahəyə müraciət olunurdu. Biz o şəxsləri dinlədikcə bir parçamızı orada tapırdıq və onlar kimi olmaq istəyirdik. Onlar bizə motivasiya idi. Təbii ki, hər birimizin içində müxtəlif, özümüzün də bilmədiyimiz potensiallarımız var idi. Hansı potensial bizdə daha çoxdursa, onu tətikləyə bilirik. Elə bu baxımdan da özümdə bu rənglər çatışmadığından düşündüm ki, müəllim olmaq istəməsəm də mən bu şagirdlərə necə faydalı ola bilərəm. Başladım onların həyatına rəng qatmağa. Mənə elə gəlir ki, bunu bacardım.

-Bəzi məktəblərdə, elə mənim qızımın oxuduğu məktəbdə də texnologiya dərsində müəllim tapşırığı evə verir, kim hazırlamadısa, aşağı qiymət alır. Sinifdə texnologiyadan nadir halda nəsə hazırlayırlar. Uşaq da aşağı qiymət almasın deyə, bütün valideynlər tapşırığı özü edir. Siz bu fənləri necə icra edirsiniz?

-Biz hər dəfə görüşə, ekskursiyaya gedəndə, layihə hazırlayanda 15 dəqiqə bu barədə müzakirə aparırıq. Görürəm ki, çox gözəl təəssüratlar var. Hətta uşaqlar valideynlərindən daha ağıllı, analitik analizetmə qabiliyyətindədirlər. Çünki biz hər bir dərsdə, keçdiyimiz mövzuya uyğun olaraq geniş araşdırmalar aparırıq. İdman dərsini belə, maraqlı, oyunlar halında edirik. Məntiq oyunları, eşidib anlama ilə bağlı oyunlar edərək çalışıram ki, uşaqların yaddaşının formalaşmasına da təkan vermiş olum. Müxtəlif növ idman dərslərimiz olur. Həm əzələlər inkişaf edir, həm də şagirdlər oyun halında olduğu üçün dərsi sevmiş olur. Şagird bu zaman həm zehinsəl, həm bədənsəl, həm də əzələ olaraq inkişaf edir. Texnologiya, təsviri incəsənət, musiqi dərsləri də incəsənətə bağlı dərslərdir. Çalışıram ki, burada da mövzuları inteqrasiya edim. Uşaqlara aydın olmayan bir sözü araşdıraraq esse şəklində evə tapşırıq verirəm. Beləliklə, şagirdlər bilmədikləri sözləri öyrənmiş olur. Mənim özüm belə, zaman-zaman şagirdlərdən yararlanıram. Çünki elə informasiyalar var ki, onlar müasir dövrə aiddir. Bizim dövrümüzdə o məlumatlar olmayıb. Və mən şagirdlərimə həmişə təşəkkür edirəm ki, onların sayəsində yeni məlumat öyrəndim.

-Müəllim olmaq istəməmisiniz ancaq şagirdlərə böyük sevgi ilə peşənizi sevərək dərs deyirsiniz. Bəs özünüzü hansı sahədə görürdünüz?

Uzun illərdir ki, məktəbdənkənar fəaliyyətim də var. Mən ibtidai sinifdə oxuyanda müəlliməmiz bizə sual verdi ki, “hansı sənətin sahibi olmaq istəyirsiniz?” O zaman mən dedim ki, aktrisa olmaq istəyirəm. O dövr üçün aktrisa olmaq nə qədər ağıla uyğun olmayan bir şey idi. Ziyalı və savadlı ailədə böyüməyimə baxmayaraq, ailəmdən və sinif yoldaşlarımdan mənə reaksiya çox qəribə olmuşdu. Çünki hamının təsəvvüründə qız uşağının aktrisa olması sanballı sayılmırdı. Mən artıq 5-ci sinifdə oxuyarkən, məktəbin dərnəklərində, rəqslərdə, tamaşalarda, tədbirlərdə çıxış edirdim və seçilirdim. Hətta o vaxt Nəsiminin qəzəlini o qədər gözəl deyirdim ki, Təhsil İdarəsi səsimi dərs nümunəsi kimi yazmışdı. O vaxt xareoqrafiya məktəbində də oxumuşam. Müxtəlif dərnəklərə, xora gedirdim. Şagirdlərimlə söhbət edərkən bu barədə danışıram ki, arzularıma çatmışam hər bir yöndən. Amma zaman keçdikcə fərqinə varmışam ki, bu mənim təlabatı deyilmiş. Sonradan dərk etmişəm ki, önəmsiz bildiyim yolda, önəmli yerlərə gəlib çatmışam. Çünki düzgün arzulamışam. Hər, zaman xəyal qurmuşam. Ruhuma doğru hər zaman bədənim dartınıb.

Söhbətləşdi: Dəniz Pənahova

Chosen
0
tribunainfo.az

1Sources