EN

Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyənin dörd şəhərində mütəşəkkil cinayətkarlığa qarşi keçirilən əməliyyatlarda 71 nəfər saxlanılıb, onlardan 43-ü həbs edilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Dənizli, İzmir, Kırklareli və İstanbul vilayətlərində 6 ayrı mütəşəkkil cinayət qrupuna qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini açıqlayıb.

Nazirin sosial media hesabında paylaşdığı məlumata görə, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyası ilə həyata keçirilən əməliyyatlar nəticəsində 71 şübhəli saxlanılıb, onlardan 43-ü barəsində həbs qərarı çıxarılıb. 14 nəfər məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb, digər şübhəlilərlə bağlı hüquqi prosedur davam edir.

Əməliyyatlar çərçivəsində mütəşəkkil cinayətkar təşkilatlara rəhbərlik edən şəxslərdən bəzilərinin ölkə xaricinə qaçdığı, birinin isə xaricdə həbs edildiyi qeyd olunub. Saxlanılan şəxslərə qarşı insan alveri, qəsdən adam öldürməyə cəhd, silahlı basqın, dələduzluq, narkotik vasitələrin dövriyyəsi, kredit alveri və silah qaçaqmalçılığı kimi ağır cinayət ittihamları irəli sürülüb.

Qeyd edək ki, əməliyyatlar Respublika Baş Prokurorluğunun rəhbərliyi və KOM Baş İdarəsinin koordinasiyası ilə yerli təhlükəsizlik idarələrinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölmələri tərəfindən həyata keçirilib. Nazir Ali Yerlikaya uğurlu əməliyyata görə prokurorluq və polis əməkdaşlarını təbrik edib.

Chosen
0
turkic.world

1Sources